Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Bərdədən Goranboy rayonuna gətirilib.
AZƏRTAC xəbər verir ki, məşəlin qarşılanma mərasiminə minlərlə rayon sakini toplaşmışdı. Əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkil və plakatlar tutmuş sakinlər məşəl yürüşünün iştirakçılarını alqışlarla salamladılar.
Məşəli Avropa Oyunlarının rəmzi qapısında rayon idmançısı Xəyal Hüseynov qəbul etdi. Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Ulu Öndərin adını daşıyan prospekt boyunca hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısına gəldilər.
Dünya çempionu Yalçın Qarayev səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırdı. İştirakçılar Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı maraqla izlədilər.
Sonra “Bakı-2015”-in çırağı yandırıldı. Rayonun gənc idmançısı, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov çırağı Oyunlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim etdi.
Məşəl estafetinin iştirakçısı, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev sevinc hisslərini AZƏRTAC-ın müxbiri ilə bölüşərkən dedi: “Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Birinci Avropa Oyunlarının məşəli bizim rayona da gətirildi. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsindən qürur duyuram. Heç kimin ağlına belə gəlməzdi ki, yenicə müstəqillik qazanan Azərbaycan qısa vaxt ərzində belə bir mötəbər tədbirə ev sahibliyi etsin. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı yorulmaz və çoxsahəli fəaliyyət nəticəsində xəyallarımız gerçəkləşdi. Təxminən bir aydan sonra Azərbaycan öz qapılarını Avropa idmançılarının üzünə açacaq. Bununla da dünya ölkələri müstəqil dövlətimizin uğurlarını daha yaxından görəcək”.
Rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalov ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin həyəcanını belə ifadə etdi: “Böyük qürur hissi keçirirəm. Bu gün ilk Avropa Oyunlarının məşəl estafeti bizim rayona da gətirildi. Ölkəmizin bu mötəbər idman yarışına ev sahibliyi etməsini ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi idman siyasətinin uğurlu nəticəsi kimi dəyərləndiririk. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi respublikamızın dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını bir daha sübut etdi. Buna görə goranboylular adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Goranboy rayon Abbasqulular kənd orta məktəbinin müəllimi Müşfiq Sadıqov söhbətə qoşularaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını tarixi hadisə adlandırdı. O, qeyd etdi ki, bu qələbə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının əsl təntənəsidir.
Birinci Avropa Oyunlarının məşəli Goranboydan Naftalan şəhərinə yola salındı.