24 Noyabr 2015 15:40
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əli və Nino” kitab mağazasındayıq. İçəridə şəkil çəkməyə icazə verilməsə də oxucularla söhbətələşə bilirik. Biz də kitabxandakı vəziyyəti öyrənmək niyyəti ilə məlum suallarımıza cavab axtarırıq. Görək mağazada ab-hava necədir?

Qiymətlərdən narazı oxucular

Alıcılardan biri – İlknur xanım deyir ki, bədii ədəbiyyata marağı böyükdür, amma burada kitablar çox bahadır: “Türkiyədən sifariş vermək buradan dəfələrlə ucuz başa gəlir”. Rəfiqəsi Fatimə xanım sözə qarışır:

- Türkiyədə 16 lirəyə (təxminən 8 manat) olan kitab burada 14 manata olur.

Fatimə xanımdan sonuncu dəfə hansı kitabı aldığını soruşuruq. Məlum olur ki, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”sini alıb.

“Detektiv, qorxu, romantik səpkidə olan əsərləri oxumuruq”

“Kitab oxumağın həyat tərzi” olduğunu düşünən qızlar Çingiz Abdullayevin, Elxan Elatlının, Qaraqanın əsərlərini sevmədiklərini deyirlər.

Onlar zövqlərinin eyni olduğunu deyib sözlərini belə tamamlayırlar: “Detektiv, qorxu, romantik səpkidə olan əsərləri oxumuruq. Daha çox elmi-populyar, anti-utopik kitablara üstünlük veririk”.

“Yenilərdən heç kimi oxumuruq”

Qızlarla sağollaşıb müşahidələrə davam edirəm ki, bir oğlanın kassadan kitab soruşduğunu görüb onun yanına gəlirəm.

Nurlan adlı bu gənc Oldos Hakslinin “Yeni cəsur dünya” kitabını axtardığını deyir. Satıcının kitabı axtarmağa getməyindən istifadə edib, Nurlanı söhbətə tuturam.

- Müasir ədəbiyyatımızdan, gənc yazarlardan nəsə oxumusunuzmu?
- Yadımda qalan “Əli və Nino”dur. Dostumla biz daha çox klassiklərə meyil edirik. Yenilərdən heç kimi oxumuruq.

- Səbəb nədir, niyə oxumursunuz?
- Onlar maraqlı olmur.

- Bu qərara onları oxuyub gəldiniz, yoxsa fərziyyədir?
- Onlara heç şans verməmişəm.

“Kitab mağazalarının çoxu yalandan ağlayır”

Mağazanın əməkdaşı Zeynala yaxınlaşıb onu söhbətə çəkirəm:

- Bəzi kitabxanalar var ki, ziyana işləyir. Bəs sizdə vəziyyət necədir, kitabxana buradakı gəlirlə öz xərclərini ödəyə bilirmi?
- Mağazaların çoxu yalandan ağlayır. Bizə gəldikdə isə mağazalarımızın şəbəkəsi daha genişdir və bugünkü vəziyyətimizdən razıyıq.

– Daha çox hansı kitablar satılır?

– Dünya ədəbiyyatı çox satılır. Ən ucuz kitab 1 manat, ən bahalı kitab isə 200 manatdır. Bizdə belə bir kampaniya da var: Dörd kitab alan oxucu bu kitabların içində ən ucuz olanına cəmi 10 qəpik ödəyir”.

Zeynal ən çox satılan kitablar yığılan rəfi göstərir. Mark Levinin “Bir-birimizə demədiyimiz sözlər”, Qurban Səidin “Əli və Nino” kitabları ən çox satılanlar sırasındadır. Az keçmiş kassanın qabağına yığılan qızlara yaxınlaşıram.

Rey Bredberini oxuyan qız

Xanımlardan biri bloknot aldığını deyir. Yanındakı Günay adlı xanım isə bədii kitabları çox sevdiyini deyir. Ondan soruşuruq: “Burdan əvvəllər hansı kitabı almısınız?”. Cavab verir: “Rey Bredberinin “451 dərəcə farenheyt” kitabını”

Bu mənim üçün maraqlı olur və ona belə bir sual verirəm:

- O əsərdə kitablara nifrət edən yanğınsöndürən on minlərlə kitab yandırır. Sonra mənəvi boşluğa düşdüyünü hiss edir və oğurladığı kitabları oxumağa başlayır. Beləcə, özüylə mübarizəyə girişir. Bəs sizdə bədii kitablara həvəs necə yarandı, bu hansı ehtiyacdan irəli gəldi?

- Orta məktəbdən kitablara həvəsim olub. İndi də oxuyuram. Kitab mağazalarında tez-tez oluram və hansı kitab xoşuma gəlir, alıram. Biz kitab oxuduqca bilgiyə sahib oluruq, məlumatlanırıq.

Qızlar rusdilli olduqları üçün daha çox rus klassiklərini oxuduqlarını deyirlər. Qiymətlərdən isə o qədər də narazı deyillər.

Qapıdan çölə çıxanda səbətə yığılmış kitablar gözümə sataşır. Qiymətləri iki-üç manat civarındadır. Rus dilində olan bu kitabların içində xanımlar üçün jurnal, kompüter üçün məlumat kitabçaları var.

“Əli və Nino”dan çıxıb üz tuturuq Bakının bukinist mağazalarına.

Sərvər Şirin


Müəllif: