1 Dekabr 2015 19:02
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada Toğrul Hüseynlini fantastik musiqiçi adlandırıblar

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin oğlu Toğrul Hüseynli İspaniya kralının sponsorluğu ilə keçirilən 29-cu Beynəlxalq Piano yarışmasında bir çox musiqiçilərin arasında fəxri ikinci yeri tutub. Politoloqun oğlu 3 turlu yarışmada bu yerə layiq görülüb.

İndiyə qədər keçirilən bu yarışmada T.Hüseynli ən gənc iştirakçı olub. Onun 21 yaşı var. Sabiq dövlət müşavirinin oğlu Almaniyanın Köln Musiqi Akademiyasının fortepiano şöbəsinin magistri, prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr lauriantıdır. Onu İspaniyada fantastik musiqiçi adlandırıblar.

Bütün bunlar barədə müsavat.com-a Toğrul Hüseynlinin özü məlumat verdi: “İspaniyada keçirilən beynəlxalq müsabiqədə ikinci yeri tutdum. Müsabiqə 20-27 noyabr tarixlərində keçirildi. 29-cu dəfədir ki, bu yarışma keçirilir. İspaniya kralının sponsorluğu ilə təşkil olunmuşdu. Dünyada bu səviyyəli müsabiqələrin içərisində ən nüfuzlulardan biri hesab olunur. Burada birqayda olaraq, dünyanın müxtəlif ölkələrindən olan tanınmış musiqiçilər iştirak edirlər. Bu ilki müsabiqədə dünyanın 29 müxtəlif ölkəsindən olan pianoçu gücünü sınadı. Bu yarışmanın əvvəlkilərdən fərqləndirən cəhəti o idi ki, youtube vasitəsilə canlı olaraq baxmaq mümkün oldu. Müsabiqənin gedişatını yarışma keçirilən şəhərin televiziyası bütün İspaniyaya yayırdı. Ən gənc pianoçu olmağıma baxmayaraq, digər iştirakçılardan seçilə bildim. 1-ci turda 40, ikinci turda isə, 50 dəqiqəlik çıxış etdim. Finalda ilk yeri rus pianist tutdu”.

Politoloqun oğlu ispan tamaşaçılarının rəğbətini qazandığını və ölkəmizi layiqincə təmsil etdiyini söylədi: “Tamaşaçı rəğbətini qazandım. Çıxışım ispan tamaşaçıların xoşlarına gəldi. Təsadüfi deyil ki, ilk yeri tutan rus pianisti tamaşaçılar bir dəfə, məni isə, üç dəfə təkrar-təkrar səhnəyə dəvət edərək, alqışladılar. Bayırda da bu xoş münasibətin şahidi oldum. Ən maraqlı cəhət odur ki, gələn il keçiriləcək bu müsabiqənin açılışına birinci yeri tutan rus pianist deyil, mən dəvət edildim. Çox sevinirəm. Düşünürəm ki, Azərbaycan adını layiqincə təmsil etdim”.


Müəllif:

Oxşar xəbərlər