Teleqraf.com məşhur teatrşünas Aliyə Dadaşova ilə müsahibəni təqdim edir:
- Aliyə, son zamanlar Azərbaycanda ən məşhur teatr YUĞ teatrıdır. Dostlarımızın başına gələnlər uzun müddət mətbuatın gündəmindən düşmədi. Budur, artıq YUĞ yeni ünvanda tamaşalar göstərməyə başlayıb. Səncə, yeni ünvanda YUĞ əvvəlki YUĞ olacaqmı?
- Teatr əgər diridirsə, olacaq. YUĞ-çular özləri deyirdi ki, teatr binadan ibarət deyil. Teatrı muzey kimi saxlamağın tərəfdarı deyiləm. Bəlkə bu, fürsətdir ki, teatr yıpranmaqdan xilas olsun, özünü göstərə bilsin. YUĞ-un aktrisalarından biri deyirdi ki, yenə Kukla Teatrı istidir, köhnə binanın soyuğundan canımız qurtardı...
Sadəcə, məsələ teatra göstərilən münasibətdədir. Həm də o bina tarixi baxımdan maraqlı idi, yəni o binanın yerində nə tikəcəklər ki, ondan daha maraqlı olacaq? Mən bir memardan müsahibə almışdım, o deyirdi ki, belə maraqlı tarixi hətta tarixçəsi olan məkanları saxlamaq üçün müxtəlif layihələr var. Tutalım, oranı söküb park edəcəklər, amma bəzi məkanları saxlayıb kiçik baxçalar da edə bilərlər. Şərt deyil ki böyük park olsun. Həm yaşıllıq olar, həm də özünəməxsusluq. Yəni məsələ nəyə dəyər verməkdədir.
- Müstəqillik dövründə yaranan Kamera Teatrı özünəməxsus üslubu ilə seçilirdi. Bu teatr tək Azərbaycanda yox, qonşu ölkələrdə də uğur qazanırdı. Sonra Kamera Teatrı Gənc Tamaşaçılara birləşdi. Sonra olanlardan sənin hamıdan yaxşı xəbərin var. Səncə, bizdə teatrlar birləşməlidir, yoxsa ayrılmalıdır?
- Çox teatr çox fikir, çox tərz deməkdir. Şəhərdə teatr nə qədər çox olsa, azad plüralist cəmiyyətə inam da o qədər çox olar. Amma baş verənlər göstərir ki, teatrı darıxıdırıcı bir sahəyə, lap elə obyektə çevirmək istəyində olanlar daha güclüdür.
Bizim teatra münasibətimiz ehkamçıdır. Teatrın özünə də münasibəti ehkamçıdır. Yəni nə biz, nə də teatr adamları teatrın üzərinə düşən məsuliyyəti hiss etmir. Məsələnin nə qədər ciddi olduğunu anlamırlar. Məsələsə çox ciddidir.
Bax, sənə və mənə ən vacib olan, birinci yerdə olan məsələ nədir? Əminəm ki sən körpə oğlunu deyəcəksən, mən də balaca qızımı deyəcəyəm, elədir?
– Aha...
Sən öz balacanı yırtıcı, laqeyd, merkantil və ya obıvatel cəmiyyətə buraxmaqdan qorxmursanmı?
– Qorxuram, Aliyə, çox qorxuram...
- Ona nə qədər yüksək təhsil versən də, nə qədər yaxşı geydirib yedirsən də, əvvəl-axır bu cəmiyyətdə yaşayacaq, bu yazılmamış qanunlarla, münasibətlər sistemi ilə qarşılaşacaq. Teatrın bir görəvi də ünsiyyət qatı yaratmaq, görüşmək və danışmaqdır, sual qoymaqdır, insana özü haqda, həyat haqda düşünməyə balaca bir zaman kəsməkdir. Ona insan olduğunu xatırlatmaqdır.
Bizim teatr nə edir? Bizim teatr sağ qalmaq üçün yaşayır sanki. Zaldakı boş yerlərin dərdini çəkir, nə bilim TV ilə, kino ilə rəqabətdən danışır və s. Artonun diliylə desəm, onun sual qoymaq gücü yoxdur, heç belə dərdi də yoxdur. Öz hermetik dünyasında sənət anlayışı yaradıb və orada nələrsə edir. Ayrı-ayrı baxmalı tamaşalar var, amma ümumilikdə bizim teatr ideyadan ayrı düşüb, bioloji orqanizmə çevrilib. Yanımızda yaşayan, bizimlə xala-xətrin danışan bioloji orqanizmə.
Bütün bu vaxt ərzində nə qədər teatr adamı ilə müsahibə eləmişəm, eyni sualı hamısına vermişəm, bizim müasir yazarlardan kimi oxuyursunuz? Yerli və ya xarici? Yerliləri ümumiyyətlə, çoxu oxumur. Teatr bu günün yazıçısını, şairini tanımır, ədəbiyyatda gedən prosesləri bilmir. Demirəm ki, götürüb tamaşaya qoysun, sadəcə, tanısın, bilsin. Bu, ciddi məsələdir.
- Teatrın, ümumiyyətlə, sənət ocaqlarının dövlətlə münasibəti necə olmalıdır? Tamamilə maddi baxımdan dövlətdən asılı olmaq teatrın əl-qolunu bağlamır ki?
- Əslində, dövlət teatrlarının da pul qazanmaq imkanı var, planı verdikdən sonra. Amma bizim teatrlar buna maraq göstərmirlər. Zalı icarəyə verməkdən başqa, sırf kassadan daha çox gəlir götürmək söhbətini bağlayıblar. Ancaq uşaq tamaşalarından çox zaman da nağıl qəhrəmanlarının sayəsində kassadan gəlir olur bildiyim qədər.
Dövlət teatrı olmağın müəyyən məhdudiyyətləri var, deyək ki, senzura ola bilər və ya mexanizm yaradıcı adam üçün əlverişli deyil, maaşlar aşağıdır, amma bu, o demək deyil ki, teatr desin ki, bilirsiniz, mən dövlət teatrıyam ona görə tamaşalarım bir az darıxdırıcı və ciddidir. Adi vətəndaş büdcəyə vergi ödəyir, teatr da dövlət sifarişi ilə tamaşalar hazırlayır, onun verdiyi pullara görə keyfiyyətli tamaşaya baxmaq haqqı var.
Teatr adamları düşünür ki, teatr dövlətin köməyi olmasa fiziki olaraq yaşaya bilməz. Bunu teatrşünaslar da deyir. Az da olsa aktyorlara maaş verə bilir dövlət teatrı. Amma bir fakt da var ki, dövlət teatrı olandan sonra teatr daha çox fiziki olaraq yaşayır.
Bizdə cəmi bir müstəqil teatr var, onu da ordan bura, burdan ora qovurlar. Bu fakt özü bu sahədəki vəziyyəti aydın göstərir.
- Akademik Teatrın rəhbəri İsrafil İsrafilov xarici rejissorlarla əməkdaşlıq eləyirdi, rejissorlarla müqavilə bağlayırdı. Kənardan mən belə müşahidə eləyirdim ki, onun vaxtında bu qədim sənət ocağında müəyyən nəfəslik açılıb, yeni meyillər yaranıb. Sonra aktyorlarımız qiyama qalxdılar, İsrafilov yola salındı... Əvəzinə isə hamımızın yaxşı tanıdığı Azərpaşa Nemətov gəldi. Ağlın nə kəsir bu kişidən? Mənə elə gəlir ki, Azərpaşa müəllim irəli yox, geriyə atılmış addımdı...
- Məncə, orada baş verənlər qiyamdan çox hansısa kompaniya idi. Ortaya çıxanlar bunu deməyə imkan verir. İsrafilov Terzopulos kimi dünyaca məşhur rejissoru Akademik teatra dəvət etmişdi. Məlum oldu ki, aktyorları Terzopulos yox, sənətdə baş verən və verəcək yeniliklər yox, bufet maraqlandırır. Məsələn, keçmiş şöhrətinin kölgəsində yaşayan yaşlı aktyorları hardasa başa düşmək olar. Onların teatrı geriyə, keçmişə doğru çəkməsini izah etmək olar, amma gənc aktyorların yeniliyə qarşı çıxması adamı heyrətləndirir. Sən demə, onlar daha qoca imiş.
Azərpaşa Nemət neçə min ildir ölü bir quruma – Teatr Xadimləri İttifaqına sədrlik edir. Düzdür, “ Qızıl dərviş” mükafatı da layihə idi, Elə dramaturgiya dərsləri, “İpək yolu” teatr festivalı da. Amma bu min il üçün azdı. Yenə də inanıram ki, hər çıxışında teatrdakı vəziyyətdən, qayğıdan razılıq edən Azərpaşa müəllim teatrın baş rejissoru kimi aktyorların bu zamana qədərki tapdanmış haqlarını müdafiə edəcək. Görürsən, mənim proqnozlarım səninkindən daha optimistdir...
- Son illər Azərbaycanda çəkilən iki film ən amansız kino tənqidçilərimizin belə ürəyini yumşaltdı, onlarda kinomuzun gələcəyinə ümid yaratdı. Söhbət “Nabat” və “Axınla aşağı” filmlərindən gedir. Sənin bu ekran əsərləri barədə fikrin nədir, səncə, onları Azərbaycan kinosunda keyfiyyət dəyişkənliyi hesab eləmək olarmı?
- Həqiqətən, hər iki film peşəkarlıq və ideya-problematika baxımdan seçilir. “Ana Vətən” ifadəsi “Nabat”dan sonra fərqli məna kəsb etdi, məncə. Analıq nə dərin hissdir, o filmlə kəşf elədim. Nabat bütöv kəndin anasıdır orda.
“Axınla aşağı” Azərbaycan kinosunda daim diqqətdə olan, son illər xüsusilə çox işlənən ata-oğul mövzusuna tamamilə yeni bir rakurs gətirdi. Bu rakursla biz yalnız milli və ya ənənəvi ailə modelindən, atadan yox, hətta şəxsiyyət və azadlıqdan da danışa bilərik. Asifin filmi haqda ayrıca məqalə yazmışam. “Fokus” jurnalı çıxa biləndə məqalə çıxacaq.
- Həyat yoldaşın Əli bəy Pantomim Teatrında çalışır. Axır vaxtlar müstəqil düşüncəli yazarlar bu teatrı da tənqid eləyirlər, deyirlər, Pantomim əvvəlki Pantomim deyil. Sənin bu fikirlərə münasibətin...
- Əli teatrdan bir ay olar ki, çıxıb. Onun qərarına təsir göstərməmişəm, amma qərarını dəstəkləyirəm. Tənqid edənlər də düz eləyir, Əli də düz eləyib. (gülür)
– Artıq sənin nə fikirləşdiyin məlum oldu...
- Tənqid teatrın inkişafı üçündür. Nə qədər sadə hesab etsələr belə tamaşaçının gözü, qulağı itidir. O, bəsitliyə dözə bilmir. Deyirlərsə əvvəlki deyil, deməli, nəsə bilirlər.
Pantomimdə xeyli sayda maraqlı nömrələr görmüşəm. Iki yaxşı uşaq tamaşaları var. Məsələn, “Tıq-tıq xanım”a yüz dəfə də olsa baxaram. Aktyora lazım olan hissiyat, enerji uşaqların çoxunda var.
Amma rejissorluğa başlayanda məsələ dəyişir. Mən düşünürəm ki, heç nədən nə isə yaratmaq olmaz. Olsa da o primitiv olar. Adam iki kitab oxuyandan sonra ona dəhşət gələn ziddiyyət mənasını itirir. Səhnədəkilərin adi tamaşaçıdan fərqi yalnız o deyil ki, səhnədəkilərin peşə vərdişləri var, həm də odur ki, onların ziddiyyəti daha dərin olmalıdır. Məsələn, adi tamaşaçı faciənin dibini görə bilirsə, rejissor, aktyor dibsizliyini görməlidir. Eləcə də absurdun və ya komediyanın.
- Aydın Talıbzadə, Məryəm Əlizadə, İlham Rəhimli... Azərbaycanın üç ən məşhur teatrşünası. Aliyə Dadaşovanı bu üç adamdan fərqləndirən əsas nöqtə hansıdır. O hansı məqamdır ki, sən düşünürsən ki, bunu yuxarıdakı üçlük deməyib, gərək mən deyəm?..
- Bilmirəm. Bəlkə elə yaşda, elə statusdayam ki, “Lazımdır”dan çox, “maraqlıdır”ın dalınca gedə bilirəm. Hərçənd bu yaşa və statusa baxmır.
Bayaq həmkarım Könüllə danışırdıq, dedi ki, teatrşünas kimi lazımsızıq, kimə lazımdı axı bu mütəxəssis? Bu barədə düşündüm xeyli. Əlbəttə, könül istərdi ki, proses daha canlı olsun, disskurslar-filan. Amma yoxdursa, bunu elə teatrşünaslar eləyə bilər. Bizdə, – bəlkə dünyada da belədi – teatrşünaslar sanki özünü teatr adamı kimi hiss etmir. Ya da teatr onlara yad yanaşır.
Lap düzünü desəm, teatr hərdən məni iyrəndirib də. Onun bu köhnə ədalarından, pafosundan, mizanlarından, snobluğundan əl çəkə bilmədiyini görəndə kinoya üz tutmuşam. Hətta kinodan mövzu götürmüşəm. Kino maraqlıdır. O qədər ki, heç mövzunun üstünə gəlib çıxa bilməmişəm, eləcə baxa-baxa, oxuya-oxuya gəlirəm...
- Müstəqil ODA teatrını fəaliyyətini izləyirsənmi, fikrin necədir?
- 3 ya 4 tamaşalarına baxmışam. Yazılar da yazmışam. Mənə xoş gələn odur ki, görüşəndə onlar dövlət teatrlarındakılar kimi problem və maneələrdən yox, çıxış yolları və perspektivlərdən danışırlar. Yeganə müstəqil teatr kimi onlar tamaşaçı ilə təkbətək, əliyalın qalıblar. Heç nə yox, onların bu təkbətəkə cəsarət tapması elə bəsdir. Və ODA-nın tamaşalarının keyfiyyətindən çox, bu görüşün nəticələri maraqlıdır.
Sevinc Fədai