Bu ilin noyabr ayının 13-dən etibarən çoxdan bəri gözlənilən musiqi yarışması - "Səs Azərbaycan" AzTV-nin efirində start götürüb. Layihənin strukturu, populyarlığı artıq bizim tamaşaçılara dünyaca məşhur layihənin Türkiyə versiyası olan "O səs Türkiyə"dən məlumdur. Amma xatırlatmaqda fayda var deyib, layihə barədə məlumat verək...
"Gözübağlı dinləmələr"də finala doğru
"The Voice" bütün dünyada vahid, unikal format olmaqla yanaşı, indiyə qədər televiziyalarda yayımlanan digər səs yarışmalarından fərqlənir. Qaydalara əsasən, 4 nəfərdən ibarət münsiflər heyəti "gözübağlı dinləmələr" mərhələsində öz komandalarını formalaşdırmalıdır. Münsiflər heyəti arxası səhnəyə doğru əyləşərək iştirakçıların vokal imkanlarını dəyərləndirib, onları seçir. Hər münsif öz komandasına yalnız 14 nəfər seçə bilər. "Gözübağlı dinləmələr"dən sonra iştirakçılar mübarizəsini "Rinq" və "Canlı efir"də davam etdirir. "Rinq"də bir münsifin komandasında olan iştirakçılar həmin komandada olan rəqibi ilə səhnədə musiqili duelə çıxır. Çıxışın yekununda münsif öz komandasından olan iki iştirakçıdan birinə növbəti mərhələdə çıxış etmək şansı verir. Bu mərhələnin sonunda "Canlı efir" mərhələsinə yalnız 32 iştirakçı keçir. Canlı efir mərhələsi dörd mərhələdən ibarətdir. İştirakçıların müsabiqədəki taleyini münsiflərlə yanaşı, eyni zamanda tamaşaçıların verdiyi səslər həll edir. İlk iki mərhələnin yekununda 32 iştirakçıdan yalnız 16 nəfər yarışmada iştirakını davam etdirmək hüququ qazanır. Beləliklə, hər münsifin komandasındakı iştirakçı sayı 2 dəfə azalır. Sonrakı iki mərhələdə hər münsif daha bir iştirakçısını itirir. Təbii ki, bu da münsiflərin və tamaşaçıların səsverməsi nəticəsində bəlli olacaq. Nəticədə 4 "Canlı efir" mərhələsindən sonra yalnız 8 iştirakçı yarımfinala keçmək hüququ qazanır.
Yarımfinalda qalan səkkiz iştirakçı səhnədə bir mahnı ifa edəcək ki, bu mahnı ona finala keçmək şansı verə bilər. Canlı yayımlanacaq bütün çıxışların yekununda münsif və tamaşaçıların verdikləri səslərlə 4 iştirakçı finala keçəcək.
Final mərhələsində 4 iştirakçı olacaq iki mahnı ifa edəcək. Onlardan biri solo, digəri isə tabe olduğu münsiflə duet şəklində təqdim ediləcək. Canlı yayımdakı bu çıxışların sonunda tamaşaçı səsverməsi nəticəsində ən az səs toplayan iştirakçı yarışmanı tərk edəcək. Sonra qalan üç finalçı hərəsi ayrı-ayrılıqda səhnədə yekun mahnılarını təqdim edəcək. Bunun sonunda isə tamaşaçılar "Səs Azərbaycan"ın adına aydınlıq gətirəcək və o, bu layihənin qalibi olacaq.
Əcnəbi ölkələrdə azərbaycanlıların uğurları
Yazının əvvəlində də xatırlatdıq ki, daha çox "O səs Türkiyə" yarışması ilə hafizələrimizdə yer edən layihədə tez-tez azərbaycanlı gənclərin də iştirakının şahidi oluruq. "Eurovision" iştirakçımız Elnur Hüseynovun "O səs Türkiyə"dəki qalibiyyəti də bizimkiləri daha da həvəsləndirdi. Elnurdan başqa Ukraynanın "Qolos" yarışmasında iştirak edən Vaqif Nağıyevi də unutmaq olmaz. Onun güclü səs tembri ilk verilişdən populyarlıq qazandı, amma iştirakçımız finalın bir addımlığında yarışmanı tərk etdi.
Nəhayət, layihə Azərbaycana gəldi və hazırda proqramın "Gözübağlı dinləmələr" mərhələsinin beşinci həftəsi arxada qalıb. Yarışmanın münsif kürsüsündə Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artistlər Tünzalə Ağayeva və Manana əyləşib.
Sosial şəbəkələrdə narazılıq
Yarışma barəsində xoş sözlər deyənlərlə yanaşı tənqid edənlər də az deyil. Xüsusilə, yarışmanın sosial şəbəkədəki ünvanlarında münsiflər heyətinin doğru seçilməməsi, iştirakçıların isə Azərbaycan musiqilərinə çox az müraciət etməsi ilə bağlı iradlara tez-tez rast gəlinir. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:
"Münsiflər düzgün seçilməyib. O kürsüdə Murad Arif, Samira, Elnur Hüseynov, Samir Cavadzadə oturmalıydı".
"Yəqin münsiflər də bu yazıları oxuyur. Elədirsə, bilsinlər ki, hansısa iştirakçı ilə danışanda, imkan versinlər, o biri münsiflər də sualını versin. Eyni insanın səsini eşitmək tamaşaçıları yorur".
"İngilis dilində oxumaları camaatı bezdirdi, bunlar isə hələ də dayanmırlar. Münsiflərdən Manana Çaparizde ilə Tünzalə Ağayevə elə bil birinci dəfədir ki, efirə çıxıblar, nə Faiq Ağayevə, nə də ki Mübariz Tağıyevə danışmağa imkan vermirlər. Heç olmasa Türkiyədə və Rusiyadakı yarışmada olan münsiflərə baxsınlar və ibrət götürsünlər".
"Yaxşı ki, bu layihədə Faiq Ağayev yer alıb. Çünki iki xanımın bir-birinə aman verməməsi və ən pisi Mübariz Tağıyevə imkan verməmələri kənardan çox gülməli görünür. Faiq Ağayev söhbətə hansı hissədə və necə başlamağı bilir. Mübariz müəllim isə hələ müşahidə edir. Amma əsas olan "səs"lədir ki, onlara da söz yox".
"Bu musiqi yarışmasının adı "Səs Azərbaycan"dır. Amma bu yarışmaya gələn iştirakçıların çoxu ancaq xarici musiqilərə üstünlük verirlər. Çox az iştirakçı Azərbaycan dilində mahnı oxuyur. Bu da öz dilimizə hörmət".
"Qeyri-peşəkar tənqidləri qəbul etmirəm"
Bəs görəsən, münsiflər heyəti onlara qarşı olan iradlara necə reaksiya verirlər?
Əməkdar artist Tünzalə Ağayeva: "Səs Azərbaycan" başlayandan bəri bütün həyatım orada keçir. "Görmədən dinləmələr" etapından sonra başqa mərhələlər başlayacaq. Komandam artıq yığılıb. Komandamda çox maraqlı, istedadlı, kreativ səslər var. Gənc nəsildən olan istedadları biz belə müsabiqələrdən kəşf edirik. Bu layihə yenilikdir, böyük bir inqilabdır. Televiziya məkanımızda "Səs Azərbaycan" kimi böyük şou olmamışdı. Hər iş kimi bu müsabiqə də bəyənildiyi qədər, tənqid də edilir. Veriliş peşəkar adamlar tərəfindən tənqid olunursa, orada dialoqa və müzakirəyə yer var. Qeyri-peşəkar, cahilcəsinə olunan tənqidi və təhqiri qəbul etmirəm. Səs komandası və peşəkar münsif olaraq tənqidlərə reaksiya vermirik. Təəssüf edirik ki, sosial şəbəkələr tənqidi şərhlərlə doludur".
Faiq Ağayev iradları olanlara səsləndi
Xalq artisti Faiq Ağayev: "Bu yarışın hüquqları Hollandiyanın "Talpa" şirkətinə məxsusdur və şirkətin qaçılmaz tələbləri, qaydaları var. "Görmədən dinləmələr" mərhələsində bütün ölkələrdə - Türkiyədə, Rusiyada, o cümlədən, yarışmanın ilk dəfə keçirildiyi Azərbaycanda da, ingilis dilində olan mahnılar çoxluq təşkil edir. Daha sonra ingilis və yerli dildə olan mahnıların nisbəti dəyişir. İradları olanlar oturub, Gürcüstanda, Ukraynada, Türkiyədə və Azərbaycanda "Görmədən dinləmələr" mərhələsini izləsələr, görəcəklər ki, bu mərhələdə ingilis dilində olan mahnılar çoxluq təşkil edir. Niyə başqalarına olar, özümüzə yox? Bizim niyə özümüzü sevməyi bacarmadığımızı başa düşmürəm. Mahnı seçimində iştirakçılara heç bir təzyiq yoxdur. Hamı görür ki, kim Azərbaycan dilində oxumaq istəyirsə, gəlib oxuyur. İştirakçılar qarşısında heç bir məhdudiyyət qoyulmur. Mən ustad münsifəm, bizim bu məsələlərə təsir göstərmək gücümüz yoxdur. Yanvarın 1-dən "Rinq" mərhələsinə girəcəyik. Onda görəcəksiz ki, Azərbaycan dilində olan mahnıların sayı çoxdur".
"Sınaq meydanıdır"
"Gündəlik Teleqraf" olaraq mövzu ilə bağlı digər peşəkarları da sınağa çəkdik:
Xalq artisti Eldar Mansurov: "Bu cür yarışmalar gənclər üçün sınaq meydanıdır. Oxuyurlar, özlərini göstərirlər, tanıtdırırlar. Fikir versəniz, bu müsabiqələrdə eyni adamlar oxuyurlar. "Səs Azərbaycanda"da da əvvəlki müsabiqələrdə iştirak edənləri görmək olar. Belə yarışmaların əleyhinə deyiləm, o cümlədən də "Səs Azərbaycan"ın. Bu müsabiqələr gənclər üçün yaxşı məkandır. Kimin şansı olur, ortalığa çıxır. Amma bu cür yarışmalar bizim sənət aləmində hər hansı irəliləyişə səbəb olmur. Müsabiqə müsabiqədir".
"Burada şitlik görmədim"
Xalq artisti Gülyanaq Məmmədova: "Yarışmaya baxıram. Münsifləri bəyənirəm. Adətən, əcnəbi layihələrin Azərbaycan versiyasını edəndə təkrarçılıq olur və əksəriyyətində şitlik də hiss olunur. Məsələn, Türkiyə telekanallarında baxıb bəyəndiyimiz bir çox verilişlərin Azərbaycan versiyasında bunu açıq-aşkar görmək mümkündür. Amma bu verilişdə şitlik görmədim. Əksinə səmiyyət var, jürilərinin özlərini aparmaları, zarafatları çox yerində idi. Amma bir iradım var: o da iştirakçıların ifa etdiyi əcnəbi musiqilərlə bağlıdır. Dinlədiyim ifaçıların hamısı xarici mahnılar ifa edirdilər. Mən isə daha çox öz mahnılarımızı eşitmək istərdim".
"Mahnılarımızın oxunması şərt deyil"
Xalq artisti Faiq Şücəddinov: "Layihəni bəyənirəm, baxıram. Dünyada populyarlıq qazanan layihə olduğu üçün bizdə də həyata keçirilməsi normaldır. Bizdə çox istedadlı gənclər var ki, çıxışlarından bunu hiss etmək olur. Çox istəyirəm ki, o gənclərin səsləri Rusiyadan və digər ölkələrdən gəlsin. Bütün günü radio və televiziyaların efirlərindən müğənnilər heç özləri də bilmirlər hansı ölkənin mahnılarını oxuyurlar, buna heç kim bir söz demir. Amma müsabiqədə iştirak edənlərin əcnəbi mahnı oxumalarına qarşı çıxırlar. O mahnılar estradaya yaxındır və olduqca çətin musiqilərdir. Hər iştirakçı özünə yaxın musiqini ifa edir. Həm də bu layihə Azərbaycanın layihəsi deyil, dünyaca məşhur proyektdir. Burada mütləq Azərbaycan mahnılarının ifa olunması şərt deyil".
"Özümüz günahkarıq..."
Əməkdar artist Gövhər Həsənzadə: "Azərbaycanın efir məkanında keyfiyyətli layihənin olmasına hər zaman ehtiyac var. Layihə AzTV-də efirə çıxır və ona görə onun keyfiyyətinə, səviyyəsinə şübhə ilə yanaşa bilmərəm. Niyə? Çünki bu şəxsi kanal deyil ki, deyim yarışmaya hansısa maraqlardan yanaşır. AzTV-də efirə çıxdığına görə əminliklə deyə bilərəm ki, layihə Azərbaycanın peşəkar sənətinə, musiqisinə yönəlib və istedadlıları üzə çıxarmaq məqsədi daşıyır. Məhz ona görə də münsiflərin seçimində heç bir qüsur tutmalı deyiləm, tutmuram da. Layihənin nəticələrinə gəlincə, burada daha çox yük və məsuliyyət özəl şirkətlərin üzərinə düşür. Onlar nəinki qaliblərin, finala qədər səylə çıxış edən, öz istedadlarını yüksək səviyyədə ortaya qoyan gənclərə diqqət etməli, onlarla işbirliyinə səy göstərməlidirlər. Çünki bizdə çox istedadlı həm gənc, həm də orta yaşlı ifaçılarımız var. Ona görə mən düşünürəm ki, bu müsabiqə bir müddətə qədərdir. Müsabiqə bitəndən sonra orada özünü yaxşı mənada göstərən ifaçıları hər zaman diqqətdə saxlamalıyıq. Çünki ora gələn insanlara görünmək, diqqət çəkmək və sənət daha böyük nailiyyətlər əldə etmək istəyirlər və bu yolda onların şansı olmalıdır. İnanıram ki, bu şansı onlara verən əllər də tapılacaq.
O ki qaldı indiki mərhələdə səslənən əcnəbi musiqilərə, bu illərdir televiziyaların apardığı siyasətin nəticəsi, bizim təbliğat aparatı olan kanalların güzgüsüdür. Biz nəyi təbliğ etmişiksə, nəyi insanların qulağına təlqin etmişiksə indi onu da efirdə eşidirik. Çünki ora çıxan ifaçı tamaşaçıların xoşuna gəlsin deyə dillər əzbəri olanı musiqiləri ifa etməyə məcburdur. Biz xarici musiqini, əsərləri təbliğ edirik, onları bəyənirik, bəyəndiririk və nəticədə ifaçılar da hər kəsin xoşuna gələni ifa edir. Özümüz günahkarıq və bu da nəticəsidir".
Nərmin Muradova