29 May 2014 17:18
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milena” kitabının müəllifi, müğənni Zəka Vilayətoğlu Teleqraf.com-a müsahibəsində bir sıra mətləblərə aydınlıq gətirib. Müsahibəni sizə təqdim edirik:

- Uzun müddətdir ki,sanki yaradıcılığınızda durğunluq var. Bunu nə ilə izah edirsiniz?

- “2013-də nəşr olunan "Milena" adlı kitabımdan sonra, deməzdim ki, tam susqunluğa meyl etdim. Ara-sıra hekayələr yazdım və "Ulduz" jurnalında, müxtəlif saytlarda dərc olundu. Susmuş kimi görünməyimin səbəbi də, sadəcə həm musiqi sənətiylə, həm də yeni yazılarımla, ciddi mütailə ilə bağlıdır”.

- Müğənnilər vaxt qıtlığından mütaliəyə vaxtları olmadığını deyirlər. Sizcə onlar bu fikirlərində nə qədər səmimidirlər?

- “Nə qədər acı təəssüf doğursa da deməliyəm; musiqiçilərin böyük əksəriyyəti kitabdan çox-çox uzaqdırlar. Müşahidələrimə əsasən deyə bilərəm ki, kitabı dəyərləndirməyi bacarmayan, mütaliəni sevməyən musiqiçilər, sadəcə orta məktəb illərində çox pis oxuyan, iki qiymət alan şagirdlər olublar. Sadəcə musiqi sahəsindəki istedadları sayəsində cəmiyyətdə yer tuta bilirlər, onları danışdırarkən isə nə qədər savadsız və bu yöndə dünyagörüşlərinin olmadığı bəlli olur. Vaxt qıtlığı məsələsinə gəlincə, hardasa razılaşmaq da olar.Həqiqətən, bu sözü intellekti olan bir musiqiçi deyirsə, bu, inandırıcı səslənir. Çünki ciddi musiqiçilər, ancaq öz sənətlərini daim inkişaf etdirmək üçün əzmlə çalışırlar və bu cür nümunələr də, təbii ki, yox deyil”.

- Müğənni olduğunuz üçün yazıçılar arasında sizə ironiya edən olurmu?

- “Bu gün tanınmış ədəbiyyat adamlarının etiraflarının da şahidi oluram. Nə zamansa mənim haqqımda "O, manısdır, axı, manıs hara, ədəbiyyat hara" kimi düşüncələrlə mənə və yaradıcılığıma yanaşanlar bu gün yanıldıqlarını etiraf edirlər. Onlar bir şeyi bilmirlər ki, mən musiqiçi yox, məhz ədəbiyyatçı ailəsində doğulmuşam. Yazıçılıq istedadım olmasa və yazıçı olmasam belə, mən ruhumla, canımla ədəbiyyata bağlı adamam və mən öz musiqimi də, belə demək mümkünsə, ədəbiyyatda arayıb, tapa bilir, yaratmağa cəhd edirəm. Yazıçı kimi məni ilk dəyərləndirən mərhum gözəl insan və gözəl şairimiz Ələkbər Salahzadə olub. Böyük alimimiz, filologiya elmləri doktoru, professor Akif müəllim Hüseynli, dəyərli tənqidçimiz Vaqif Yusifli vaxtında dəyərləndiriblər. İlk hekayələrim, povestlərim haqqında Akif müəllim çox gözəl bir yazı da yazıb, təbii iradları da daxil olmaqla.Hətta 2001-də Azərbaycan jurnalında dərc olunan ilk povestimdən sonra AYB-də mənimlə qarşılaşanda Vaqif müəllim Yusifli çox geniş ürəklə dedi ki, sənin nəsrin səsini üstələdi, yəni bu sözlər məni o zaman çox ruhlandırdı və mənim yazıçı olacağıma inamımı bir daha möhkəmləndirdi”.

- Gənc yazarlarımıza münasibətiniz necədir?

- “Gənc yazıçılarda bəyənmədiyim çox xüsusiyyətlər var-ədəbiyyatda hoqqabazlıqları, pornomeylləri, daha çox hansısa xoşagəlməz bir ifadəylə yadda qalmaq istəklərilə onların çoxu biri-birinə oxşayırlar. Şou-biznes adamlarının adı çıxıb, vallahi, inciməsinlər məndən, gənc yazarlar onlardan ötə olublar, sadəcə efirdə görsənmirlər. Müqayisə edin: savadsız bir şou-biznes adamının əxlaqsız davranışı, danışığı dözülməzdir, yoxsa əxlaqsız bir qələm adamının?Qəribədir: sanki bəzi gənc yazarlar bu yolla diqqəti cəlb edərək, yadda qalaraq, sanki demək istəyirlər ki, hə, əsas odur ki, bütün diqqət mənə yönəlsin, məşhurlaşandan sonra mən ağıllı və çox ədəbli olacam.hər halda mənim ilkin təəssüratım, onların bir çoxu haqqında bu cürdür”.


Müəllif: