“Mənə həmişə deyirdilər ki, nə əcəb fəxri adınız yoxdur, mən də deyirdim ki, bir qədər var, qismət var. Gəlin, bu qismətlə razılaşaq. Şükür Allaha ki, o gün gəldi”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” imzaladığı sərəncamla “Əməkdar artist” adına layiq görülən xanəndə Elnarə Abdullayeva deyib.
Onun sözlərinə görə hər bir sənətçi kimi o da nə vaxtsa fəxri adla təltif olunacağı günü gözləyirmiş: “Ölkə başçımızdan, onun xanımı Mehriban xanım Əliyevadan Allah razı olsun. Özünüz bilirsiniz ki, mən yaltaq adam deyiləm. Nə var, onu deyirəm. Bu insanlar həqiqi mənada sənətin keşiyində dayanırlar, muğama, sənətçilərə yüksək qiymət verirlər. Onlar elə işlər görüblər ki, mənim dediyim sözlər o işlərin qarşısında çox acizdir”.
İlk dəfə bu xəbəri jurnalistlərdən eşitdiyini deyən xanəndə bundan sonra sənətində daha məsuliyyətlə çalışacağını da əlavə edib: “Bu adı daşımaq böyük məsuliyyət, ağır yükdür. Bu məsuliyyət daha da həvəslə və istəklə çalışmağım olacaq. Mən yenə də konsert verməliyəm, indiyə qədər yazdırmadığım, oxumadığım muğamları oxumalıyam. Amma məni tanıyanlar bilir ki, həmişə təmənnasız xidmət etmişəm. Allah şahiddir buna. Fəxri ad almasaydım da, təmənnasız xidmət edəcəkdim. Bir daha təşəkkür edirəm, millətimizə, dövlətimizə xoş günlər arzu edirəm”.
Nərmin