20 Avqust 09:36
2 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəssam üçün muzeydə olan geyimlər kimi “Azərbaycanfilm”də olan geyimlər də önəmlidir. Sovet hökuməti dağılandan sonra təəssüf ki, baxımsızlıqdan bəzi geyimləri xilas etmək mümkün olmadı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar rəssam Mehriban Əfəndi deyib.

Onun sözlərinə görə, o vaxtın filmlərindəki geyimlərin materialları, təbii rəngləri o qədər keyfiyyətli idi ki, bəzilərindən indiyə kimi istifadə etmək mümkündür.

“O geyimlərin parçaları çox yaxşıydı. İndi biz həmin parçaları tapa bilmirik”.

Əməkdar rəssam qeyd edib ki, Azərbaycan milli geyimlərinin təbliğatında filmlərimizin özünəməxsus yeri var.

“Vaxtilə mən Natella Kərimova ilə birgə “Azərbaycanfilm”in geyimlərindən ibarət bir kolleksiya təşkil etdik. Orda filmlərimizdə istifadə olunan və günümüzə qədər qalan geyimləri sərgilədik. Çox böyük maraqla qarşılandı. Və ardınca milli geyimlərdən ibarət öz müəllif kolleksiyamı təqdim etdim. Geyimlərimiz böyük fəlsəfədir, onlar özüylə informasiya daşıyır. O dövrdə ağla- qara geyimləri daha yaşlı qadınlar istifadə edirdi, gənclər isə al-əlvan rənglərə üstünlük verirdilər. Bu gün milli geyimlərimizə böyük maraq var. Düşünürəm ki, festivalın olması çox yaxşı olardı. Bir rəssam kimi arzum budur ki, filmlərimizdə milli geyimlərimizdən tez-tez istifadə edək. Çünki dünyaya öz mədəniyyətimizi nümayiş etdirmək çox önəmlidir”.

Qeyd edək ki, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın milli geyimlərinin təbliği - Ənənədən gələcəyə" adlı layihəni həyata keçirir. Məqsəd Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfimizdir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər