7 İyun 2016 16:10
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Nura xanım, yay istirahətinizi harada keçirməyi planlaşdırırsınız?

-Böyük oğlum Londonda təhsil alır. Ortancıl da böyüyün yanına Londona yay məktəbinə gedir. Neçə gündür onun sənədləri ilə məşğulam. Kiçik oğlum Davidlə qalıram. Onunla yəqin harasa gedəcəyik. Oğlum yay məktəbindən sonra Londonda təhsil alacaq. Atası da Londona gedəcək və orada görüşəcəklər.

Böyük oğlum Azərbaycana gələ bilmir, çünki çalışır. Təcrübə yığır ki, inşallah, iş axtaranda problemi olmasın. İnstitutu bitirdikdən sonra magistraturaya da verəcək. Yəni bu il biz ailəvi hansısa istirahət mərkəzinə gedə bilməyəcəyik. Valideynlərim də istirahətdən təzəlikcə gəliblər. Davidlə mən yayda nə edəcəyimizi dəqiq planlaşdırmamışıq.

-Artıq ortancıl oğlunuz da Londona gedir. Bəs, oğlanlarınız üçün darıxmırsınız?

-Darıxdım-darıxmadım, artıq böyük uşaqlardırlar. Onları yanıma bağlaya bilmərəm axı. Bu, bir reallıqdır. Böyük oğlum dörd ildir Londonda tək yaşayır.

-Oğlanlarınız təhsillə yanaşı həm də idmanla məşğul olurlar. İdmançı kimi fəaliyyət göstərmələrini istəyirsiniz?

-Xeyr, idmançı olmalarını istəmirəm. Əslində, onları idmandan bir az uzaqlaşdırıram ki, peşəkar idmanla məşğul olmasınlar. Düzdür, oğlanlarımı üç yaşından idmana qoymuşam. Böyük oğlum professional futbolla məşğul olurdu, amma mən onu uzaqlaşdırdım. Çünki təhsili önəmli idi. Digər iki oğlumu elə bir idman növünə qoymuşam ki, olimpiadaya daxil olmasınlar.

-Gələcəkdə övladlarınızın hansı sahədə fəaliyyət göstərməsini istəyirsiniz?

-İdman həyat tərzidir. Dünyada idmanla tanınmaq hər adama qismət olmur. Mənim böyük oğlum Ronaldo, Messi kimi tanınmış futbolçu ola bilərdilərmi? Sıradan bir futbolçu olmasını istəməzdim.

-İdmançılar məşhurlardan heç də geri qalmırlar və zəngin həyat tərzi keçirirlər...

-İstərdim övladlarım yaxşı həyat yaşasınlar. Amma düşünürəm ki, xoşbəxtlik pulda deyil. Pulda xoşbəxtlik tapanlar da ola bilər. İnsanın daxilən, mənəvi baxımdan xoşbəxtliyi, zənginliyi daha önəmlidir. O qədər pullu bədbəxtlər var ki... İnsan həyatda özünü tapmalıdır.

Böyük oğlum həyatından razıdır. Futbol onun həyat tərzinə çevrilib. Sənəti və öz işi var. Ortancıl oğlum idmanda da birincilik və ikincilik əldə edib. Təbii ki, başqa sahədə fəaliyyət göstərəcəklər.

-Bir oğlunuz Londonda oxuyur, ortancıl da ora gedəcək. Maliyyə cəhətdən necə çatdırırsiz?

-Mənim üçün birinci yerdə ailəm və uşaqlarım gəlir, sonra mən və sənətim. Ona görə sənətə az vaxt ayırıram. Mən də beləyəm... Oğlanlarımın yaxşı təhsilinə, yaşam tərzinə daha çox diqqət edirəm. Bu mənim üçün bir məsuliyyətdir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər