“Teatrda elə rejissorlar var ki, hər tamaşada mənə rol verməyə çalışırlar, eləsi də var ki, bunu ara-sıra edir. Rejissorları qınamıram. Bəzən haqsızlıqlar olur və bu hər zaman olub”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib. Onun sözlərinə görə, rejissor ayrı-seçkiliyi həm teatrda, həm də kinoda hər zaman olub və olacaq: “Bununla çox rastlaşmışam. Düzünü desəm, bunu təbii qəbul edirəm. Mənim filmlərdəki uğurlarımın 90 faizi Rasim Ocaqovun payına düşür. O, məni özümdən yaxşı tanıyırdı. Daxili dünyamız çox oxşar idi. Ona görə onunla işləmək rahat və asan idi. Teatrda da elə rejissorlar var ki, daim mənə rollar verirlər. Məncə, buna görə ruhdan düşmək lazım deyil. Hər zaman deyirəm ki, əgər bir rejissor sənə rol vermirsə, fikirləş ki, niyə vermir”.
Aktyor maaş azlığına görə teatrı tərk edən gənclərə də üzünü tutub, onları dözümlü olmağa səsləyib: “Elə bilməyin ki, mən filmlərdən yüksək maaş almışam. Xeyir, cüzi pul almışam. Teatrda da bilirsiniz ki, maaş azdır. Bəzi gənc aktyorlar maaş azlığından şikayət edirlər. Mən bu sənətə gələndə maddiyyat ummamışam. Bilmişəm ki, haradansa beş-üç manat tapacam, ac qalmayacam. İnanın, teatrda işlədiyim vaxtlar olub, cibimdə 3-5 qəpiyim olmayıb ki, trolleybusa minib evə gedim. Ayaqla getmişəm, elə vaxt olub ki, paltom, başımda papağım olmayıb. Bunlar hamısı məni bərkidib. İnsan dözümlü olmalıdır, sənətini sevib, ona qulluq etsən, gec-tez onun bəhrəsini görəcəksən. İndiki cavanlar bir az tələsirlər. Cavanlar üçün də şərait yaranacaq, vaxt gələcək, seriallar da filmlər də çoxalacaq, maaşları da yaxşı olacaq. Sadəcə, səbr etmək, işini sevmək və seçdiyin sənətindən peşmançılıq hissi keçirməmək lazımdır. Ən çətin vaxtlarımda belə məni yaşadan aktyor sənətim olub, səhnə, film olub”.
Nərmin