Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc şair Seyid Aynurun “Lal gəmilər” şeirlər kitabının təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, kitaba şairin şeirləri ilə yanaşı, esseləri də daxil edilib.
Tədbirdə çıxış edən AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli Seyid Aynuru istedadlı şair kimi xarakterizə edib və onun əsərlərini bədii cəhətdən yüksək qiymətləndirib.
Tanınmış şairlər Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə, şair-publisist Narıngül Nadir, yazıçı Qurban Yaquboğlu çıxış edərək şeir və esselər haqda fikirlərini bildirib, müəllifə yeni uğurlar arzulayıblar. Kitabın “Ön söz” müəllifi, tanınmış ədəbi-tənqidçi, professor Vaqif Yusifli çıxışında “Lal gəmilər” şeirlər kitabında yer alan şeirlərin məziyyətlərindən danışıb.
“Lal gəmilər” müəllifin oxucularla ilk görüşüdür. Kitabdakı poeziya nümunələrində Qarabağ savaşı və onun insanların taleyinə gətirdiyi itki və mənəvi iztirabları olduqca dolğun təsvir edən müəllif Allaha sığınmaqla bir növ bütün əziyyətlərdən qurtulmaq istəyir, son nəticədə kədər göz yaşları qüdrətli ordunun yaşatdığı qələbə sevincinə qarışıb yoxa çıxır.
Seyid Aynur 1987-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq, eləcə də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. "Ulduz" jurnalı, “Kaspi”, “Ədəbiyyat” və “525-ci qəzet”lərində şeir və esseləri dərc olunub. 2018-ci ildə Türkiyədə nəşr olunan Azərbaycan ədəbiyyatı antologiyasında şeirləri dərc olunub.