Azərbaycan Cümhuriyyəti 1920-ci ildə ruslar tərəfindən işğal edildikdən sonra ölkədə qurulan yeni rejimə qarşı 15 ildən çox müddətdə müxtəlif üsyanlar baş verdi. 28 aprel faciəsindən bir ay keçməmiş Gəncədə baş verən dirəniş bu üsyanların ən mühümüdür. Sonrakı illərdə də yeni hökumətlə barışmayan qüvvələr tez-tez müstəqilliklə bağlı tələblər səsləndirirdilər.
Lakin 1937-ci il qırğını, ardınca II Dünya müharibəsinin başlanması tədricən etirazların səngiməsinə səbəb oldu. 1950-ci illər müharibədən sonrakı durğunluq illəri olduğu üçün növbəti etiraz işartıları 1960-80-ci illər arasında müşahidə olunmağa başlandı. Amma budəfəki etirazlar açıq deyildi, müxtəlif ziyalılar, gənclər arasında kiçik qruplar şəklində, bəzi hallarda isə fərdlər şəklində gizlicə azadlıq ideyaları yayılır, bunun üçün kiçik də olsa, işlər görülürdü. Çünki hələ ki SSRİ dünyanın əsas iki dövlətindən biri idi, 1980-lərin sonları ilə müqayisədə açıq qarşıdurma böyük risk tələb edirdi.
Buna baxmayaraq 1970-ci illərdə yeni gənclik artıq Azərbaycanın müstəqilliyi barədə düşünürdü. Belə gənclərdən biri də Nofəl Tahirzadə olub.
Mənə görə, Azərbaycanın şər imperiyasından xilası üçün zərrə qədər də iş görən hər kəsin yaşadılması, tanıdılması vacibdir. Bu baxımdan müstəqil Azərbaycan ideyası ilə yaşayan Nofəl Tahirzadə haqqında yazılmış “Nofəl Tahirzadə-Müstəqil Azərbaycan Dövləti uğrunda mücahid” kitabını da maraqla oxudum.
Professor Ədalət Tahirzadənin tədqiqatlarını, Azərbaycan tarixi üçün əldə etdiyi yenilikləri müntəzəm izlədiyim üçün bu kitabında da bizim üçün yeni faktların olacağına əmin idim. Üstəlik Nofəl Tahirzadə Ədalət bəyin qardaşı olduğu üçün bir müddətdir professoru tanısam da, bu barədə heç danışmamışdı. Görünür ki, hamımızın kitabdan oxumamızı istəyirmiş.
Kitab Nofəl Tahirzadə haqqında yaxınlarının, dostlarının yazdığı məqalələrdən, Nofələ aid məktublardan, fotolardan, rəsmlərdən, müxtəlif layihə planlarından, şeirlərdən, eləcə də “Babək” adlı povestdən ibarətdir.
Kitabda “Əsrə bərabər 23 il” adlı ilk məqalə isə Ədalət Tahirzadənin özünə məxsusdur.
Müəllif öz qardaşı haqqında kitab yazmasına etiraz edənlərin olacağını düşünüb belə bir qeyd verib:
“Nofəl məndən 4 yaş kiçik qardaşımdır. Bəlkə də, kimsə məni öz qardaşını təbliğ etməkdə suçlamaq istəyəcək. O şəxsə xatırladıram ki, bu yazıdan da görəcəyiniz kimi, Nofəl Tahirzadə çoxdan məhz kiminsə oğlu, kiminsə qardaşı olmaqdan çıxıb – o, artıq bütün millətimizin övladıdır və onun bütöv bir əsrə bərabər olan 23 illik qısa, ancaq hədsiz mənalı ömrü Azərbaycanın bütövlüyü və azadlığı uğrunda şərəfli xalq mübarizəsinin unudulmaz bir parçasıdır. Onun zəngin ömür yolunun incəliklərini məndən yaxşı biləsi və qələmə alası başqa birisi yoxdur...”.
Nofəl Tahirzadə kimdir?
N.Tahirzadə 5 sentyabr 1955-ci ildə Qəbələnin Xırxatala kəndində doğulub. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra o zamankı Əcəmi adına Azərbaycan İnşaat mühəndisləri İnstitutunun memarlıq fakultəsinə qəbul olunub. 1977-ci ildə üç tələbə yoldaşı ilə birgə təyinatla Rusiyaya-Mordoviyanın mərkəzi Saransk şəhərinə göndərilib və orada “Mordovksqrajdanproyekt” layihə institutunda işləməyə başlayıb.
Lakin elə burada faciəli şəkildə həlak olur.
Ə.Tahirzadə yazır: “Məzuniyyət götürüb evə gəlməyinə bir neçə gün qalmış – 6 avqust 1978-ci ildə dəhşətli faciə baş verdi – Nofəl Saranskda bir göldə çimərkən müəmmalı şəkildə boğularaq həlak oldu!..”
Müəllif qardaşının təsadüfən həlak olduğuna inanmadığını yazır, səbəb kimi bunları göstərir: “Birincisi, o, Saranska gedənədək yaxşı üzmək bilirdi. İstər Azərbaycanda, istərsə də, başqa yerlərdə olarkən çay və göllərdə çimərdi. İkincisi, o, həmin göldə bu vaxtadək də bir neçə dəfə olmuşdu, ancaq heç bir hadisə baş verməmişdi. Niyə bu hadisə məhz evə gəlmək ərəfəsində oldu? Üçüncüsü, tutalım ki, Nofəl suda batırmış, bəs onun sahildəki yoldaşları niyə köməyə gəlməyib? Mən bu işdə fərd olaraq kimsəni suçlamıram, ancaq məndə qəti əminlik var ki, bu işi törədən Sovet DTK-sı olub”.
Ə.Tahirzadə bununla bağlı əlində bir fakt olmadığını bildirməklə yanaşı, N.Tahirzadənin gördüyü işlərin bu hadisəyə rəvac verə biləcəyini qeyd edir.
Avqustun 11-də Nofəlin cənazəsi evinə gətirilir, dədə-baba qəbiristanlığında dəfn edilir.
Nofəl nə etmişdi?
Şübhəsiz ki, əldə faktlar olmasa da, ortaya haqlı sual çıxır. Nofəl öldürülməsinə səbəb olan hansı işləri görmüşdü? Bu baxımdan Nofəlin 23 yaşına qədər etdikləri işləri nəzərdən keçirək.
N.Tahirzadə rəssam idi – “Tələbə otağı” (1973), “Memar Əcəmi”, “Otçalan oğlan” (1974), “Azadlıq!!!” (1975), “Gözəllik” (1976) kimi tabloların müəllifi olub. “Azadlıq” tablosu Güney və Quzeyin birləşdirilməsi mövzusundadır.
N.Tahirzadə memar idi – Kim bilir bəlkə də sağ qalsaydı, imzasından indi də danışacağımız mühüm layihələrin müəllifi olacaqdı. Ə.Tahirzadə yazır ki, Nofəl memarlığa 800 yerlik kinoteatr binasını layihələndirməklə başlamışdı: “Bizə deyilənə görə, Saranks şəhərində onun layihəsi üzrə bir neçə memarlıq işi istifadəyə verilib”.
N.Tahirzadə yazıçı idi – 1975-76-cı illərdə yazdığı “Babək” povesti onun örnək aldığı qəhrəmandan bəhs edir.
N.Tahirzadə tarixçi idi – O, Azərbaycanın hərb tarixini öyrənir, öyrəndiklərini yaradıcılığının müxtəlif sahələrində tətbiq etməyə çalışırdı. Məsələn, 1976-cı ildə “Azərbaycan Səfəvilər imperiyası” adlı xəritə üzərindəki işini tamamlamışdı. Ə.Tahirzadə bu barədə yazır: “Xəritəşünaslıq baxımından həvəskar işi sayıla bilsə də, elmi cəhətdən yanaşdıqda əsər çox dəyərlidir. Nəzərə alsaq ki, o vaxt nəinki buna bənzər bir xəritə mövcud deyildi, hətta Səfəvilər dövlətinə aid monumental əsərlər də (məs; Oqtay Əfəndiyevin və b.) nəşr olunmamışdı, Nofəlin xəritəsinin dəyəri daha da artar”
Nofəlin 1976-cı ildə çəkdiyi ikinci xəritədə isə Bütöv Azərbaycan təsvir edilib.
Bu məsələlər Nofəlin yazdığı yazılar da öz əksini tapırdı. Məsələn, 1975-ci ildə yazdığı “Müstəqillik – bu, yalandır!” adlı qeydlərində bildirir: “Azadlıq insana verilmir, onu zorla qazanırlar. Biz öz azadlığımızı, müstəqilliyimizi özümüz qazanacağıq”.
Necə ki, 16 il sonra bu hadisə baş verdi.
Və ya “28 tayfa və Azərbaycan” adlı məqaləsində yazır: “Azərbaycan öz dilini, mədəniyyətini qoruyur. Azərbaycan yaşayır! O, diz çökməyəcək! Artıq Azərbaycanın yeni nəsli öz dostunu və düşmənini tanıyır. Artıq onu köhnəlib çeynənmiş sərsəm ideyalarla tovlamaq, diqqətini yayındırmaq mümkün deyildir. Azərbaycanın bu gənc nəsli öz parçalanmış vətənini birləşdirəcək və yeni, müstəqil Azərbaycan yaradacaq. Azadlıq verilmir, onu qazanırlar!”
Əlifba təklifi, bayraq və gerb eskizləri
N.Tahirzadə Azərbaycan ziyalılarının bir çoxu kimi əlifba islahatı təklifi də hazırlamışdı. 1977-ci ildə o 33 hərfdən ibarət əlifbasını tamam etmişdi. Əlifbanı hazırlamaqda əsas məqsədi qonşu gürcülər və ermənilər kimi azərbaycanlıların da özünəməxsus əlifbasının olması idi.
Nofəl həmçinin müstəqil Azərbaycan üçün bayraq və gerb eskizləri də çəkib. Bayrağın forması belədir: Ortada dairə içərisində “A” hərfi (“Azərbaycan” sözünün ilk hərfi”) yazılıb, dairə günəş şüaları ilə əhatələnib. Yuxarı sol küncdə isə Azərbaycanın gerbi verilib.
Gerb isə 3 hissədən ibarətdir: 1) Yuxarı hissə - “A” hərfi, iki tərəfində od. 2) Orta hissə- kitab-yarı açılmış formada. 3) Aşağı hissə - yarımgünəş (yuxarı hissənin əksi formasında) və qırağı haşiyə (xətlə).
Ordu layihələri
Nofəl Tahirzadə 20 yaşında ikən müstəqil Azərbaycan ordusunun hərbi qərargahının sxemini çəkib. Həmçinin milli əsgər və zabitlərin geyim forması və poqonunun necə olmasını da göstərib. O, ordu ilə bağlı eskizlərində Sovetin beşguşəli ulduz sxemindən imtina edərək, üçbucaq ulduz formalarından istifadə edib.
Nofəlin atası Şərif Tahirli yazısında qeyd edir ki, 1969-cu ildə SSRİ ilə Çin arasında Damansk adası uğrunda gedən müharibə zamanı orada həlak olmuş azərbaycanlı qəhrəman hərbçi Tofiq Abbasovun adı dillərdə dolaşırdı. Nofəlin düzəltdiyi ilk büstlərdən biri onun idi.
Ə.Tahirzadə Nofəlin şəxsi kitabxanasındakı hərbə aid kitabların uzun siyahısını da təqdim edib. Bütün bunlar onu göstərir ki, N.Tahirzadə Azərbaycan hərb tarixini öyrənməklə yanaşı, müstəqil Azərbaycanın hərbi vəziyyətini də indidən təsəvvür edirdi, bunun üçün yaradıcılığını ortaya qoyurdu.
Dillə bağlı düşüncələri
“Müstəqillik-bu yalandır!” adlı məqaləsində N.Tahirzadə yazır: ““Partiyamızın mehriban atalıq qayğısı sayəsində” rus dili azərbaycanlıların “ikinci ana dili” olmuşdur! Mənə belə gəlir ki, ana dili yeganə olur və mənimki Azərbaycan dilidir!”.
“Nofəl Tahirzadə-Müstəqil Azərbaycan Dövləti uğrunda mücahid” kitabında Nofəlin məktəb illəri, kənddə keçirdiyi günlər, qardaşına yazdığı məktublarla tanış oluruq. Qohumlarının onun haqqındakı xatirələri göstərir ki, onun düşüncələri ilə yaradıcılığı arasında ümumi bir paralellik var.
Belə görünür ki, N.Tahirzadə müstəqil Azərbaycan dövləti, ordusu barədə çəkdiyi eskizlər, yazdığı məqalələr haqqında Saranskda kimlərinsə yanında danışıb, beləcə oradakı DTK-nın şöbəsinə bu məsələ çatdırılıb. Ola bilsin ki, danışdığı adamlardan kimsə bu faktları eşitdikdə özünə qarşı təhlükə bilib bu barədə haralarasa məlumat verib.
İttifaq ölkələrinin müstəqilliyi ilə bağlı fikirləşənlər DTK üçün yerindəcə məhv edilməli adamlar olduğuna görə, çox güman ki, onun haqqında geniş araşdırılma aparılmayıb, hər hansı bir xəbərdarlıq edilməyib, birdəfəlik öldürülməsi əmri çıxarılıb.
İzi itirmək üçün isə batırılaraq öldürülməsi qərarı verilib.
Kim bilir bəlkə də, DTK Nofəl kimi neçə gəncin həyatına beləcə qəsd edib. Çünki agentura şəbəkəsi gecə-gündüz çalışırdı və hər bir fərd haqqında məlumat toplanılırdı.
Amma bütün bunların hamısının əbəs olduğu aydın oldu. Nofəlin öldürülməsindən cəmi 13 il sonra Azərbaycan müstəqil dövlətə çevrildi. Elə Nofəl yaşında olan insanların fədakarlığı nəticəsində.
Dilqəm ƏHMƏD