29 İyun 2015 20:59
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Opera və Balet Teatrının baş dirijoru, əməkdar incəsənət xadimi Elşad Bağırov Türkiyənin Semiha Berksoy Opera Vəqfi tərəfindən “Uğur və şöhrət” mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Türkiyədə incəsənət aləminin mötəbər mükafatları sırasına daxil olan “Uğur və şöhrət” mükafatı opera sənəti sahəsində bacarıq və istedadı ilə seçilən, həyatını bu sənətə həsr edən insanlara verilir.

Azərbaycanlı dirijor Elşad Bağırov bu mükafata opera sənəti sahəsində uzun illər ərzində fəaliyyətinə, qardaş ölkənin opera və balet sənətini böyük uğurla təmsil etdiyinə görə layiq görülüb.

Semiha Berksoy Opera Vəqfi və münsiflər heyəti yaradıcılığını Türkiyə opera və balet sənətinin inkişafına həsr edən soydaşımıza bu mükafatı təqdim etməkdən böyük fəxr duyduğunu ifadə edib.

Mükafatın təqdimat mərasimi vaxtı dirijor Bakıda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Oyunları münasibətilə tərtib olunan mədəni proqramda iştirak edib. Dirijorun Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri ilə birgə konserti anşlaqla keçib.

Mərasim birinci Avropa Oyunlarına təsadüf etdiyi üçün “Uğur və şöhrət” mükafatı Türkiyədə dirijorun xanımı Züleyxa Qarayeva- Bağırovaya təqdim edilib.

Qeyd edək ki, İstanbul Dövlət Opera və Balet Teatrında 1986-cı ildən fəaliyyət göstərən Elşad Bağırov indiyədək 35 premyeraya dirijorluq edib. Bu sırada azərbaycanlı bəstəkarların əsərləri də yer alıb.


Müəllif: