16 Yanvar 12:09
2 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nəzakət Teymurova “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nəzakət xanım, yenidən “Leyli və Məcnun” tamaşasında Leyli obrazında tamaşaçıların görüşünə gəldiniz. Nə az, nə çox altı ildən sonra... Bu, Opera və Balet Teatrına qayıdışınız anlamına gəlir?

- Bəli, qayıtdım. Ötən ilin sentyabrından yenidən teatrın solisti kimi fəaliyyət göstərirəm.

- Bu, öz istəyiniz idi, yoxsa teatrın direktoru Yusif Eyvazov sizi dəvət etdi?

- Yusif müəllim sənətə, sənətkara qiymət verən insandır. Bir neçə ifaçı var ki, onları yenidən Opera və Balet Teatrına qaytarıb.

- Kimləri?

- Araşdırsanız özünüz də görəcəksiniz. Aralarında vokalistlər var, xanəndə sektorundan isə mənəm.

- Qayıdışdan sonra ilk olaraq Leyli obrazını canlandırdınız. Bunun xüsusi önəmi varmı?

- Teatrda “Aşıq Qərib”, “Gəlin qayası”, “Koroğlu”, “Natavan” və digər opera tamaşalarında çıxış edirəm. Təxmini 7-yə yaxın rolum var. Teatrın solisti kimi repertuarda üzərimə hansı rolu ifa etmək düşürsə onu da canla-başla edəcəm.

- Sizin Mənsum İbrahimovla duetiniz, yəni Leyli və Məcnununuz hər zaman çox sevilib, tamaşalarınız anşlaqla keçib. İllərdən sonra tamaşaçıları Leyli ilə salamlamaq necə hiss idi?

- Çox sağ olun, amma o hissi izah etmək çox çətindir. Bu barədə qısaca sosial şəbəkədə də yazmışdım. Bir neçə ildən sonra Leylinin libasını geyinib, ruhunu ruhuma hopdurdum.

Bu dəfə də bilet tapılmadı və yenidən tamaşaçıların xahişi ilə fevral ayının 4-nə təyin olundu. Bildiyim qədər onun da əksər biletləri satılıb. Xoşbəxt insanam ki, bu cür tamaşaçı sevgisi qazanmışam, xanəndəlik sənəti ilə onlara özümü ifadə edə bilirəm.

- Siz o zaman teatrdan gedəndə səbəbinizdən ən mühümü estafeti gənclərə ötürməniz idi. Deyirdiniz, yeni Leylilər, Məcnunlar yetişməlidir. Sizin yenidən Leylini canlandırmağınız birmənalı qarşılanmadı və hətta teatrda yeni Leylilər, Məcnunlar yetişdirilmirmi fikrini gündəmə gətirdi. Siz necə düşünürsünüz?

- Bu, ustad tamaşasıdır. Bilirsiniz, mən hər gün tamaşa oynamıram, ayda-ildə bir dəfə səhnəyə çıxıram. Ümumiyyətlə, teatrda əksər tamaşaları gənc nəsil oynayır, hazırda orda gənclərə çox üstüklük verilir. Yusif müəllim bir çox gənc ifaçıları Opera və Balet Teatrına cəlb edib. Bu yaxınlarda Məcnun rolunda gənc xanəndə Xəyal Hüseynov səhnəyə çıxdı. “Əsli və Kərəm”də Kərəmi gənc ifaçı Məhəbbət Səfərov ifa etdi. Yəni Yusif müəllim çox gəncləri belə mühüm operalarda əsas rollara təyin edib.

Mən gənc olanda Arif Babayevi, Səkinə İsmayılovanı, Qəndab Quliyevanı, Alim Qasımovu səhnədə görmüşəm. Bizim nəsil o ifaçıları görə-görə, bu rolları onların simasında, ifasında sevə-sevə bu sənətə gəlib və onların təcrübəsindən həmişə yararlanmağa çalışıb. Ustadlarımızı göz-bəbəyimiz kimi qorumalıyıq.

Təbii, hər dövrün öz ifaçıları var. Yaxşıdır ki, gənc ifaçılarımız ustadlarını görüb onlardan şövq alır və öz karyeralarını qurmağa çalışırlar. Bizə gözəl ifaçılar lazımdır.

- Nəzakət xanım, gənc nəsilin potensialını necə qiymətləndirirsiniz? Xanəndəlik sənəti ilə məşğul olmaq bir ayrı, teatrın səhnəsində çıxış etmək tamam başqa... Bir dönəm teatrın müəyyən tamaşalarına xanəndələri dəvət edirdilər. Onlar da bir, yaxud iki dəfə ifa edib dayanırdılar.

- Bu işlər bir, yaxud iki ifa ilə olmur. Zaman keçməlidir, xanəndə Operanın tozunu uda-uda, rolları içdən oynayaraq yetişməli, püxtələşməlidir. İllər öncə ifa etdiyim rolları indi bəyənmirəm. Zaman keçdikcə onu hiss edirsən, Üzeyir Hacıbəyovun, Füzulinin nə demək istədiyini anlayırsan, muğamların keçidlərini, şeiriyyəti başa düşürsən... Bunlar da zamanla olur, insan zamanla püxtələşir.

O baxımdan indiki gəncləri yüksək qiymətləndirirəm. Dediyim kimi, hər dövrün öz ifaçıları olur. Nə xoş bu sənətə... Hər şeyi tamaşaçı müəyyən edir. Çünki heç kimi məcburi o teatra aparmaq olmaz. Tamaşanı məhz tamaşaçı canlı saxlayır.

Bayaqkı sualınıza cavab olaraq onu da deyim ki, gənc nəsil yetişir. Bu gün səhnədə bir neçə Leylilər, Məcnunlar var.

- Bildiyim qədər Leylini Rəvanə Əmiraslanova, Arzu Əliyeva ifa edir. Kamilə Nəbiyeva da hazırlanırdı.

- Bəli, onlar hazırdırlar. Burda tamaşaçı faktoru önəmlidir. Bu rolları sevdirmək, insanların ruhuna toxunmaq lazımdır. Mən o vaxt Alim Qasımovla Səkinə İsmayılovanın ifalarını dinləyirdim və çalışırdım ki, nəsə edim. İndiki ifaçılar da baxıb, öyrənməlidirlər.

Tamaşanın nümayiş günü Rəvanə bütün gün yanımdan ayrılmadı, görürəm ki, onlar da görüb götürmək istəyirlər. Biz ayda-ildə bir dəfə tamaşa oynayırıq, amma əsas estafet gənc nəsildədir, onlar var və olacaqlar.

- Gənc solistlərə ən çox nəyi məsləhət görürsünüz?

- Bu sənətdə çox əziyyət çəkmək lazımdır. Mənim səsim var deyib kifayətlənməməlisən. Onu cilalamaq, teatr səhnəsinə, ifa etdiyin obrazlara uyğunlaşdırmalısan. Bu gün ifa etdiyini bəyənib özünə aşiq olmamalısan.

Tövsiyəm odur ki, həmişə axtarışda olsunlar, öz üzərilərində işləsinlər. Sənət aləmində eqo çoxdur. Buna aldanmasınlar. Zəhmət ən gözəl lütfdür. Zəhmət çəkirsənsə gələcəkdə onun bəhrəsini görəcəksən. Bir də bu sənət məsuliyyəti çox sevir.

Mən teatra gələndə 6- 7 saat məşq edirdim, onun nəticəsini, bəhrəsini tamaşaçı sevgisi, doğmalığı ilə hiss edirəm. Tamaşaçı sənə qiymət verir. İnanın, oxuyanlar var ki, operada qəbul olunmur. Bu sevgini qazanmaq böyük xoşbəxtlikdir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər