3 Mart 2016 12:04
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ədəbiyyat adamları arasında sorğu keçirib: “Kitablarınızın satışından yaxşı qazanc əldə eləyirsinizmi?”

Səslənən fikirləri təqdim edirik:

Vidadi Babanlı: “Kitab satışı məsələsi çox ciddi məsələdir və bu, ən yaralı yerimizdir. Yaxşı olardı ki, bir təşkilat olardı, kitabların satışı ilə bağlı nəsə bir iş görərdi. İndi nəşriyyatlar kitabları çap eləyirlər, sonra da müəllifin qoltuğuna verir ki, apar, özün necə bilirsən, elə də sat. Bu, çox pis şeydir. Xaricdə belədir ki, nəşriyyat əsəri alır, oxuyur. Görür ki, yaxşıdır, satılacaq, onda müəlliflə müqavilə bağlayır. Kitabın satışını da nəşriyyat özü təşkil eləyir.

Bir şey də var ki, pis kitablar da, necə deyərlər, yaxşı kitabların vayına oturub. Hər yerindən duran cızma-qara, cəfəngiyat bir kitab yazır. Yəni bu cür şeylər yaxşı kitabları da oxucuların gözündən salıb. “Zəmanə adamı” kitabımı mağazaya vermişəm, heç bilmirəm satışı necə gedir. Yəni heç bir şey qazana bilmirik”.

Elxan Elatlı: “Mən, ümumiyyətlə, kitab satışının içində deyiləm. Yəni bu ticarət məsələsidir. Mən öz yazılarımı nəşriyyata verirəm və onun müqabilində müəyyən qədər qonorar alıram. Nəşriyyatların onları çox çap eləməsi, az çap eləməsi, pirat kitabların onlara maneə olması isə başqa məsələdir. Yəni burda çox ürəkağrıdıcı məsələlər var. Belə deyim ki, bu gün kitablarının müqabilində iki-üç nəfər beş-altı manat pul alır ha, həmin adamların fikrini ifadə edib deyirəm ki, bu gün kitab satışında yaxşı qazanc yoxdur. Ona görə də bununla bağlı mən də başqa variantlara əl atmaq istəyirəm. Amma çox istəyərdik ki, elə bir şərait yaradılsın ki, heç olmasa, oxunaqlılığın payı qədər qonorar əldə eləyək. Bir də bunu deyim ki, çox oxunmaq hələ çox satılmaq da deyil. Yəni bu gün Azərbaycanda belə bir reallıq var. Şəxsən mənim oxucularımın çoxu, az qala yetmiş faizi kitabxanalardan və kimdənsə kitabı alıb oxuyur, sonra sahibinə qaytarır. Amma hələ ki nəşriyyatlar belə işləyir: kitab satıldıqca sənin pulunu verəcəyik. Burda da müəllifi nə dərəcədə aldadırlar, aldatmırlar onların öz vicdanına qalır.

Ümumilikdə isə, bu gün kitab satışı məni bu mənada qane edir. Yəni ətrafıma baxıb özümü başqaları ilə, maaş alan insanlarla müqayisə edəndə şükür eləmək istəyirəm. Amma başqa ölkələrlə, onların öndə gedən yazıçıları ilə müqayisədə isə adam danışmağa da utanır”.

Varis Yolçuyev: “Son vaxtlar kitab satışı çox zəifləyib. Metro ticarət şəbəkəsində kitabların satışının yığışdırması buna böyük zərbə vurub. Məsələn, mənim kitablarımın tirajı on min idi. Amma metroda satış dayanandan sonra altı minə düşdü. Hazırda mart-aprel ayları yeni kitabım çıxmalıdır, onun tirajı dəqiq müəyyənləşməyib. Düşünürəm ki, maksimum dörd min tiraj olacaq.

Azərbaycanda mənim kitablarımın yayım hüququ “Hədəf” nəşrlərindədir. Amma kitablarımın Amerikada, Türkiyədə, Rusiyada yayımlanmasını başqa nəşriyyat öz üzərinə götürüb və mənə qonorar verir.

Qazanca gəldikdə isə o biri ölkələrə baxanda yaxşı deyil, amma hər halda normaldır. Yəni Azərbaycan ölçülərinə görə on min tiraj qazanc üçün yaxşıdır”.

Seyran Səxavət: “Mənim heç vaxt kitab satışından qazancım olmayıb. Kitablarımı sadəcə kitabxanalara, dosta-tanışa verirəm. Yəni qazanc söhbəti yoxdur”.

Çingiz Abdullayev: “Oxucalarımın kifayət qədər olması məni qane edir. Amma bunu da deyim ki, digər yazıçılarımızın oxunmamasına təssüflənirəm. Kitablarımın satışına gəldikdə isə əldə olunan qazancla razıyam”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər