"Yer saatı - 2016" kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir.
Bu ilki tədbir 19 mart saat 20:30-da Bakı şəhərində "İqlim dəyişikliyinə Bir İşıq Saç!" şüarı altında qeyd ediləcək.
Qeyd edək ki, "Yer saatı" kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir. "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, "Yer saatı" aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.
Hər il mart ayının son şənbə günü qeyd olunan "Yer saatı" kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2015-ci ildə dünyanın 172 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.
WWF-in Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində "Yer saatı" kampaniyası çərçivəsində maraqlı tədbirlər və müsabiqə keçirəcəkdir. Eyni zamanda şəhərimizin ən məhşur binaları fasad işıqlarını bir saat müddətində söndürərək bu kampaniyaya dəstək verəcəklər. Kampaniyada iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də gəncləri və şəhər əhalisini tədbirdə iştirak etməyə dəvət edirik.
Bundan əlavə, Facebook sosial şəbəkəsinin istifadəçiləri http://www.changeclimatechange.org vebsaytından öz profil şəkillərini dəyişərək və Yer Saatı haqqında məlumatları öz səhifələrində bölüşərək kampaniyaya dəstək verə bilərlər.
"Yer saatı-2016" tədbirin detalları ilə Facebook səhifəsində və vebsaytdan tanış ola bilərsiniz.