Əsas məqsədim “Bakı-2015” birinci Avropa Oyunlarında qələbə qazanmaqdır. Bu baxımdan özümü formada hiss edirəm.
AZƏRTAC Danimarkanın “tv2lorry.dk” saytına istinadla xəbər verir ki, bu ölkəni birinci Avropa Oyunlarının dağ velosipedi (BMX) yarışlarında təmsil edəcək 21 yaşlı idmançı xanım Simone Kristensen “bakı-2015”-ə hazırlıq barədə danışarkən deyib.
Birinci Avropa Oyunlarında medal qazanacağına əmin olan gənc atlet deyib: “Daha əvvəl Avropa çempionatında bürünc medal qazanmışam. Dünya Kubokunda isə dördüncü yerə çıxmışam. Ən böyük hədəfim Bakıda medal qazanmaqdır. Oyunlarda güclü BMX idmançıları mübarizə aparacaqlar. Lakin mən onların hamısını qabaqlaya biləcəyimə inanıram. Ümid edirəm ki, finalda birinci olacağam və qaliblər sırasına çıxacağam”.
Simone Kristensen 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına da qatılmaq əzmindədir.