29 İyul 2015 23:36
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elçin Musaoğlunun “Nabat” bədii filmi Almaniyada keçirilən beynəlxalq film festivalında ölkəmizi təmsil edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gün Almaniyanın Ştarnberq şəhərində 9-cu “Fünf Seen” (“Beş göl”) beynəlxalq müstəqil film festivalı öz işinə başlayır. Avqustun 9-dək davam edəcək festivalda Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrdən filmlər yer alıb. “Nabat” bədii filmi festivalda avqustun 6-da nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

Qeyd edək ki, bu il “Nabat” filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalında təqdim olunub və üç mükafata layiq görülüb. Bundan əlavə, ekran əsəri bu il Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında mükafatlar qazanıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər