13 Avqust 2015 15:03
2 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vaxtaşırı konsertlər verən müğənnilər azdır. Bunu hətta sənətçilər özləri də etiraf edirlər. Təbii ki, burada söhbət əyləncə məkanlarında verilən konsertlərdən getmir. Çünki bu məkanlarda ilin bütün vaxtlarında şou, konsert proqramları təşkil edilir. Söhbət yüksək peşəkarlıqla təşkil olunan və konsert məkanında keçirilən konsertlərdən gedir. “Gündəlik Teleqraf” bunun səbəblərini müğənnilərin özləri ilə araşdırmağa çalışdı.

“Həmin müğənnilərin raportunu çıxarsam, bomba effekti verər”

Xalq artisti Faiq Ağayev deyir ki, Azərbaycanda konsertlərdən pul götürən bir-iki sənət adamından biridir: “Konsertlərimə pul sərf edirəm. Axırıncı 4 günlük konsertimin sərmayəsi 250 min manat idi. Maya dəyərini çıxartdım, üstəlik qazandım da. Əgər bunu edə bilmirəmsə, onda nə müğənniyəm ki? Azərbaycanda 3 nəfər müğənni var ki, onlara ”kassa müğənnisi" deyirlər. Elə bil referendumdur, camaat gəlib sənə bülletenlə səs vermir, kassadan bilet almaqla, cibindəki pulla sənə səs verir. Bax, mən o səsvermədə həmişə qalib çıxmışam, maşaallah. Həm qoyduğum sərmayəni qaytarmışam, üstündə də pul əldə etmişəm. “Aldım qoz, satdım qoz” nə deməkdi? Elələri var, yalan deyirlər, siz jurnalistlərin də başlarını tovlayırlar. Gedirsən, görürsən ki, zal doludur, bir boş yer yoxdur. Amma konsertdə satılan biletlərlə bağlı raport olur kassada. Həmin müğənnilərin raportunu çıxarsam, bomba effekti verər. Raportuna baxırsan ki, 2000-lik konsert salonuna 114, yaxud 86 bilet satıb, amma sinəsinə döyür ki, “Ay millət, anşlaqlı konsert keçirmişəm!” Mənim belə ucuz, saxta işlərlə qətiyyən aram yoxdur. İyrənirəm bu cür hoqqalardan. Gedin, bilet satışı raportlarımı götürün, baxın. Boş yer olmur".

Ötən il konsert vermək istəyən, amma bunu gerçəkləşdirə bilməyən Xalq artisti Mübariz Tağıyev özünün də, müğənnilərin də konsert verməməsinin səbəbini belə izah edib: “Əslində konsert vermək müğənninin görə biləcəyi ən böyük işlərdən birincisidir. Amma onu təşkil etmək çox böyük işdir. Ümumiyyətlə, Azərbaycanda heç kim konsertdən gəlir əldə etmir. Zalın kirayəsi, səs effektləri bunlar hamısı çox pul tələb edir”.

“Konsertlərdən gəlir əldə etmək mümkün deyil”

Xalq artisti Zülfiyyə Xanbabayevanın illər öncə günlərlə verdiyi konsertlər hələ də yaddaşlardadır. Amma o da son illər konsert verməyən müğənnilər siyahısında yer alır: “Bu sualı mənə 5 il bundan öncə versəydiniz, deyərdim albomlarımız satılır, konsertlərimizdən qazanırıq. Mən zamanında elə işlər gördüm ki, indi onları üstələyəcək işlər görmək istəyirəm. Vaxtilə Azərbaycanda albom satışından ən yaxşı qazanan yeganə müğənniyəm. Tələbat olduğuna görə hətta onları bir neçə dəfə təkrar tirajlayırdım. İndi satışdan gəlir əldə etmək çətindir, amma bu, o demək deyil ki, biz bunu etməməliyik. Eləcə də konsert. Paytaxt konsertlərindən yaxşı gəlir əldə etmək mümkün deyil, bölgələrdə də güclü bilet satışı yoxdur. Həm də bilirsinizmi, əvvəllər xərc də bir o qədər çox deyildi. Bu gün klip, mahnı, aranjiman çox bahalıdır. Bütün bu xərcləri ödəmək üçün müğənninin bircə seçimi qalır - konsert vermək yox, toylara getmək”.

Fərqli mövzularda konsert verən Elza Seyidcahan da etiraf edir ki, konsertlərdən gəlir əldə edə bilmir: “Konsertdən çıxanda xadimədən tutmuş sürücüyə qədər hamı deyir ki, pulumu ver gedim evə”.

“Allaha şükür ki, ziyan olmur”

Gənc müğənni Sevda Yəhyayeva Azərbaycanda konsert bazarında problemlərin olduğunu bildirir: “Ötənlərə nisbətdə indi konsertlərə tələbat azdır, amma inanıram ki, bundan sonra vəziyyət dəyişəcək. 15-20 il öncə insanlar konsertlərə həvəsli idi, ildə neçə dəfə konsertlər keçirilirdi. Konsertlər təşkil etmək lazımdır ki, insanlarda maraq oyansın. Ümid edirəm ki, bundan sonra Azərbaycanda konsertlərə maraq olacaq. Mənim ilk konsertim Gənc Tamaşaçılar Teatrında olub. 2012-cı ildə Heydər Əliyev Sarayında, 2013-cü ildə isə Yaşıl Teatrda konsert verdim. İstirahət məkanlarını saymıram, bunlar çox olub”.

Tamaşaçıların konsertinə gəlməmə ehtimalından qorxmayan müğənni özünü bu barədə xoşbəxt hesab edir: “Mən bu barədə özümü çox xoşbəxt hiss edirəm. Bu zamana kimi tamaşaçıların sevgisini qazana bilmişəm. Demirəm ki, bu sevgi həddindən artıq çoxdur, amma var. Və heç bir konsertimdə tamaşaçılar məni tək qoymayıblar. Ona görə də bu qorxu məndə yoxdur. Bu, bir müğənni kimi məni həvəsləndirir. O ki, qaldı gəlirə...Əslində, müğənni karyerasında gəliri düşünməməlidir. Biz həmişə bunu fikirləşdiyimizdən çox şeyləri etmirik. Ona görə də konsert bazarında konsert yoxdur, müğənnilər konsert vermirlər, buna görə konsertlərə maraq azalır. Konsert verməyi təbliğ etmək və davam etdirmək lazımdır. İndi barmaqla sayılacaq qədər müğənni konsert verir. Ümumiyyətlə, konsertlərdən gəlir əldə etməsək də, şükür Allaha ki, ziyan da olmur. Mən heç vaxt işimdə gəliri fikirləşməmişəm. Həmişə çalışmışam ki, gözəl iş təqdim edim. Heç vaxt maddiyyat güdməmişəm, deməmişəm ki, bunu edim bu qədər pul qazanım. Əgər pulu fikirləşsəydim, bu qədər iş görməzdim”.

“Sponsorsuz konsert vermək çox ağır işdir”

Müğənni Samira Allahverdiyeva yaradıcı insanın karyerasında konsert verməyi önəmli hesab edir: “Mənim də konsertim olmalıdır, amma bu haqda ətraflı məlumat vermək istəmirəm. Çünki illərdir ki, konsert vermək istədiyimi deyirəm, amma alınmır. O arzum indi-indi reallaşmağa başlayır, deyəsən. Hər şey maddiyatla bağlıdır. İki dəfə Caz Mərkəzdə konsert verdim. Və başa düşdüm ki, sponsorsuz, təkbaşına konsert vermək nə qədər ağır işdir. Xərci həddən artıq çoxdur. Amma bütün xərcləri özüm ödədim. Qazandığım pulumu konsert üçün xərclədim. Peşmançılıq çəkmirəm. Bunu musiqiyə, sənətimə sevgimə görə edirəm. Yəni sevgi olmasa inanın ki, xərc çəkmərəm”.

“Müğənninin özünə inamı olmalıdır”

Müğənni Elton Hüseynəliyev də bu sahədə olan çətinliklərdən danışıb: “Bu gün konsert eləmək çətindir. Bu baxımdan konsert vermək istəməyən gənc həmkarlarımı başa düşürəm. Amma sınamaq lazımdır. Konsert təşkil etmək üçün sponsor lazımdır, təşkilati dəstək olmalıdır, müğənninin özünə inamı olmalıdır. Ən böyük məsələ, konsert öncəsi güclü və düzgün ”piar" kampaniyasının aparılmasıdır. Müğənninin yaxşı, hitə çevriləcək mahnıları olmalıdır. O mahnılar sevilməlidir ki, camaat o ifanı eşitmək üçün bilet alıb konsertə getsin. Tək ifaçı olaraq zalı tamaşaçı ilə doldura bilən müğənni alqışa layiqdir".
Qeyd edək ki, iki ildir konsert verməyə çalışan müğənni hələ də bunu reallaşdıra bilməyib.

“Mən işləyim başqası yesin?”

Elnarə Xəlilova hazırda Azərbaycanda nə albom hazırlamağı, nə də konsert təşkil etməyi sərfəli hesab etməyən müğənnilərdəndir: “Təəssüf ki, Azərbaycanda ifaçı nə albom, nə də konsert verməklə pul qazana bilir. Ən azından mən elə bir adam tanımıram. Bunlar reklama sərf olunan pullardır. O pulu da sanki müğənni küləyə sovurur. Çünki həmin pul heç bir şəkildə müğənniyə geri qayıtmır. İstəmirəm ki, məndə də elə olsun. Əgər mən ona vaxt sərf edib, zəhmət çəkirəmsə, deməli, o işdə marağım olmalıdır. Yoxsa ki, işləyim başqası yesin, qazansın, bu, düzgün deyil. Ona görə gözləyirəm. Nə vaxtsa Azərbaycanda da albom satışı, konsert biznesi Avropada, dünyada olduğu kimi olacaq, ancaq o zaman albom hazırlayacam, konsert də verəcəm”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər