30 Aprel 2016 19:51
4 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pərinisə Əsgərova hazırda miniatür sənətiylə məşğul olan tək-tük rəssamlardandı. Mədəniyyət və İncəsənət Universitetinin sənaye qrafikası fakültəsini bitirib.

2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdü. Bütün bunlar azdı. Söhbəti başlayaq.

-Miniatür sənətini sonradan, müstəqil şəkildə öyrəndim. Öyrəndiklərimi müəyyən modern əlavələr eləmək şərtilə klassik miniatür sənətinə, xüsusən Təbriz miniatür məktəbinə tətbiq elədim. İşlədikcə, axtardıqca yeni-yeni elementlər ortaya çıxdı. Mən də...

-Sənaye qrafikasından miniatürə keçid nə səbəbdən baş verdi? Hər halda keçidin bir motivi olmalıdı.

- Özümə miniatür rəssamlığını daha yaxın bildim, bu keçidin motivi haqda dəqiq bir şey deyə bilmirəm. Bəlkə bu milli duyğulara bağlılıqdan irəli gəlir. Həm ideoloji olaraq, həm də incə görüntüyə bağlanmaq mənasında...

-İlk dəfə miniatür sənəti ilə harada qarşılaşdız?

-Bizim Faiq Əkbərov adlı bir müəllimimiz vardı. İlk dəfə onun yanına gedib-gəldikdə miniatürə, xalça naxışlarına bağlandım. O, tələbələrinə bu sənətin bütün incəliklərini, elmini öyrədirdi. Elə sənət var onu haqda çox şey bildikcə, onu daha çox sevirsən. Biri var kortəbii sevəsən, biri də var gözəlliyini anlayasan. İşlədikcə bağlılıq artdı. Həmin vaxtdan...

-Xalça naxışlarıyla da məşğul olduz?

-Yox, xalçaçılığın sadəcə elmi tərəfləri haqda məlumat aldım. Onun sistemini öyrəndim. Bir naxış bir elementdi, o biri başqa bir element. Tutalım, bizim xalçaların naxışlarında sarı rəng gəlir-gəlir, maviylə qurtarır. Bəziləri düşünür ki, bunlar təsadüfi şeydi, halbuki elə deyil... Dağın başında oturan, ya çölün düzündə yaşayan nənələrimiz o çalarları, rəng uyğunluğunu necə bilirdilər?

Məncə, burda irsi amilin də rolu var, ona qan yaddaşı deyirlər. Qan yaddaşı, üstəgəl...

-Ailə xəttini nəzərdə tutursuz?

-Yox, daha çox milli genetikanı... Düzdü, nənəmin gözəl tikmələri olub. Bilmirəm bunu birbaşa irsi başlanğıc saymaq olar, ya yox. Nəsildə başqa rəssamlıq istedadı olan kimsə yoxdu. Hətta mən Bakıda oxuyana qədər Naxçıvandan rəssam çıxdığını da bilmirdim. Naxçıvanın balaca kəndində doğulmuşam. Kəngərli rayonunun kəndidi, duz şaxtasına yaxın.

İnsana yaradıcılıq istedadının hardan, necə gəldiyini bilmək olmur. Balaca bir kənddə oturmuşdum, kimsə mənə şəkil çəkməyi öyrətmirdi, gördüyümü rəsmə çevirməyin lazım olduğunu başa salmırdı... Cəmi 70-80 ev olan, üç tərəfdən dağlarla əhatələnmiş bir kənddi, o biri yandan da Araz çayı görünür. Axşam qürub vaxtı, gün batanda buludların üzərində parıltı əmələ gəlirdi. Elə bilirdim kiməsə göstərsəm onun nə qədər gözəl olduğunu anlayacaq. Ancaq...

- Feysbukda təvəllüdünüzü 1905-ci il göstərmisiz... Bu nə deməkdi?

- İlk baxışda konkret doğum tarixini gizlətmək üsuludu. Ancaq məndə qədimliyə canatım duyğusu da var. Keçmişdən bəhs edən kinolara baxanda, kitabları oxuyanda düşünürəm, kaş o dövrdə doğulaydım. Ya milli geyimdə olan insanları görəndə təsirlənirəm. “Möhtəşəm yüzil” serialına baxanda qadınların geyimi o qədər xoşuma gəlir ki, deyirəm imkan olsa həmin libaslardan geyinib şəhərə çıxaram.

Baxmayaraq ki, miniatürlərə yeni, modern əlavələr edirəm, ancaq modern dünya məni heç vaxt cazibəsinə salmır. Arxaik dünya mənə daha maraqlı görünür. Qədim əşyalar, qədim qablar, qədim geyimlər, qədim zaman...

Düşünürəm onda insanlar daha mərdidi, mənəvi keyfiyyətlər indikindən üstün idi. Onda döyüşlər, savaşlar daha mərdi-mərdanə aparılırdı.

- Rəsmlərinizdə Şah İsmayılın obrazına tez-tez rast gəlinir.

-Hə, Şah İsmayıla böyük hörmətim var. Həm dövlət rəhbəri olaraq ehtiram göstərirəm, həm də miniatür məktəbinin inkişafı Şah İsmayılın adına bağlıdı. Səfəvilərin süqutundan sonra Təbriz miniatür məktəbi sıradan çıxdı.

Dünyada yapon, hind, Osmanlı və Təbriz miniatür məktəbləri məşhurdu. Ən yuxarıda dayananı Təbriz məktəbidi. Bunu özümüzün olduğu üçün demirəm. Qərb tədqiqatçıları da Təbriz miniatür məktəbini ana məktəb adlandırırlar.

Müharibə zamanı Şah İsmayıl alimləri, rəssamları bir mağaraya yığırmış, mağaranın ağzına daş qoyurmuş ki, onlara xətər toxunmasın. Onları belə qoruyurmuş. Şah İsmayılın görkəmi də miniatür rəsmlərçün xarakterikdi.

-Ancaq bir rəsminizdə çalmasının qırmızısı daha zəif düşüb...

-Həmin rəsmdə çalmanın qırmızısı açıq rəngdədi, düzdü... Mənimçün Şah İsmayılın dini mövqeyi, təriqət mənsubiyyəti əsas deyil. Mən ümumiyyətlə dindar deyiləm, amma ateist də deyiləm. Hər halda bir şey var. Yüksək bir şey... Ancaq çoxluğun təsəvvüründə olandan fərqli.

-Meksika rəssamı Frida Kohleni çox sevdiyini demisiz. Kədərli bir həyat sürmüş, sevib uğursuzluğa uğramış Frida...

-Məncə, yaradıcılıq kədərdən çıxış yoludu. Əsas məsələ budu. Təbiətcə pessimist deyiləm, amma deyəsən, kədəri, qaranlığı hamıdan tez mən görürəm. Birisinin əynindəki nimdaş paltar belə, məndə qəmli təəssürat yaradır. Mənim hər şeydən qopub tək gedə biləciyim və orda rahatlıq tapacağım yeganə ünvan miniatürlərlə işimdi, rəssamlıqdı.

Bəziləri mənə irad tutur ki, rəsmlərdə çox xırdalığa varırsan, bir budaqda 70 yarpaq çəkirsən. Yəni xaltura elə... Ancaq onlar bilmirlər ki, mənim rahatlığım elə o xırdalıqdadı.

Bir az əsəbi-hövsələsiz, bir az da özünü sevməyən adamam, ancaq miniatürlə məşğul olanda özümü də, hamını da sevməyə başlayıram. Təmizlənirəm. Xoşbəxt, rahat oluram, bir işıq tapıram. O qədər xırda-xırda, incəliklə işləyirəm ki, sonra oradan qopmaq əzaba dönür. Oradan ayrılanda qayıtdığım dünya çox mənasız gəlir mənə.

- Miniatürdəki hər şeyin kiçildilməsinin, monumentallıqdan imtinanın yəqin real mənası da var...

- Məncə, bu, ilk növbədə səbrin ifadəsidi. Şah sarayında rəssamlar dəstəsi elə olub, indiki ölçüylə desək, bir A4 həcmində miniatürü 15-20 ilə ərsyə gətirdilər. İnsanın saqqalını bircə-bircə çəkən rəssam monumental əsərlər də yarada bilərdi. Məncə, bu incə işin özəyində səbr və sevgi dururdu.

O zaman müəllimimiz Faiq Əkbərov bizi çoxlu xırda-xırda şeylər çəkməyi öyrədirdi. Məsələn, kiçik bir riyazi kvadrata 6 element yükləməliydik. Hamının səbri çatmadı. Ona görə axırda hamı qaçdı, təkcə mən qaldım. Faiq Əkbərov qəribə inşandı, işlərini ortaya çıxarmır. Onun bəzi rəsmləri dünya ölkələrində dərsliklərə salınıb, amma bizdə heç kəsin xəbəri yoxdu.

Onda biz tələbələr anlamırdıq niyə bu qədər iş görürük – rəngli eləyirik, rəngsiz, yaxud ağ-qara eləyirik... İllər sonrası başa düşdüm ki, bu, miniatür sənətini sevməyimizdən ötrüymüş. Sevməyi öyrədirmiş – səbrlə, xırda-xırda və həmişəlik.

Başqa məqsəd də varmış –əlimizi tərbiyə eləmək. Mən indi ən kiçik ölçülü fırçalarla işləyirəm.

- Bəzən adam düşünür ki, miniatür rəssamlığında dünyanı kiçiltmək dini qadağalarla bağlı olub. Axı, İslamın rəssamlığa münasibəti birmənalı deyil...

- Yox, düşünmürəm ki, bu, islami qadağayla bağlıydı. Yəni hamını aldatmaq, insan rəsmlərini kiçik göstərməklə diqqətdən yayınmaq... Bu fikirlə razı deyiləm. Düzdü, əvvəl-əvvəl rəssamlar insan üzünü çəkmirdilər, əsasən, kitablara illüstrasiyalar edirdilər, nəbati naxışlar salırdılar. Sonra obrazlara keçdilər.

Miniatür ümumiyyətlə təxəyyül rəssamlığıdı. Miniatürün prinsipləri buğun də dəyişməyib, təxəyyülün çərçivəsində qalır, ancaq mən öz işlərimdə real obrazlar da artırmışam.

-Təxəyyüllə işləyən yaradıcı kimi, sizcə, xəyallar bizi hara aparır?

-Məncə, insan həmişə öz içinə, daxilinə yönəlir, başlanğıcı ordan götürür. Yaşlaşdıqca, hər mənada böyüdükcə insan daha da tənhalaşır. Mən də başqa qadınlar kimi mağaza gəzməyi, brilyant taxmağı, qonşularla qeybəti xoşlasam, hamı kimi olsam, yaradıcılıqla məşğul ola bilmərən.

Yaradıcılıq özünlə qalmaqdı, özünü sevməkdi - əlbəttə, eqoizm mənasında yox. Öz içində getməyə yerin varsa, özün-özünə maraqlısansa, başqa yeri istəmirsən... Mən darıxan adamam, darıxanda getməyə yerim varsa – rəsmlərlə işləməyi nəzərdə tuturam – bu, kifayətdi.

-Axı adamın əhatəsində çoxlu əzizləri, yaxınları var...

- Var. Ana, ata, övlad, həyat yoldaşı, əziz insanlar... Onların əvəzolunmazlığı... Bilirsiz, məncə, bir insan başqa bir insançun hər şeyi, hər kəsi ifadə edə bilməz. Həm onunla söhbət edəsən, həm onun yanında rahatlıq tapasan, tutalım, həm səyahətə çıxasan – bu, mümkün deyil. İstər ana olsun, övlad olsun, həyat yoldaşı olsun. İnsanlar fərqlidi, hərədən bir şey alırsan. Şəxsən mən özüm onlarçün hər şeyi ifadə edə bilmərəm.

Rəssamlığım tək mənə məxsusdu. Rəsmləri mən təkbaşına idarə edirəm və heç kəslə heç nəyi bölüşmürəm. Əsər məni aldatmayacaq, məni tərk etməyəcək, əsəbiləşdirməyəcək. Rənglər həmişə mənimlədi.

İnsanı özündən başqa kimsə nə tam başa düşə bilir, nə də ifadə edir. Bizdəki qan bağlılığının mental tərəfləri daha güclüdü. Biz bir toplum olaraq özümüzü ananın, balanın əzəvolunmazlığı fikrinə alışdırmışıq və bundan qopa bilmirik. Heç kəs bir-birindən ayrıla bilmir... Bəlkə ona görə böyük insanlarımız az-az yetişir?

Ananın, övladın müqəddəsliyi bizim vərdişlərimizin nəticəsidi. Bəlkə kiməsə mübahisəli görünər... Analıq özü də belə deyək, təbiətin, Allahın məcburi yüküdü. Qadın öz övladını bətnində daşımağa məhkum edilir...

Sevgi barədə də düşüncələrimiz ənənəvidi. Həyatımızda bir boşluq yaranır, qarşımıza biri çıxır, onu sevirik. Ağ çıxır ağı, qara çıxır qaranı sevirik. Bəlkə qarşılaşdığımız qara yox, qırmızı olsaydı, onu sevərdik. Kim bilir?

- “Həvvanın yükü” adlı bir rəsminizdə qadın çiyninə yekə bir səbət alıb gedir, hətta deyəsən, səbətdə antena da var.

- Yox, nərdivandı... O səbətdə çox şeylər var, çünki qadının yükü böyükdü. Bəlkə də bütün bəşəriyyətin yüküdü. Bir də günah hissi... Axı, cənnətdən qovulmağın səbəbkarı da odu.

-Hesab edirsiz ki, qadın günahkar məxluqdu?

-Mən feministəm, amma bəli, hesab edirəm ki, qadının günahı daha çoxdu. Axı pis adamları da o, dünyaya gətirir. Ədalətsiz dünyanın insanları da onun bətnindən çıxıb.

- Bir rəsminiz də var, “Xarı bülbül”. Atın qarşısında dayanan qızın üzü kiçik çərçivə ilə gizlədilib. Bu hansı kontekstdə?..

- Yox, orda sirr yoxdu. Həmin rəsmi bir qızın sifəti üzərində işlədim, istəmədim görünsün. Bu, sənət elementi də deyil.

-Rəsmlərinizi ustadınız Faiq Əkbərov bəyənirmi?

-Bəyənmir. O, böyük inşandı, amma belədi. Düşünürəm, bir az təvazökar olsaydı, o, daha böyük olardı. Cəmiyyətdən, insanlardan incimiş, küsmüş adamdı. Tək-tənha yaşayır. Nə bir işini kiməsə göstərir, nə əsərlərini nümayiş etdirir. Amma dahidi!

Bir dəfə xahiş etdim ki, emalatxananıza gəlib əsərlərinizə baxım, razı olmadı. Sonuncu dəfə 15 il qabaq rəsmlərini görmüşdüm, indi Allah bilir, necə gözəl əsərlər yaradıb.

-Rəssamlar tənha olur...

-Hə, bu haqda danışdıq artıq.

...Söhbəti bitirib, diktofonu söndürüb oturduğumuz kafedən axşam qaranlığına çıxdıq. Yağış kəsmişdi. Onları – Pərinisə xanımla həyat yoldaşını yola salıb şəhərin sakit, seyrək küçəsinə yönələndə mənə elə gəldi incə, nazik, səhvsiz naxışlarla yeriyirəm. Buna məcbur edilirəm.

Qurban Yaquboğlu

P.S. Pərinisə Əsgərovanın əsərlərindən bir neçəsini təqdim edirik.



Müəllif:

Oxşar xəbərlər