Bakıda birinci Avropa Oyunlarının başa çatmasından xeyli vaxt keçsə də, sərbəst güləş üzrə kişilərdən ibarət Ukrayna yığmasının baş məşqçisi Ruslan Savloxov hələ də Azərbaycanın paytaxtında yaşadığı əsrarəngiz günlərin güclü təəssüratı altındadır.
-Ruslan Soslanoviç, tarixdə birinci Avropa Oyunlarının təşkilatçılıq səviyyəsinə münasibətinizi bildirməyinizi xahiş edirəm.
- Azərbaycanda turnirə ilk dəfə hələ 17 yaşımda qatılmışam. Bu bərəkətli diyara dərhal vuruldum. İndi ildə iki-üç dəfə Bakıda oluram. Biz yerli məşqçi və güləşçilərlə möhkəm dostuq, həm burada, həm də Ukraynada birgə təlim-məşq toplanışları keçiririk. Aramızda həqiqətən mehriban qardaşlıq münasibətləri yaranıb. Azərbaycan böyük güləş ölkəsidir. Buna görə də azərbaycanlı güləşçilər kimi dostlarımızın olması bizim üçün xoşdur.
Hər dəfə Xəzərin sahillərinə gələndə qardaş ölkənin gözəlləşdiyini görürəm. Möhtəşəm tikintiyə, xalqın rifahının ardıcıl və durmadan yüksəlməsinə ancaq bədxah adam göz yuma bilər. Doğrusu, bura hər baxımdan əsl Avropadır! İlk növbədə idmanın inkişafı və infrastrukturun genişlənməsi sahəsində. Burada xalqın sağlamlığı ön plandadır. Dostlarımızın belə lideri olduğu üçün biz ancaq sevinə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev idmanın həqiqi dostudur! Həm də bu, gəlişi gözəl sözlər deyil. Yəqin ki, tarixdə birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili və keçirilməsi məhz onun əvəzsiz xidmətidir. Prezident bu unudulmaz günlərdə hörmətli ailəsi ilə birlikdə yarış arenalarında idi. Amma bizə elə gəldi ki, güləş onun sevdiyi idman növlərindəndir.
Bir sözlə, yaşadıqlarım məndə ancaq xoş təəssüratlar yaradıb. Hər şeyin çox gözəl təşkil edildiyini dəfələrlə təkrarlamağa hazıram! Ev sahibləri bu genişmiqyaslı yarışlarda son dərəcə mehriban ab-havanın hökm sürməsi üçün böyük səy göstərmişdilər. Mən beş dəfə Olimpiya oyunlarında olmuşam və hesab edirəm ki, Bakıdakı Avropa Oyunları Olimpiya hərəkatı ənənələrini layiqincə davam etdirib. Düşünürəm ki, bu yarışlar Avropaya doğrudan da lazımdır.
-Alina Maxinyanın mükafatlandırılması zamanı tribunalarda Ukrayna dəstək qrupunun himn oxuduğunu göstərən video internetdə çox populyar oldu. Tribunalarda azarkeşləriniz bu qədər çox idimi?
-Bəlkə də ukraynalı azarkeşlər bir o qədər də çox deyildi, amma Ukrayna himninin bütün zalda səslənməsi üçün yetərli idi! Üstəlik, ev sahiblərinin Ukraynaya çox xeyirxah münasibətini hiss etdik. Azərbaycanlıların Ukrayna idmançılarına həqiqətən ürəkdən azarkeşlik etdiklərini xüsusi vurğulamaq istəyirəm.
Fürsətdən istifadə edib, sərbəst güləş üzrə Ukrayna yığmasının bütün idmançı və məşqçiləri adından bu qonaqpərvərliyə, bu ecazkar idman bayramına görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, ”Bakı – 2015”in Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Bizim böyük dostlarımız olan Azərbaycan güləşçilərinə və Azərbaycan Güləş Federasiyasına isə əminliklə deyirəm ki, qarşıda bizi yeni görüşlər, birgə məşqlər, yarışlar və böyük dostluğun davamı gözləyir.
Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, sülh və firavanlıq arzulayıram!