28 Aprel 2015 18:57
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq yaxınlaşmaqda olan Avropa Oyunları Milli Məclis üzvlərinin də maraq dairəsindədir. Teleqraf.com millət vəkillərinin bu barədə fikirlərini təqdim edir:

Musa Urud, millət vəkili:

– Bakı Avropa Oyunları birinci növbədə Avropanın Azərbaycan dövlətinə göstərdiyi diqqətdir. Belə bir mötəbər yarışlara ev sahibliyi etməyimiz Azərbaycanın necə bir dövlət olduğunu göstərir. Bu yarışlar həm də bizim üçün fürsətdir. Fürsət ondan ibarətdir ki, Avropadan və dünyadan ölkəmizə gələn qonaqlar təkcə yarışlarda iştirak etməklə kifayətlənmir, təbii ki, həm də ölkəmizi gəzəcəklər. Onlar Azərbaycan mədəniyyəti, incəsənəti ilə tanış olacaqlar. Burada Azərbaycan turizmi nümayiş olunacaq.

Bu oyunlar təkcə idman yarışı olmayacaq, həm də Azərbaycan bir daha dünyaya təqdim olunacaq. Dövlətimizin qüdrəti nümayiş olunacaq. Azərbaycan dövləti qısa bir zaman içərisində Avropa Oyunlarının ölkəmizdən keçirilməsi üçün hər cür şərait və hər cür uğurlu baza yaratdı.

Avropa Oyunları ümummilli məsələdir. Buna hər bir azərbaycanlı sevinməlidir. Mən bunu müstəqillik illərində Azərbaycan dövlətinin ən böyük uğuru hesab eləyirəm. Bu qələbə xalqımızın qələbəsidir. Ona görə xalqın bütün qüvvələri bu qələbəyə sevinməlidir.

Oyunlarda mütləq iştirak edəcəyəm. Ola bilsin millət vəkili kimi bizim üçün şərait yaradıldı, ancaq yaradılmasa belə, bir vətəndaş olaraq bu sevinc hissini canlı yaşayım”.

Fazil Mustafa, millət vəkili:

– Azərbaycanın müstəqillik yaşı elə də böyük deyil. Eləcə də enerji sahəsindən başqa digər sahələrdə tanınma imkanlarımız məhduddur. Dünyada mədəniyyət və idman məkanı kimi tanınmamız olduqca vacibdir. Təsəvvür edin ki, minlərlə siyasətdən, iqtisadi sferadan uzaq insan ilk dəfə bu ölkəyə gəlir və müsbət mənada həm ölkə haqqında, həm də onun ağrılı problemləri barədə bilgiləri formalaşır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinə həm də bir təbliğat vasitəsi kimi baxılmalıdır. Məncə, Avropa oyunlarının faydasını biz daha sonralar açıqca duya biləcəyik”.

Kəramət Böyükçol


Müəllif: