1936-cı ildə Azərbaycan və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu “Akşam” qəzetinə müsahibə verib. Evində onu ziyarət edən jurnalistə Əhməd bəy çar Rusiyası dövründə haqqında çıxarılan ölüm fətvasından, Parisdə tanış olduğu məşhur şəxslərdən, ilk məhəbbətindən, eləcə də İttihad və Tərəqqi üzvləri ilə arasında olan münaqişələrdən bəhs edib. Teleqraf.com Ağaoğlunun bioqrafiyasının zənginləşməsinə xidmət edən bu müsahibəni təqdim edir:
***
“Ağaoğlunun töküləcək qanı halaldır”
Ihlamurda köhnə, taxtadan bir köşkün ziyarət otağı... Üstü yazılı əntiq gümüş bir sininin üzərində bir vaz, rəngarəng xrizantemlər, çöldə tut ağacları ilə dolu bir bağça... Divarlarda nadir hind qumaşları... Ustad Ağaoğlunun qardaşının kiçik qızı “Aha, dayım oyandı... Haradan anladım, bilirsinizmi? Evdə uca səslə danışılır. Dayım yatarkən heç bir səs olmaz” dedi.
Bir müddətdən bəri xəstə yatan ustad, həqiqətən oyanmışdı. Vizitkartımı yuxarıya apardılar. Bir az sonra böyük fikir adamı Ağaoğlunun yatağının baş ucunda idim. Kiçik, dar, bəyaz bir çarpayıda yatırdı. Yanında üç şüşə mədən suyu...
Ustadın 67 illik həyatındakı xatirələrini heç olmasa quşbaxışı dinləməyi xahiş etdim. Başına gələn böyük hadisələri, ölüm təhlükələrini, ilk sevgisini, beynəlmiləl şöhrəti olan böyük adamları necə tanıdığını soruşdum. Ağaoğlu:
- Ölüm təhlükəsimi? Çox olub. Gəncliyimdə Rusiyada qəzet çıxarırdım. Bir çox şəxslərə qarşı altı cəbhədə vuruşurdum. Mücadilə etdiklərim arasında “Əxi” və “Ömər” təriqətlərinin başında olan fanatiklərə qarşı da dəhşətli, atəşli məqalələr yazırdım. Bir gün qəzetlərdə müfti tərəfindən belə bir fətva verildiyini oxudum: “Ağaoğlunun töküləcək qanı halaldır”. Vəziyyəti təsəvvür edirsinizmi? Bu fətvadan sonra arxamda əlisilahlı adamlar dolaşırdı. Mütləq şəkildə mənim tökülməsi halal olan qanımı bir an əvvəl axıtmaq istəyirdilər. Bu fətvanın hökmü altı ay üstümdə qaldı. Evdən çıxa bilmədim. Altı ay sonra fətvanı ləğv elədilər. Mən də evdən çıxa bildim.
“Atatürkün əmri ilə mənə 300 lirə göndərdilər”
- Həyatınızda heç ac qaldınızmı? Səfalət çəkdinizmi?
- Ac qaldım... Malta yoldaşlarım bilirlər... Maltada ikən olduqca pulsuzdum. İlyarım ərzində gündə iki yumurta ilə nəfsimi tuturdum. Gündə bu iki yumurtanı tapmadığım zamanlar da çox olurdu. Hətta Maltadan qayıtdıqdan sonra da çox səfalət içərisində idim. Evim yanmış, ailəm pərişan olmuşdu. Ankaraya gedəcək pulum yoxdu. Yolpulu olaraq Atatürkün əmri ilə ozamankı maarif naziri Həmdullah Sübhi mənə 300 lirə göndərdi. 250 lirəni ailəmə verdim, 50 lirə ilə Ankaraya gedə bildim.
“Mopassan “bir türklə tanış olduğum üçün şad oldum” dedi”
- Tələbəlik zamanınızda... Məsələn, Parisdə?
- Sizə qəribə bir şey söyləyim. Mən Parisdə tələbəlik zamanımda özümü dolandırmaqdan əlavə pul da qazanırdım. Görün, necə. Atam Rusiyadan mənə ayda 40 rubl göndərirdi. Bu pul ilə Parisdə dolanmağım imkansızdı. O zamanlar “Kollej dö Frans”da tələbə idim... Müəllimim, məşhur mütəfəkkir Renan o zamanlar “İslam və elm” adlı bir risalə nəşr etmişdi. Professor Ceyms adlı bir başqa müəllimim də bu risalə haqqında fikrimi yazmağını mənə söylədi. Yazdım, professor Ceymsə verdim. Renan bir gün dərsə gəldi. Renanın dərs dediyi günlər Parisin elm və fikir aləmində, adətən, bir hadisəyə çevrilirdi. Renanın dərs günlərində kollecin qarşısında saysız-hesabsız landonlar düzülürdü. Parisin ən böyük zadəgan mühiti onun dərsinə qulaq asmağa gəlirdi. Bizə “Yəhudilik və xristianlıq” dərsini verirdi. Dərs bitdiyi zaman Renan mənə “sən əyləş” dedi. Oturub gözlədim. Bir az sonra “arxamca gəl” dedi. Təqib etdim. Kollecin yuxarısında qalırdı. Bir otağa girdik. Cibindən bir xeyli kağız çıxardı. Baxdım. Mənim onun risaləsinin əleyhinə yazdıqlarım. Təəccübləndim. Renan “yazınızı fövqəladə bəyəndim, bunu nəşr edək” dedi. “Aman” dedim, “məşhur böyük ustad Renan əleyhinə bir uşağın kəkələmələri...”. “Elmdə belə şey olmaz... Boş təvazökarlıq göstərməyin. Bunu bütün hallarda nəşr edəcəyik” dedi. Əyləşib bir məktub yazdı. Bunu “Boulevard des Italiens”də yaşayan madam Adama aparın, o yazınızı qəzetində dərc edəcəkdir”. Renanın məktubunu götürdüm. Madam Adamın bulvardakı salonuna getdim. Salonunda ən məşhur artistlər, o zamanın məşhur mühərrirləri gözləyirdilər. Renanın məktubunu verən kimi ən əvvəl məni qəbul etdi. Madam Adam məni olduqca yaxşı qarşıladı. “Sizi təbrik edirəm, ustadın böyük iltifatına nail olmaq səadətinə çatmısınız. Bundan sonra daima yazılarınızı və toplantılarınız üçün də özünüzü gözləyirik” dedi. Madam Adamla beləcə tanış olduq. O zamanlar Fransanın ən zəngin qadını idi. Mən beləcə dünyanın ən böyük mühərrirlərinin, fikir adamlarının toplandıqları salona 21 yaşımda daxil ola bildim. Renan və madam Adam bütün tələbəlik həyatımda məni çox himayə etdilər. Madam Adamın məcmuəsinə yazı yazaraq pul qazandım. Bir axşam madam Adamın salonunda idik. Ən məşhurlar orada. Bir küncdə kristal bir bardaqda şampan içən yaraşıqlı bir adam gördüm. Kim olduğunu soruşdum. “Mopassan” dedilər. Məşhur Mopassan. Madam Adama: “Məni təqdim edin” deyə xahiş etdim. Madam Adam məni onun yanına apardı və təqdim etdi. Mopassan “bir türklə tanış olduğum üçün şad oldum” dedi. Ondan sonra məşhur Pasterlə, Pol Burje ilə, Tenlə tanış oldum. Hamısı da olduqca nəzakətli insanlardı. Xüsusən də, Paster çox təvazökar idi. Pol Burje o zamanlar olduqca yaşlı idi. Buna rəğmən çox gözəl geyinmişdi. Ten məni çox bəyəndi, “sizi evimə dəvət edirəm” dedi. Hər on beş gündə bir şənbə axşamları Tenin evinə gedərdim.
- İttihad və Tərəqqi rəisləri ilə necə tanış oldunuz?
- İlk təmasım Parisdə oldu. İlk olaraq Əhməd Rza və doktor Nazimlə tanış oldum. Əhməd Rza Parisdə böyük bir səfalət içərisində idi. Hətta bir sabah onunla rastlaşdım. Paltarları qırışmışdı. Gözləri narahat bir gecə keçirdiyini göstərirdi. Gözləri qızarmışdı. Soruşdum. “Ev kirayəsini verə bilmədim, ev sahibi məni evdən çıxardı, mən də Lüksemburq bağçasındakı yerlərdən birinin üstündə gecəni keçirdim, orada yatdım” dedi. Əhməd Rzanın Lüksemburq bağçasında yatdığı gecələr çox olmuşdur. Namuslu bir adam idi. O zamanlar onu əldə etmək üçün Əbdülhəmid bir ovuc pul təklif edirdi. Lakin o razı olmurdu. Sonra onu məşhur Klemanso və Parisdə sosialistlərin rəisi məşhur madam Jül Mişel himayə etdi.
- İttihad və Tərəqqidə ümumi mərkəzin üzvü olduğunuz zamanlarda cəmiyyətin böyükləri ilə mübahisə edirdinizmi?
- Çox. Ən çox da Ənvər və Camal paşalarla. Tələt paşa ilə, arabir də Ziya Gökalpla mübahisə edərdik. Bir dəfə Əhməd Rzanın üstündə müdhiş şəkildə dalaşdıq. Mərkəzi-ümumi, başda Camal paşa olmaqla Əhməd Rzanın çıxarılmasına qərar vermək istəyirdilər. Mən etiraz etdim. “Olmaz, bu işi quran bu adamdır, mən bu hərəkatın başında əvvəlcə onu tanıdım, onun çıxarılmasına necə qərar verə bilərəm” dedim. Tələt paşa bağıraraq “yaxşı, nə edək?” dedi. Hiddətimdən sanki gözümdən yaş gəlirdi. “Nə demək, nə edək? Onu çıxarmamaq üçün hər şeyi təcrübə edək. Məsələn, bir daha yanına gedək” dedim. Çünki o zaman Əhməd Rza bizə açıq şəkildə meydan oxuyurdu. Nəhayət, mənim etirazım üzərinə mərkəzi-ümumi münaqişələrdən sonra Əhməd Rzanın yanına bir heyətin göndərilməsinə qərar verdi. Heyətə mən də daxil idim. Əhməd Rzanı görmək üçün əyan məclisinə getdik. Əhməd Rza bizi qovdu. Bir dəfə də mərkəzi-ümumidə topal İsmayıl Haqqı paşa üçün “oğru” dediyim üçün böyük münaqişə və dava etdik. Fəqət ən çox davanı Ziya Gökalp edərdi. Mən onun Tələt paşa ilə dalaşdıqlarını bilirəm. Lakin kənarda Ziya Gökalp onları heç pisləməz, əksinə mədh edərdi.
“Yad qız alarsan, döşümdən əmdiyin süd irin olsun”
- Ustadım, ilk sevginiz bəs?
- O, çox şairanədir. Müəllimim professor Ceymsin bir kitabı üçün mühüm bir sənəd lazımdı. Bu vəsiqə də Londonda Britaniya muzeyində idi. Muzey idarəsi kimsəyə bu sənədin surətini çıxarmağa icazə vermirdi. Amma vəsiqəni oxumaq sərbəst idi. Pəhləvi dili ilə yazılmış bu sənədin surətini çıxarmaq üçün professor məni Londona göndərdi. Hər gün gedirdim, amma surətini almaq qadağan olduğu üçün sənəddən bir-iki sətir əzbərləyirdim. Pansionata qaçıb onları qeyd edirdim. Bu minvalla Londonda üç ay qaldım. Qaldığım pansionata bir gün sarışın, çox cazibədar bir amerikalı qız gəldi. Olduqca zəngin bir qız... O anda tanış olduq. Bir gün mənə “mən bir dostumla dünya səyahətinə çıxıram. Yalnızıq. İstədiyimiz qədər də pulumuz var. Mənimlə evlənərsinizmi?” dedi. Az qalsın evlənəcəkdim. Fəqət anamın Avropaya gedərkən “yad qız alarsan, döşümdən əmdiyin süd irin olsun” dediyi yadıma düşdü. Sizi əmin edirəm ki, bu söz Avropada iki dəfə evlənməyimə mane oldu. Bir dəfə də bir fransız qızını sevmişdim. Əlqərəz, uzun hekayələrdir...
Çölə qatı bir qaranlıq çökmüşdü. Ustadı çox yormadım.