22 İyun 2015 14:03
2 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunları çərçivəsində badminton yarışlarında ilk oyunda İsrail badmintonçusu Mişa Zilbermana uduzan Kənan Rzayev təəssüratlarını Teleqraf.com-la bölüşüb.

K.Rzayev birinci qarşılaşmada həyəcanlı olduğunu söyləyib: “Bir az havalandırma sistemi mənə mane oldu, ailəm, yaxınlarım zalda məni seyr etdiyi üçün həyəcanlandım və rəqibimə uduzdum. İradlarım da vardı, hakimə bildirəndə söylədi ki, iradınız olanda dərhal deyin, təkrar videonu izləyək. Növbəti oyunlarda daha diqqətli olacağam”.

Rəqibinin güclü olduğunu deyən K.Rzayev kiçik yaşlarından badmintona maraq göstərdiyini qeyd edib: “5-ci sinifdən etibarən badmintonla məşğulam. Ümid edirəm ki, Azərbaycanda da badminton inkişaf edəcək”.

O, növbəti oyunlarda Samuel Kali (Malta), Rosario Maddaloni (İtaliya) ilə yarışacağını söyləyib.

Təmsilçimiz bu gün Orxan Qələndərovla birgə türkiyəli Əmrə Vural və Sinan Zorluya qarşı mübarizə ilə bağlı gözləntilərini də açıqlayıb: “Bundan öncə türkiyə idmançılarla Şimali Kiprdə keçirilən turnirdə qarşılaşmışıq. Düzdür, 1-2 hesabı ilə uduzmuşduq, amma yaxşı oyun nümayiş etdirmişdik.

“Azərbaycanlılarla yarışı qardaşlıq mübarizəsi adlandırıram”

Türkiyə idmançısı Əmrə Vural da sözügedən oyun barədə danışıb: “Mən qarşılaşmamızı dostluq və qardaşlıq mübarizəsi adlandırmaq istəyirəm. Qoy, güclü olan qazansın. Azərbaycanlı qardaşımızla yarışda kin, qalibiyyət inadı olmayacaq, tamaşaçılar gözəl bir oyun izləyəcəklər”.

Bakıya ilk dəfə gəldiyini söyləyən Ə.Vural paytaxtımızdan razı qaldığını deyib: “İlk Avropa Oyunlarında iştirak etdiyim üçün çox sevinirəm. Azərbaycan bizə qardaş ölkədir, fəxr edirəm ki, burada belə mötəbər tədbir keçirilir”.

“Özümü Atletlər Kəndində London Olimpiya Oyunlarındakı kimi hiss edirəm”

İsrail təmsilçisi Mişa Zilberman isə K.Rzayev ilə mübarizəsi barədə təəssüratlarını bildirib. Azərbaycan təmsilçisinin yaxşı badmintonçu olduğunu deyən Zilberman əlavə edib ki, aşağıdan hücum zamanı rəqibin boşluğunu sezib və ona qalib gəlməyi bacarıb: “İlk Avropa Oyunları olduğuna görə özümü təzyiq üzərində hiss edirəm, yalnız və yalnız qələbə barədə fikirləşirəm. Əsasən sabahkı oyuna köklənmişəm. Çempion olacağıma əmin deyiləm, çünki yarışda çox güclü badmintonçular var.

Onun sözlərinə görə, Bakı sakinləri və idmançıları ilə əlaqə qurmaq daha asandır: “İnsanların çoxu rus dilini bilir və mən də bu dildə bilirəm, ona görə də ünsiyyət qura bilirik. İnsanların simasında təbəssüm var və hər kəsə qarşı mehribandırlar. Özümü Atletlər Kəndində London Olimpiya Oyunlarındakı kimi hiss edirəm”.

Nərgiz


Müəllif: