24 Avqust 14:12
2 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli geyimlər Azərbaycanın mühüm sərvətlərindən biridir. Bu sərvətin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində Milli Azərbaycan Tarixi Muzeyi böyük rol oynayır.

Geyimlərimiz haqda silsilə yazılar hazırlayarkən öyrəndik ki, ölkəmizdə ən böyük geyim bazası məhz Tarix Muzeyindədir.

Muzeyin ekspozisiyasında milli geyimlər mütamadi sərgilənir.

Bu geyimlər haqda Teleqraf.com-a muzeyin “Etnoqrafiya elmi fond” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova danışır.

- Məşhur küləcə. Bu modeldəki Cənubi Azərbaycan bölgəsinə aid küləcədir. Ən qədim geyimlərimizdən biridir. Taylıtuman Quba bölgəsinə aiddir.

- Qarışıq modeldir?

- Bəli. Biz sadəcə burda ümumi kompazisiyanı yaratmağa çalışmışıq. Küləcəni Naxçıvan, İrəvan, Qərbi Azərbaycan, Təbriz, Qarabağ, Bakı-Şirvan, bir sözlə, hər yerdə geyiniblər. Hətta başqa adlarla türk dünyasında da istifadə edirlər.

Geyimin alt hissəsi cütbalaqdır, indiki yubka-şalvar deyilən geyim dəbi. Bizim nənələrimiz onu 19-cu əsr və ondan da qabaq geyinirdilər. Bunu dünyaya biz, eyni zamanda türk xalqları bəxş edib. Bu geyim başqırdlarda və digər türk xalqlarında da var. Onlar ken-bey–gen deyir, biz isə gen balaq, cüt balaq, taylıtuman adlandırırıq. Köçəri maldarlıqla məşğul olan əhali üçün bu, çox praktik geyim idi. Onu uzunboğaz çəkmənin içinə yığırdılar və rahatlıqla ata minib düşə bilirdilər.

Qadınlar hələm-hələm çarıq geyinmirdilər, onlar daha çox uzunboğaz çəkmədən, başmaqdan istifadə edirdilər.

Baş geyimi tərçək və örpək bütün qadınlarda olurdu, imkanı olanlar xara, zərxara örpək bağlayırdı, imkanı olmayanlar adi şal toxuyurdular. Cürbəcür baş geyimləri var idi. Köynək də bütün Azərbaycan üçün ümumi səciyyə daşıyırdı.

- Uşaqlar bələkdən çıxanda böyüklər öz geyindiklərini onlara da geyindirirdilər. Yəni böyük geyimlərinin kiçildilmiş forması uşaqlara tikilirdi. Sadəcə baş örtüklərində fərq var idi. Onların başına araqçın qoyurdular. Bu uşaq modelindəki çarpazlı çəpkəndir. Fikir verin, bu düymə ilə bağlanmır.

Baxın, eyni ilə bu modeldəki kimi... Çəpkən bütün Azərbaycanda, eləcə də türk dünyasında məşhur üst geyimdir. Çəpkən, küləcə türk etnik mədəni mühitini bir yerə toplayan, birləşdirən geyimdir. Bu modelin alt geyimi isə büzməli tumandır.

- Belə çıxır ki, modellərdəki geyimlərin rənglərini də özünüz uyğunlaşdırırsınız.

- Bəli. Fondun materiallarını bir yerə toplayıb uyğunlaşdırıb geyindiririk. Nənələrin nəyi olub geyiniblər. Zövqlü və imkanlı olanlar geyimlərində ətəklə, arxalıqla harmoniya yarada bilib. Fotoşəkillərin çoxunda nənələrimizin geyimləri qarışıqdır. Geyimlər əksər hallarda imkanlı ailələrdə dəst kostyum kimi olurdu, yəni ətək də arxalıq da eyni parçadan tikilirdi.

Baxın, burda ortadakı gəlin üçün kostyumdur. Ətək də arxalıq da eyni parçadandır. Qarabağ bölgəsinin geyimidir. Bu, Qarabağın nilufər qollu, zanbaq yaxa arxalığıdır. Zanbaq yaxa Osmanlı sarayından gələn dəb idi. Orda "Lalə dövrü" deyilən bir dövr olub. Hər şeyi laləyə bənzədiblər.

Bakı-Şirvan dəstinin arxalığıdır, ətək Qarabağa məxsusdur. Geyimlər həmişə çiyin geyimləri ilə seçilib. Ətəklər Naxçıvan və İrəvanda dizdən bir az aşağı olurdu. Onu da dar-balaq şalvarla geyinirdilər.

Naxçıvan və İrəvanda da uzun ətək geyinilirdi, amma elə bölgəsi var idi ki, orda gödək tuman geyinilirdi. Mən şəxsən bunu yallı rəqsinin geniş yayıldığı ərazilərlə əlaqələndirirəm. Çünki yallı rəqsini bu ətəklə oynamaq çətindir, amma qısa ilə çox rahatdır. Bakı-Şirvan geyimlərinin dördkünc yaxası, qolçaqlı qolu, ətəyi isə başqa bölgələrə nisbətən uzun olur.

Bu, Quba bölgəsinə aid geyimdir. Bakı-Şirvanla eyni modeldir, amma qolu düzdür, yaxa bir balaca hündürdür, ətək gödəkdir.

Uşaq geyimi olsa da böyük geyiminin əsasında yaranıb.

Bu, Qərbi Azərbaycan, Naxçıvan bölgəsinə aid geyimdir. Arxalıq modelidir, çəpkəndən törəmə geyimdir, bircə qolunun formasına görə seçilir. Bu modeldə düzdür, amma Qarabağ, Şirvanın çəpkənləri atmaqol idi. Modelin yaxasında döşlük var.

Döşlüyün, önlüyün bizə ruslardan keçdiyini düşünənlər var. Halbuki əksinə, bizdən onlara keçib. Mahmud Kaşğarinin divanında “partu bartu” ifadələri səslənib. Bizdəki partunu ruslar fartuk edib. Qazaxda etnoqrafik material toplayarkən eşitmişdim ki, yaşlı qadınlar həmişə fartukla gəziblər. Hətta onlar qəbirüstə gedəndə mütləq faktur bağlamalıydılar. Bu, inancdır.

Fartuklar ya iplə, ya da “belbağı” deyilən bəzək əşyası ilə bağlanırdı. Özü də qabaqdan bağlamırdılar, arxadan düymə yerinə fartukun ilgəyin keçirirdilər. Fartuk dəbdəbə nümunəsidir, imkanlı ailələr belə bağlayırdılar.

Qadınlar geyimlərə çoxlu bəzək-düzək vururdular. Bu gördüyünüz köynəyin kənarlarına düzülənlərə məcidiyyə deyilir. Köynəyin yaxasına vurulanlar qızıldandı. Bunlar qızıl pullar da olurdu. Kimin imkanı yox idi, zərgərə verib formasını çıxarıb köynəyinə taxırdı və bunlar lap əvvəllər gözmuncuğu kimi istifadə olunurdu.

Köynəyi həmişə ətəyin üstünə salırdılar deyə bədənə şər qüvvələrin dolması ehtimalı artırdı və bu kimi elementlərlə bədnəzərlərin qarşısını almağa səy göstərirdilər.

Sonralar bu anlayış aradan çıxsa da insanlar yenə şüuraltı onu tikdirirdilər. Bu dəfə isə şan- şöhrət göstəricisi kimi qələmə verilirdi.

Bu dəbdəbəli, zəngin bir ailənin geyimidir. Şəki geyim dəstidir, ləbbadədir. Zərxara və tirmə parçanı görə bilərik. Bu modeldə də tumanı köynəyi qarışdırmışıq, amma yenə deyirəm çiyin geyimi ilə təyin edirik ki, bu hansı bölgənin geyimidir.

Ləbbadə Şəki-Zaqatala bölgəsində geyinilən geyim idi. O da çəpkən ailəsindəndir. Amma fikir verin, Naxçıvanın və İrəvanınkı uzunqoldur, amma bu zonada yarım qoldur. Şəkidə qadınlar istəyəndə yarım qola qolçaq da əlavə edirdilər. Baş geyimi isə Şəki-Zaqatala bölgəsində geyinilən cutqudur. Bu modeldə çənəbənd də görə bilərsiniz, o da qızıldandır.

Bunlar hamısı qadın bəzəkləridir: toqqalardır və müxtəlif bəzək əşyaları. Qoza yaxalıqları arxalığın yaxası boyunca düzürdülər.

Qadın başmağıdır, məxməri üzəri qızıl piləkli.

Bu köşədə kişiyə aid aksessuarlar var. Kişi başmağı qadın başmağının forması ilə eynidir, bər-əzəyi, ölçüsü ilə seçilir. Uzunboğaz çəkmə, başmaq, şalvar da daxil olmaqla bir çox geyimlər qadınla kişilərdə ümumidir.

Burda baxın, bığbağı var. Kişilər axşam yatanda bığlarını yağla, gülabla burub, bığbağı ilə bağlayıb yatırdılar ki, səhər oyananda bığ formada olsun.

Saqqal darağı, bığ darağı, saat qabı, qəlyanı, tənbəki kisəsi, pul qabı, şəbküllah....Papaq məsələsi çox vacib idi. Kişilər gecə yatanda da başlarını örtüb yatırdılar. Düzdür, yaşlılar başlarını soyuq olmasın deyə örtürdülər, amma cavanlar da buna əməl edirdi.

Evin bir köşəsində kişi üçün xüsusi yer düzəldilirdi, mütəkkəsi, döçəkçəsi yanında, silahı da öz yerində. Xalçada, yəni kişinin başının üzərində silah asılmalı idi. Bəzi evlərdə onu saz-tar əvəz edirdi, amma əsl hərbi ruhlu kişilərin başının üzərində xəncər-tüfəng hazır formada olmalı idi. Hətta kişinin evdən bayıra kəmərsiz, xəncərsiz çıxması onun üçün rüsvayçılıq hesab olunurdu.

Kişilərlə qadınların geyiminlərində istifadə olunan parçalar demək olar ki, eyni idi. Arxalıqların köynəkləri qadın köynəkləri ilə eyni parçadan idi. Sonraki dövrlərdə Qaqarinin çəkdiyi, 19-cu əsrin ortalarına aid olan rəsmlərdə kişilər al-əlvan geyimlərdədirlər. Məsələn, Qarabağ bəyi qırmızı geyimdədir.

Sovet gələndən sonra o ənənəni aradan qalxdı, kişi qırmızı geyinməz dedilər. Və daha tünd rənglər kişilərə şamil edildi. Amma indi yenə də dəb dəyişir.

Bu gün neft Azərbaycan üçün neçə mühüm sərvətdirsə, o dövrdə bu rolu ipək yerinə yetirirdi. 16-cı əsrdən 19-cu əsrə qədər ipəyin Azərbaycan üçün rolu danılmazdır. Hətta bu tarix daha əvvəllərə gedib çıxır. Dünyaca məşhur parçalarımız var idi.

Bu da kəlayağılarımız.

Xurşidbanu Natəvana məxsus geyim. Arxalıq Qarabağ deyil, Naxçıvan arxalığıdır. Soruşa bilərsiniz ki, niyə? Elə o vaxt da indi də belə bir ənənəmiz var: qız evi oğlan evinə, oğlan evi qız evinə hədiyyə olaraq ən çox geyim verirlər. Natəvan qızının birini Naxçıvana ərə vermişdi, güman ki, bu geyim ona hədiyyə kimi verilib.

Ən möhtəşəm, ən zəngin, bütün Azərbaycanın gözü olan yeganə geyimimiz – Nadir şah dövrünə aid çəpkən. Çəpkənin uzun variantıdır. Miniatürlərə baxsanız görərsiniz ki, çəpkən daha uzun olub- topuğa qədər, amma 18-ci əsrdə yavaş-yavaş kəsib qısaldıblar. 19-cu əsrdə isə daha qısa versiyada qarşımıza çıxır. Bu çəpkən isə 18-ci əsrə aiddir.

Londonda çap olunan bir jurnal var, onlar bu geyimi çox bəyənmişdilər. Danışdıq, geyimi jurnalın üz qabığında yayımladılar. Gümüşlə işlənib, işin incəliyinə, zərifliyinə diqqət yetirin, çox möhtəşəmdir. Dünyada nadir nümunələrdəndir...

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.

Foto: Ceyhun Zeynalov


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər