4 İyul 2015 18:43
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Düşmənlərimizin yaydığı fikirlər alt-üst oldu"

Azərbaycanın tanınmış incəsənət xadimləri Teleqraf.com-a açıqlamalarında dünya idman tarixində ilk dəfə keçirilən I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini, əldə etdiyimiz uğurları dəyərləndirirlər.

"Alovun elə yandırılması dünyada bir ilk idi"

Xalq artisti Səidə Quliyeva Avropa Oyunlarını diqqətlə izləyən sənət adamlardandır. Oyunlarla bağlı xoş təəssüratlarını bizimlə bölüşən tanınmış aktrisa Avropa Oyunlarının açılış və bağlanış ssenarinələrini çox bəyəndiyini deyib: "Avropa Oyunlarının istər açılışı, istərsə də bağlanış mərasimi çox yüksək səviyyədə təşkil olunmuşdu. İnsan o möhtəşəm səhnəyə baxdıqca baxmaq istəyirdi. Ekran qarşısında o stadionda baş verənlərə baxmaq həm həyəcanlı, həm də qürurverici idi. Azərbaycanın himnini eşidəndə gözlərim doldu. Biz dünyaya bir daha təsdiq etdik ki, orada sərgilənən hər şey - "Sarı gəlin", miniatür sənəti, kamança, balaban Azərbaycana məxsusdur. Bütün bu detalları göstərməklə mədəniyyətimizin inkişafını dünyaya nümayiş etdirmiş olduq. Ondan başqa açılış mərasimində alovun o formada yandırılması dünyada bir ilk olmaqla yanaşı çox möhtəşəm idi. Sənət adamı kimi deyirəm ki, həm açılış, həm də bağlanış mərasimində təqdim olunan hər şey dəqiqliyi ilə işlənmişdi. Bu ssenariləri düşünən insana sadəcə "afərin" deyirəm. Təəssüflər olsun ki, Avropa Oyunlarını evdən izləməli oldum. Bağlanış mərasiminə bilet tapa bilmədim. Avropa Oyunları ilə Azərbaycan dünyada tanınmaqla yanaşı, yerli turizmin inkişafına da nail oldu. Çünki çox sayda qonaqlar, turistlər, idmançılar Azərbaycanı gəldi, Bakını yaxından gördülər. Bizim necə qonaqpərvər, sülhsevər bir millət olduğumuzu hiss etdilər. Bir sözlə, indiyə qədər düşmənlərimizin bizim haqqımızda yaydığı fikirlər tamamilə alt-üst oldu. Əminəm ki, Avropa Oyunları hələ bundan sonra da Azərbaycana çox böyük xeyir verəcək".

"İlk Avropa Oyunları çox möhtəşəm keçdi"

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Hacı İsmayılov Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsini yüksək qiymətləndirib. O, oyunların açılış və bağlanış mərasimlərində ölkəmizin, mədəniyyətimizin tamamilə əks olunduğunu deyib: "İlk Avropa Oyunları çox möhtəşəm keçdi. Bu münasibətlə hər kəsi təbrik edirəm. Azərbaycanda idmana, mədəniyyətə, bütün sahələrə olan diqqət, qayğı öz bəhrəsini verir. İdmana, idmançılara olan qayğının nəticəsidir ki, Azərbaycan idmançıları dünya, Avropa çempionatlarında bayrağımızı yüksəklərdə dalğalandırırlar, himnimizi səsləndirirlər. Eləcə də, bu Avropa Oyunlarında 21 qızıl medal, ümumilikdə isə 56 medal əldə etməyimiz çox böyük hadisədir. Bütün bunlar sübut etdi ki, doğrudan da, Azərbaycanda idmana nə qədər böyük qayğı var. Həmçinin, Avropa Oyunları ilə əlaqədar tikilən idman sarayları, idman oyunları zallarının möhtəşəmliyi hər kəsi heyrətləndirmişdi. Avropa Oyunlarının belə yüksək səviyyədə keçirilməsi dünyaya sübut etdi ki, Azərbaycanda bundan da böyük idman yarışları keçirmək olar. Bu, heç də hər bir ölkəyə, hər bir respublikaya nəsib olmur. Bunun üçün çox böyük şərt, həvəs, istək lazımdır. 17 gün ərzində bütün dünyanın gözü Bakıda oldu, bütün dünya Azərbaycanı seyr etdi. Bunların içərisində Azərbaycanı sevənlər də var, sevməyənlər də var. Avropa Oyunları eyni zamanda turizmə də kömək oldu. Gələn insanlar, idmançılar, qonaqlar Azərbaycanın, Bakının gözəlliklərini, xalqımızın qonaqpərvərliyini, sülhsevərliyini görüb bir də gələcəklər".

"Muğamımızı, musiqilərimizi bütün dünyaya göstərə bildik"

Əməkdar artist, kinoaktrisa Xalidə Quliyeva idmançılarımızın yarışları həyəcanla izlədiyini deyib: "İdmançılarımızın uğurlarına çox sevindik, məğlubiyyətlərinə də kədərləndik. Ümumiyyətlə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, həqiqətən, böyük, məsuliyyətli bir iş idi. Açılış və bağlanış mərasimlərində milli, mənəvi, əxlaqi keyfiyyətlərimizin ön planda olması məni çox sevindirdi. Milli ornamentlərimizi, muğamımızı, musiqilərimizi bütün dünyaya göstərə bildik. Bir sözlə, Azərbaycanın milli siması orada bütünlüklə və çox gözəl şəkildə nümayiş olundu. Avropa Oyunlarının bir çox baxımdan ölkəmizə xeyri oldu. Bilirsiniz, insanlar nə qədər çox bir araya gəlsələr, bir-birilərinin yanında olsalar, problemlər də bir o qədər də asanlıqla çözülə bilər. Avropa Oyunlarına dəvət olunan Avropa dövlətləri bizim problemlərimizdən xəbərdar oldular. Bu, mühüm fakt idi. Azərbaycanın bu baxımdan tanınması çox vacib idi. Üstəlik, bizim Qarabağ kimi bir problemimiz var. Avropa Oyunları ilə biz Qarabağ problemimizi bir daha dünyanın diqqətinə çatdıra bildik. Neçə illərdir ki, davam edən danışıqlar, Avropa Oyunları eləcə də digər vasitələrlə apardığımız təbliğat bir-birilə bağlı olan məsələlərdir".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər