Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən sentyabrın 24-27-dək İsmayıllı rayonunun Lahıc qəsəbəsində tələbələrin iştirakı ilə etno-irs günləri keçiriləcək.
GİN-dən Teleqraf.com-a bildiriblər ki, Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət-ənənələrinin qorunub saxlanması və təbliği layihənin əsas məqsədidir.
Tarixi və mədəni əhəmiyyəti olan bu layihə zamanı qonaqlar adət-ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanışlıq imkanı əldə edəcəklər. Onlara milli və tətbiqi sənət məhsulları təqdim olunacaq, kəndirbaz və sehrbazlar öz məharətlərini, gənc aktyor və tələbələr Azərbaycan xalqının qədim rəqslərini və xalq oyunlarını nümayiş etdirəcək, musiqiçilər qonaqlar üçün muğam və milli musiqilər səsləndirəcəklər.
Tədbirin daha rəngarəng və maraqlı keçməsi, qonaqların adət-ənənələrimiz və milli mətbəximiz ilə daha yaxından tanış olmaları məqsədi ilə festival zamanı yeməklərimizin hazırlanma qaydaları da nümayiş olunacaq.
Bununla yanaşı, misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də təqdim ediləcək.
Tədbirdə 100-ə yaxın gənc aktyor, tələbə, İsmayıllı rayonunda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak edəcəklər.
Etno-irs günlərinin yekun sərgisi və təqdimatı sentyabrın 27-də İsmayıllı rayonun Lahıc qəsəbəsində keçiriləcək.