4 Fevral 2016 12:29
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 12-də Akademik Opera və Balet Teatrında 2016-cı ilin ilk premyera tamaşası - görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin “Françeska da Rimini” baletinin premyerası olacaq.

“Françeska da Rimini” bəstəkarın eyni adlı simfonik poemasının musiqisi əsasında səhnəyə qoyulub. Baletin süjet xəttini Dantenin məşhur “İlahi komediya”sı adlı poeması təşkil edir.

Musiqi əsəri ilk dəfə 25 fevral 1877-ci ildə dirijor N.Q.Rubinşteynin idarə etdiyi simfonik orkestr tərəfindən Moskvada, 11 mart 1878-ci ildə isə Peterburqda ifa olunub və çox böyük uğur qazanıb.

Xüsusilə də Peterburqdakı ifa daha müvəffəqiyyətli olub. Dövrünün məşhur musiqiçi və musiqi tənqidçisi olan K.Y.Davıdov yazırdı: “Françeska” dövrümüzün möhtəşəm və dəyərli əsərlərindən olub, uzun əsrlər boyu yaşayacaqdır".

“Françeska da Rimini” baletində ailəli gənc qadın Françeskanın Paoloya - öz ərinin kiçik qardaşına olan məhəbbəti və onların faciəvi taleyindən bəhs olunur.

Tamaşanın quruluşçu baletmeysteri Pellumb Aqalliyay (Albaniya), musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada əsas partiyaları Azərbaycanın Əməkdar artisti Nigar İbrahimova (Françeska) və truppanın gənc solistləri Timur Oduşev (Paolo) və Makar Ferştandt (Cotto) ifa edəcəklər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər