İtaliyanın ingilisdilli “Italian insider” portalında “Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə hazırdır” sərlövhəli məqalə verilib.
Məqalədə ilk Avropa Oyunlarının keçirilməsi ideyasının yaranmasından, Azərbaycanın bu tədbirin ev sahibi seçilməsindən və yarışlara hazırlıq prosesindən bəhs olunur. Diqqətə çatdırılır ki, hər dörd ildən bir keçiriləcək yarışları birinci dəfə qəbul etmək şərəfinə Azərbaycan nail oldu.
Bildirilir ki, Azərbaycan “Bakı-2015” yarışlarında 6 min idmançını qəbul etməyə tam hazırdır. Bu yarış bəzi idman növləri üzrə 2016-cı il Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.
Məqalədə “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman şöbəsinin müdiri Pierce O'Callaghanın aşağıdakı fikirləri yer alır: “Təşkilati nöqteyi-nəzərdən biz hər şeyə hazırıq. Biz bütün görüş yerlərini, idman zallarını yoxlamışıq. Bizim əhval-ruhiyyəmiz çox yüksəkdir. Həyacanla ilk Avropa Oyunlarının açılış mərasimini gözləyirik”.