23 Avqust 11:53
7 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uzun bir tarixi dövrdə Azərbaycan geyim materialları dünya geyim mədəniyyətinin inkişafında aparıcı və diktəedici rol oynayıb. Həmçinin Azərbaycan geyim dəstlərinin ayrı-ayrı elementləri öz praktikliyi, funksionallığı, estetik görünüşü baxımından digər xalqların geyim dəstlərinə daxil olub”.

Bu fikirləri Azərbaycan milli geyimləri üzrə araşdırmaçı, sənətşünas Sabirə Dünyamalıyeva Teleqraf.com-a deyib.

O bildirib ki, Azərbaycan geyim mədəniyyətinin tarixi daş dövrünə gedib çıxır:

“Mənim araşdırmalarıma görə, ən qədimi bizdədir, Qobustanda. İkinci birisi varsa göstərsinlər. İlk moda nümayişi bütün dünya üzrə Azərbaycanda - Qobustanda olub. Eneolitdən başlayaraq bizdə geyim mədəniyyəti yaranıb. Əvvəl sarma tip geyimlər idi. Bütün dünya bürünmə tip geyimlə başlayıbsa, bizdə sarma tip olub. Təbii liflərdən zolaq toxunub və bədənə sarınıb. Dünyaya şalvar Azərbaycandan gedib.

Milli geyimlərimizin formalaşması isə XVIII əsrin ortalarından başlayır, ondan əvvəlkilər tarixi geyimlərdir. Millət kimi formalaşıb geyimi standartlaşdıranda o, milli geyim olur".

(Sabirə xanımın rəhbərliyi ilə rekonstruksiya olunaraq tikilmiş tarixi geyim - Qobustanda sarma geyim)

“Üst geyimi o qədər geniş tikilirdi ki...”

“Azərbaycan geyim mədəniyyəti Erkən orta yüzillər, İnkişaf etmiş yüzillər, Səfəvilər, Xanlıqlar və Yeni dövr kimi tarixi dövrlərdə özünəməxsus dəyişikliyə uğrayaraq inkişaf və təkamül yolu keçib. Mənim araşdırmam da bu tarixi dövrlər daxilində olub. Yerli əhalinin əsas geyim elementləri olan alt və üst geyimləri – dizlik, köynək, qaftan, şalvar, cübbə, çuxa, çaxçur inkişafın sonrakı mərhələlərində Azərbaycan xalqının geyim dəstlərinin əsas elementlərini təşkil edib.

Hələ uzaq keçmişdən başlayaraq insanlar geyimlərin estetik görünüşünə xüsusi diqqət yetiriblər. Geyim insan mədəniyyətinin özünəməxsus ifadəsi olmaqla yanaşı, həmişə dəblə birgə dəyişməyə məcbur olub.

Erkən orta yüzilliklər dövründə rəng bolluğuna, geyim materiallarının müxtəlifliyinə və geyimə verilən bəzəklərə baxmayaraq, bir geyim dəstində ancaq üst geyimi görünür və bu üst geyimi o qədər geniş tikilirdi ki, alt geyimin üzərini bütünlüklə örtürdü. Dəbin bu mərhələsində qapalılıq, özünü, geyimini kənar nəzərlərdən tam gizləmə, özünə qapanma ruhu hiss olunur. Həmin dövrün geyimlərində ilk dəfə cübbələrə bir neçə cür yaxalıq tikilməsinə rast gəlirik”.

“Geyimlərin formasında inqilab”

“İnkişaf etmiş orta yüzilliklər dövrü geyim dəstlərində təkamülün zirvə nöqtəsi olub. Üst geyim həm saya, həm də naxışlı parçadan tikilirdi. Naxışlar çox vaxt qızılı tikmə ilə paltarın qolunun üst hissəsində və ətəkdə yerləşdirilirdi.

Ondan başqa artıq geyimdə məhəlli xüsusiyyətlər yaranmağa başlayırdı. Həmçinin qapalılığa meyl kəskin surətdə aradan qalxır və geyimlərin formasında inqilabi dəyişikliklər yaranır. Belə ki, geyimlərdə daralma hiss olunur, yəni üst geyim alt geyimin üstünü tamamilə örtmür.

Həmçinin üst geyimin yaxası elə tikilirdi ki, onun altından geyinilmiş geyimlərin hər birinin yaxası görünürdü. Bu dövr dəbinin başqa xüsusiyyəti isə geyimlərin yaxasına yaxalıqların tikilməsi idi. Qadın geyimlərində dəyişməyən ancaq onun uzunluğu idi, geyimlər yenə də ayaqların üstünü tam örtməliydi”.

Araxçınlara bənd edilən örpəklər

“XV yüzildə qadın geyimlərində qırmızı, yaşıl, mavi, yasəməni, şabalıdı rənglərdən istifadə olunurdu. Bir dəst geyimdə bir neçə rəng görmək mümkün idi. Əvvəlki mərhələdən fərqli olaraq qaftan, cübbə, çuxaların yaxa kəsiyində tikmələr və bəzəkləri görə bilərik. Həmçinin zərif örpəklərdən istifadə olunmağa başladı, onları başda kiçik araxçınlara bənd edirdilər”.

Hündür boy və uzun boyun

“XVI yüzillikdə, yəni növbəti mərhələdə şalvar və çaxçur geyimin əsas tərkib hissəsi olaraq qalırdı. Cübbələrin üstündən isə bellərinə zərif kəmərlər bağlanılırdı. Baş geyimləri daha çox fərqlənirdi. Kübar qadınların baş geyimi dilimli ləçəklərdən ibarət idi. Ayaqlarına merinos yunundan corablar, onun üstündən incə naxışlı, uzunluğu ayaq biləyindən bir qədər yuxarı olan şalvarlar və zərif qara dəridən yüngül ayaqqabılar geyinirdilər. Yüksək mənsəbli qadınlar başlarına tac qoyurdular.

XVI yüzillikdən başlayaraq geyimin estetik görkəmi diqqətdə idi. Müxtəlif cür bafta, qırçınlı, əlavə zəncirələr, şahpəsəndlər vasitəsilə geyimlərə daha çox görüntü, baxımlılıq verməyə çalışırdılar. Bu mərhələdən etibarən geyim dəbi sürətlə dəyişməyə başladı. Çuxalar daha zəngin, zərif baxışlı parçalardan tikildi.

Sadə xalq və yaşlı qadınların geyimlərində dəb dəyişməz qalsa da saray qadınları haqda bunu demək olmaz. Geyimlərə vurulan bəzəklər daha da artdı. Tək çuxaların yaxası deyil, qaftanların da yaxasına paralel baftalarla düymə-ilgək tikilirdi ki, bu da eyni zamanda həm də bəzək rolunu oynayırdı. Dəbdə yeni siluet forması daha hündür boy və uzun boyun idi”.

Üst geyimdə müxtəlif cür yaxa kəsiyi yeni forma yaradırdı

“XVII yüzildə geyim dəbində növbəti mərhələ baş verir. Bədənin təbii quruluşuna müvafiq geyimlərin biçilməsi ilə yeni geyim tipləri yaranırdı. Geyimlərdə bir qədər qərb üslubu özünü göstərirdi. Səfəvi sarayında kübar geyim dəstlərində müxtəlif cür beldən kəsmə-tikmə geyimlər meydana gəlir və bir üst geyiminə bir neçə cür yaxa kəsiyi tikməklə yeni formalar düzəldirdilər.

(Səfəvi sarayında qadın geyimləri)

Çox güman ki, kübar geyimlərində cübbənin nimtənəyə çevrildiyi bu dövrdə qolun uzunluğu bir müddət olduğu kimi qalır. Yəqin ki, buna görə də iş bacarmayan, yarıtmaz adam üçün “əli ətəyindən uzun” deyimi yaranıb”.

Nimtənə, meydan yaxalı nilufər

“XVIII yüzildə geyimlərdə məhəlli elementlər daha da ciddi fərqlərlə nəzərə çarpır. Qara lent üzərinə bəzədilmiş boyun bəzəyi, iri düymələr, kənarları ovalşəkilli qatlama yaxalıq, geyimlərin daha uzun olması, qol ağzının əlin üstünə düşə bilən dekorativ qolçaqlı tikilməsi və baş geyimləri aid idi.

XIX yüzildə Azərbaycan geyimlərində məhəlliləşmə və stabilləşmə mərhələsi tam olaraq başa çatdı. Bu mərhələdə hər bölgənin özünün geyim dəsti yarandı. Bölgənin hər bir üzvü heç bir halda bu qaydanı pozmamağa səy göstərirdi. Qadın geyim dəsti alt geyimi olan alt köynəyi, dizlik, alt tumanı, üst geyimi olan şalvar, üst köynəyi, üst tumanı, arxalıq, ləbbadə, çəpkən, baharı, küləcə, kürdü, eşmək, geyim dəstinə əlavə olan meyzər, kəmər, ayaq geyimi, baş geyimi, çaxçur, çadradan ibarət idi.

Kişi geyim dəsti isə alt geyimi olan alt köynəyi, dizlik, üst geyimi olan şalvar, üst köynəyi, arxalıq, çuxa, döşlük, kürk, canlıq, kəmər və ya qurşaq, ayaq geyimi və baş geyimindən ibarət idi.

(Şuşaya aid kişi geyimi)

Geyimlərimizdə kəskin ayrılma və məhəlli özünəməxsusluq xanlıqlar dövründən başladı. Hər xanlığın xanımı həmin xanlığın daha güclü, daha zəngin, daha fərqli olmasını geyimlərində göstərirdi. Ona görə hər xanlığın geyimi seçilirdi.

Çəpkən-nimtənə geyim tipi daş dövründən gəlib. Yəni qaftan dönüb cübbə, daha sonra nimtənə, sonra da çəpkən oldu. Bu, bütün bölgələrdə, bütün xanlıqlarda hər kəsin boxçasında mərasim geyimi kimi dururdu. Fərqlənənlər isə arxalıqlı geyim dəstləridir”.

Saraylara dəbi kim gətirirdi?

“Dəbin inkişafı və yayılması prinsipi mövcuddur. Yayılması “onda var, məndə də olsun” prinsipi, inkişafı isə “mən onlardan seçilim” formulu ilə xarakterizə olunur. Seçilmək istəyənlər isə xanımlar idi. Onların seçilməyə maddi imkanları əl verirdi. Üstəlik bizim xanımların özlərinin əl işləri mövcud idi, yəni fərdilikdən seçilirdilər. Xan qızı Natavanın tikdiyi əl işləri indi də Tarix Muzeydə saxlanılır. O əl işi ilə geyimlərin yaxasını bəzəyirdi.

Hər bölgədə geyimlərin rəngi əsasən həmin bölgənin təbiətinə uyğun seçilirdi. Bakı geyimlərinin rəng seçimi Abşeronun təbiətinə uyğun idi. Şəhər qadınlarının geyim dəsti ansambl təşkil edirdi. Geyim dəstində ən çox bənövşəyi rəngin çalarlarından və innabı rəngdən istifadə olunsa da xarakter rəng seçimi “Suraxanı” xalçasında olduğu kimi açıq qəhvəyi, solğun xardal rəngi, ag və tünd mavi rənglər idi.

Paltarların rənglərindən asılı olmayaraq onların kənar bəzək və tikmələrində mütləq mavi və qızılı- sarı rənglərdən istifadə olunurdu. Abşeron insanları dənizin, səmanın ağ-mavi-göy, sahilin qızılı-sarı qum rənginə üstünlük veriblər. Kübar qadınlarının tirmə parçadan bol-bol istifadə etməsi, güman olunur ki, Abşeronun iqlimi, xüsusilə xəzri və gilavarla bağlı idi.

Şamaxı geyimlərində müxtəlif rəngləri görə bilərik, bu da Şamaxının rəngarəng təbiəti ilə uyğun gəlirdi.

Naxçıvan geyimlərinin rəng seçimində innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi.

(Naxçıvana aid geyim dəsti)

Qarabağ geyimlərində üst tumanı və üst çiyin geyimi ya eyni, ya da uyğun rənglərdə, köynək isə tuman və arxalığın rənginə nisbətən açıq və parlaq rənglərdə seçilirdi.

Gəncədə tünd yaşıl və şabalıdı rənglərdən istifadə edilirdi.

Şəki geyimlərində müxtəlif rənglər gözə dəysə də geyim dəsti bütünlüklə ansambl təşkil edirdi. Yəni rənglər bir-birini tamamlayırdı. Çox vaxt ağ-mavi-göy, bəzən isə tünd qırmızı rənglərdən istifadə edilirdi. Qırmızı rəngli paltarlar əsasən toy paltarı idi. Ləbbadə dözümlü parçalardan tikildiyindən uzunömürlü olur, geyim dəsti eyni materialdan tikilmiş tuman- köynəklə tamamlanırdı.

Borçalı və qazax qadınları ətrəngi, sarı, mavi, qırmızı, yaşıl rənglərdən istifadə edirdilər.

Lənkəran qadınlarının geyimlərində al qırmızı, badımcanı, açıq qəhvəyi rənglər diqqət çəkir. Dağ kəndlərinin əhalisi isə daha çox güllü-çiçəkli parçalara üstünlük verirdilər.

Azərbaycanın ümummilli geyim dəstlərinin formalaşmasında tarixi etnoqrafik bölgələrimizin hər biri yaxından iştirak edib. Buna görə də biz XIX yüzil XX yüzilin əvvəllərində Azərbaycanın ümummili geyiminin məhəlli növlərindən danışa bilərik.

Onu da deyim ki, XIX yüzilin sosial-iqtisadi həyatı əvvəlki dövrlərdən kəskin sürətlə fərqlənirdi. Bu dövr hər şeydən əvvəl tarix səhnəsinə burjuaziya və proletariatdan ibarət yeni sinfi təbəqə çıxarmışdı. Geyim mədəniyyətinin yaranmasında yeni yaranan milli burjuaziyanın mühüm rolu olub. Feodal geyim və bəzək ənənələrini davam etdirən milli burjuaziya özünün mövcud geyim dəbini tezliklə çıxarıb Avropa geyimi ilə əvəz etdi. Ona görə də milli geyim dəbi ilə Avropa libası arasında üstüörtülü mübarizə XX yüzilin əvvəllərinədək davam etdi”.

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər