28 Sentyabr 2015 13:02
2 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elçin Musaoğlunun “Nabat” bədii filmi XI Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” və filmdə çəkilən Fatemeh Motamed Arya “Ən yaxşı aktrisa” mükafatlarına layiq görülüb.

“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, 19-25 sentyabr tarixlərində Almatıda keçirilən festivala qatılan rejissor Elçin Musaoğlu təltifetmə mərasimində də iştirak edib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar. Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. Məlumat üçün bildirək ki, dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bir çox nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb. Filmin dünya üzrə distribütoru “Dreamlab Films”dir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər