26 İyun 2015 17:58
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışında təmsilçimiz finala vəsiqə əldə edib.

Trend xəbər verir ki, gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında cəmi 7 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar.

Ölkəmizi kişilərin yarışında təmsil edən iki idmançıdıan biri - 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qatılıb.

O, yarımfinalda Yunanıstan təmsilçisi Klimiz Papaxristos ilə qarşılaşıb. Adlı-sanlı paracüdoçumuz rəqibinə heç bir dəqiqə də tamami üzərində qalmaq şansı verməyib. Paracüdoçumuz azarkeşlərin gur alqış sədaları altında yunan idmançını saxlama (asai-komi) fəndinə salıb və vaxtından əvvəl qalib gələrək adını yarışların finalına yazdırıb.

İlhamın finaldakı rəqibi Oleksandr Pominov olacaq.

Həmin çəkidə digər təmsilçimiz Zakir Mislimov isə 1/4 final mərhələsində ukraynalı rəqibinə məğlub olduğundan bürünc medal uğrunda təsəlliverici görüşə çıxıb. Burada o, fransalı rəqibinə qalib gələrək 3-cü yer uğrunda görüşə çıxmaq hüququ əldə edib.

57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında isə təmsilçimiz Səbinə Abdullayeva da finala adlayıb.

Xatırladaq ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, burada paralimpiyaçıların yarışı keçirilir. Cəmi bir gün keçirilən paralimpiyaçıların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edir. Onlardan biri qadınların, digər ikisi isə kişilərin yarışında mübarizə aparır.

Qeyd edək ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5-i - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) artıq mübarizəni erkən mərhələlərdə dayandırıb. Ona görə də, indi komanda medalı yalnız paracüdoçulardan gözləyir.


Müəllif:

Oxşar xəbərlər