Teleqraf.com Moderator.az-a istinadən Elmin Nurinin Alim Qasımovdan aldığı müsahibəni təqdim edir:
- Türkiyədə yaşayan azərbaycanlı professor Kamil Vəli Nərimanoğlu sizin barənizdə “Səs” adlı esse-kollaj yazıb. Orada həm sizi, həm də ilahi səsi yenidən kəşf etdim. Bu səs nədir, haradan gəlir, haraya gedir?
- Mən bunların hamısını Allahla bağlayıram. Allah hər zaman insan övladına düzgün yolu, düzgün yaşamı göstərmək üçün hansısa işarələr sistemindən istifadə edir. Mən də belə düşünürəm ki, bu səs deyilən məfhum da İlahidən gələn işarədir. Burada söhbət tək məndən getmir. Ümumiyyətlə, səsi özündə yaşadan, dirildən insanlardan bəhs edirəm. Biz elə bilirik ki, bu bizə məxsusdur. O səslə biz nəsə edirik. Amma elə deyil! Biz sadəcə olaraq bir vasitəçiyik, missionerik. Allah buna görə bizi seçib və bizdən sonra da bu missiyanı kiməsə ötürəcək. Həmin missiya insanları doğru yola səsləmək, onu Allaha tərəf çağırmaq, ruhunu nurlandırmaqdan ibarətdir…
- Sizin səsinizlə Füzulinin kədəri, həqiqəti arasında mütləq bir energetik əlaqə var. Siz bu əlaqəni necə hiss edib və necə çözə bilirsiz?
- Mən bu suala cavab verməkdə acizəm. Çünki bu birbaşa hisslə, yaşantı ilə əlaqədardı. Hissə aid olanı açmaq mümkün deyil. O hər bir adamın öz daxilində gizli sirr olaraq qalır. Amma mən oxuyuram. Füzulidən oxuyan zaman həmin misraları onun düşündüyü, yazdığı məna ilə yox, öz anladığım dərəcədə yaşayıram. Belə olanda səsin yanğısı daha da artır. Unuduram hər şeyi. Çünki bu zaman yalnız mənə aid olan, qavradığım bir aləmin içində oluram. Düşünürəm ki, tamaşaçı da ən çox mənim ifamda bunu bəyənir.
- Yaradıcı insanın sərbəstlik, özgürlük içində yaşaması və sənətini oradan nümayiş etdirməsi sizdə daha çox hiss olunur…
- Bəli elədir. Amma bu birbaşa olmur. Hər ifada qovrula-qovrula, əldən düşə-düşə o aləmin içinə girirsən. O aləmə ki, varid oldum, artıq hər şey yaddan çıxır. Mən daha bilmirəm ki, burada zal və tamaşaçılar var. Onların haqqında heç düşünmürəm də. Mən onda başqa aləmdə özümlə baş-başa qalıram.
- Hansısa Avropa ölkəsinin vətəndaşı müsahibəsində demişdi ki, Alim Qasımovu başa düşmürəm, amma o, oxuyanda mən sanki babalarımın ruhu ilə görüşüb gəlirəm. Bu görüşdürmə prosesi necə baş verir?
- Avropa tamaşaçılarının səsə, ifaya baxışı fərqlidir. Hətta görürsən ki, sözləri anlamaya-anlamaya gözlərindən yaş da gəlir. Adam özü təəccübənir ki, heç bir təmas olmaya-olmaya, sözləri anlamadan bu, necə təsirlənir? Yəqin ki, elə dediyiniz kimidir. İfa müddətində mən, əslində, öz “səyahət”im barədə düşünürəm. Öz aləmimdə qarşımdakını unuduram. Lakin tamaşaçılar sonra deyirlər ki, biz sanki aya-ulduza, fərqli bir dünyaya getdik, Allaha daha da yaxınlaşdıq…
- Şah İsmayılın Xətainin məşhur “Yer yox ikən, göy yox ikən ta əzəldən var idim” misrası ilə başlayan qəzəlini oxuyanda sanki kainatın ilkin yaranış formasını bu səsin içinə salırdınız. Səs və insan həqiqətənmi kainatdan qabaq var olublar?
- Mən sadəcə oxumuşam. Qəzəlin tam mənasın bəlkə də başa düşmürəm. Fəlsəfəsini dəqiq bilmirəm, mən öz içimdəki fəlsəfəni oxuyuram. Əvvəl yaradıram, sonra səsə çevirirəm. Öz içimdəki fəlsəfə nədir, onu desəm, sizə maraqlı olmaz. Həm də o mənim özümə məxsusdu.
- Sizi dinləyəndə anlamaq olur ki, ifanız zamanı xariclə zil arasındakı incə bir tel dayanır. Amma sərhəd heç zaman pozulmur. Siz bu telə qədər çox azadsız. Amma necə olur ki, tel qədər nazik olan bir sərhəd heç zaman keçilmir?
- Keçilə də bilməz. Mən səsimdə çox da azadam. Amma bəlirlənmiş qaydalar, sistemlər var. Hər şey öz harmoniyasını pozana qədər gözəldir. Ahəng yox oldusa deməli, səs də yoxdur!
- Siz qeyri-ənənəvi ifa tərzinin əsasını qoydunuz. Vaqif İbrahimoğlu da “YUĞ” vasitəsilə alternativ sənəti meydana gətirdi. Əvvəllər sizin heç birinizi qəbul etmirdilər. İkiniz arasında isə qarşılıqlı münasibətlər var idi. Sizinlə YUĞ-u, Vaqif İbrahimoğlunu birləşdirən bu qeyri-ənənəvilik idi?
- Bəli, elədir. Bu belə olmasa idi Vaqif müəllim məni tamaşaya dəvət etməzdi. Bizi sərbəst, azad ruh birləşdirirdi.
- Ümumiyyətlə Vaqif İbrahimoğlu şəxsiyyəti və YUĞ haqqında başqa nə deyə bilərsiz?
- Mən o kişinnin sənətini incələyə bilmərəm. Əvvəla ona görə ki, hər birimiz sənətin ayrı-ayrı sahələrində fəaliyyət göstərmişik. Odur ki, teatr biliciləri kimi onun rejissurasını, fərqliliyini incələyə bilmərəm. Amma qeyd edim ki, o ruhda, dərvişvari fikir sistemində, qeyri-ənənəvi tərzdə Azərbaycanda 3 adam olubsa onlardan birincisi elə Vaqif İbrahimoğlu olub. Ola bilsin başqaları da var. Amma mənim tanıdığım Vaqif müəllimdir. Mən çox təəssüf edirəm ki, sənətdə yollarımız ayrı-ayrı onunla gecə-gündüz bir yerdə çalışmadım. Onun söhbətlərinə qulaq asmadım. Təsadüfdən-təsadüfə görüşlər, yaxud tədbirlərə dəvət edərdi, ya da iştirakımızı istərdi. Amma Vaqif İbrahimoğlu tamam ayrı ruhda bir insan idi. Bu özünü onun işində də, qurduğu teatrda da yetişdirdiyi tələbələrdə də göstərdi. Sizə deyim ki, o, sənətin hansı istiqamətinə fəaliyyət göstərsə idi, mütləq orada uğur qazanacaqdı. Amama "YUĞ" yolunu seçdi. Dünyaının bir çox ölkələrində belə qeyri-ənənəvi teatrlar olub. Azərbaycanda yox idi, ilk olaraq Vaqif müəllim bunun əsasını qoydu. Allah ona rəhmət eləsin. Nə qədər ki, "YUĞ" var, o qədər də Vaqif müəllimin, adı-sanı yaşayacaq, ruhu bizimlə olacaq.