20 Dekabr 2014 13:03
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilə sayılı günlər qala “Brifinq”ə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunu dəvət etdik. İl ərzində şəxsi həyatından tutmuş media və rəhbərlik etdiyi QHT-də baş vermiş yeniliklərə toxunan U.Rəhimoğlu yola saldığımız 2014-cü ili qısaca səciyyələndirdi. O, gələn il jurnalistlər üçün paylanması nəzərdə tutulan binanın tikilməsi prosesi və bölüşdürülməsi prosedurundan danışdı. Vaxtilə yaradıcılığa daha çox önəm verən publisist-şair şeir kitabını nəşr etdirməməsinin səbəblərinə aydınlıq gətirdi.

“Günümün 24 saatını qarışqa dözümü ilə işləyirəm”

Nərgiz Ehlamqızı: Dekabrın son həftələrini yaşayırıq. 2014-cü il şəxsi həyatınızda və işinizdə necə yadda qaldı?
- “Brifinq”in formatı gözəldir. Bu cür tərkibdə söhbət etmək, gündəmə dair mövzulara toxunmaq, hətta şəxsi həyat barədə danışmaq yaxşı ovqat yaradır. 53 yaşındayam. O adamlardanam ki, təxminən günümün 24 saatını qarışqa dözümü ilə çabalamaqdayam. 2014-cü il necə ki zəhmət və qarışqa güzəranı ilə başlayıb, bir az da artıq, sürətlə gedir. Elə işlər var ki, birinin nöqtəsi qoyulmalı, digərinin mübtədası yazılmalıdır. Bu il özüm, təşkilatımız və ailəmiz üçün daha çox ona görə əlamətdardır ki, yanvarın 29-da qurucusu olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin ən yüksək statusunu qazandı. Bu gün BMT ilə dünyanın 31 min təşkilatı əməkdaşlıq edir. Bu sayda təşkilatdan yalnız 4 mininin statusu var. BMT-nin qəbul etdiyi ən yüksək səviyyəli 148 təşkilatdan biriyik. Düzdür, bunun piarını aparmırıq, amma reallıq budur ki, qürur duyulası, fərəhləndirici, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının səviyyəsini göstərən işdir. Təşkilatımızı ölkəmizdə yaratdıq, buradakı imkanlardan bəhrələnib bu mərtəbəyə gəlib çatdıq. Bizə kimsənin dəstəyi olmayıb, qarışqa zəhmətkeşliyi ilə çalışmışıq. Bu mərhələyə gəlmək üçün çox şeylərdən vaz keçmişəm. Məhz redaksiyanıza gəldiyim bu gün əkiz qız nəvələrimin ad günüdür: Ahu və Banunun. Bu da həyatın bizə bəxş elədiyi nemətdir.

N.Ehlamqızı: Onlayn medianın geniş yayıldığı və dəbdə olduğu dövrdə yaşayırıq. Mediamızın son 1 ildə fəaliyyətini necə qiymətləndirərdiniz?
- O günləri, Sovet mətbuatını xatırlayıram: aranızda olan Qurban Yaquboğlu Şamaxıdan yenicə gəlmişdi, ilk qələm təcrübələri idi. Mən onda “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat” qəzeti - N.E.) qəzetində çalışırdım. Sovet mətbuatının düzəni belə idi ki, bəlli bir ideologiya, dəstək, hökumət büdcəsi vardı. Azdan-çoxdan Azərbaycanda söz sahibi, açıq danışa bilən qəzet elə “Ədəbiyyat və incəsənət” idi. O zaman jurnalistikaya gələn adamların da sayı çox idi. Jurnalistikaya gəlmək çox çətin proses idi. Keçid dövrünü hələ yaşayıb qurtarmamışıq. Bu gün Azərbaycan mətbuatı bir iqtisadi bazaya söykənmədən formalaşmağa başlayıb. Şükürlər olsun ki, Azərbaycan hökuməti son bir neçə il bu istiqamətdə müəyyən dəstək verməyə başlayıb. Avropa ölkələrindəki mətbuatı araşdırmışam. Bir çox ölkələrdə mətbuat dövlət büdcəsindən bəhrələnir. Böyük vəsaitlər ayrılır. Məsələn, Avstriyanın ərazi vahidi və əhalisinin sayı Azərbaycanla təxminən eynidir. O ölkədəki durumu şəxsən özüm araşdırmışam. Oranın illik büdcəsindən hər il mətbuata 64 milyon avro vəsait ayrılır.

Qurban Yaquboğlu: Vəsaitin təyinatı nə olur?
- Avstriyada fəaliyyət göstərən müxtəlif qəzetlər var. Onların maddi-texniki bazasının, jurnalist peşəkarlığının inkişafına sərf olunur, regional mediaya yönəldilir. Bəzən yanlış olaraq təqdim edirlər ki, hökumət vəsait ayırırsa, hökmən həmin media qurumu hökumətin təsirinə düşəcək. Bu ehtimal da var. Amma mənə elə gəlir ki, nüfuzunu qoruya bilən, öz sözünü deyən jurnalistlər ən çətin dövrlərdə də fikirlərini ifadə edirlər.

Dilqəm Əhməd: Milli Məclisin son iclasında KİV-lə bağlı qanunda dəyişiklik edildi. Şikayət 2 dəfədən artıq olarsa, media qurumunun qapadılması məsələsi gündəmə gəldi. Bunu müxalifət mətbuatı mediaya təzyiq kimi dəyərləndirdi, bəziləri isə hesab etdi ki, dəyişiklik mətbuatı daha məsuliyyətli olmağa sövq edəcək. Sizin düşüncələriniz nədir?
- Mənə elə gəlir ki, sözügedən dəyişiklik məsuliyyət məsələsidir. Bugünkü durumumuzun, Azərbaycanın hansı geosiyasi məkanda yerləşdiyinin, torpaqlarımızı niyə itirdiyimizin, heç bir hərbi gücü, iqtisadi imkanı olmayan Ermənistan deyilən bir məmləkətin əlində 1 milyon qaçqınımızın yurd-yuvasının qaldığının fərqinə varmalıyıq. Mənə elə gəlir ki, super güclər bircə addım kənara dursalar, Ermənistanla problemlərimiz barış və sülh yolu ilə həllini tapar. Hesab etmirəm ki, Ermənistanın düşüncə sahibləri, sadə insanları bu konfliktdən, faciədən məmnundurlar. Onlar da bu faciənin ağrı-acısını yaşayırlar. Gündəmdə müzakirə olunan, qabardılan, suala səbəb olan parlamentdə qəbul olunmuş qanuna gəlincə, ötən gün Milli Məclisin vitse-spikeri Bahar Muradova çox gözəl fikir səsləndirdi. Dedi ki, Azərbaycan iqtidarı sərhədləri müəyyənləşdirir. Vətəndaş cəmiyyəti qurumunun rəhbəri olaraq dövlətçiliyimiz naminə hətta bəzi məqamlarda dəyərlərdən geri çəkilməyə hazır olan birisiyəm. Bunu gizlətmirəm. Çünki mən evi yağmalanmış, çocuqluğu didərgin olmuş, evinin daşı daş üstündən dağıdılmış bir evin sakiniyəm. Hərdən xəlvətcə güllə yağışının altında kəndimə gedib-gəlirəm. Ötən ad günümdə Xanəmirlə (Xanəmir Telmanoğlu - N.E.) birlikdə 4-5 saat divarın altında gizləndik ki, qaranlıq düşsün, snayperin gülləsindən qorunaq. Söhbət hələ aran Qarabağdan gedir. Hər birimiz vətəndaş olaraq məsuliyyətimizi artırmalı, özümüzdə, sözümüzdə olmalı, əldə etdiyimiz dövlətçiliyimizin, tökülən qanlarımızın qədrini bilməliyik.

“Bircə kəlmə desələr, problem həllini tapar”

Ruslan Xəlil: Dağlıq Qarabağ problemi media və digər azadlıqların təmin edilməsinə mane olurmu?
- Məsələ burasındadır ki, söhbət dağıdıcı, yoxsa qurucu mediadan gedir? İnsan haqlarından danışan qurumlara nə mane olur? Günü sabah ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələr bircə kəlmə desələr ki, Azərbaycanın torpağı boşaldılmalıdır, problem həllini tapar. Nədən bu söz dilə gətirilmir? Bəla burasındadır ki, insan hüquqlarından danışan insanlar bizim insanlarımızın hansı zülmlər çəkdiyindən xəbərsizdirlər. Bir neçə il bundan qabaq Bakı Beynəlxalq Tələbə Klubunun bir layihəsi vardı. Bakıdan 24 nəfər xarici tələbəni apardıq, onlar Füzuli, Ağdam, Beyləqan, Xocavənd, Tərtər, Xocalı, Ağcakənd, Goranboy, Naftalan rayonlarının hərəsində 1 gecə qaçqınlarla yaşadılar. O təşkilata qızım rəhbərlik edir, həmin təşkilatın yaranmasına dəstək vermişəm. Həmin xaricilər bilirsinizmi sonda məndən nə xahiş etdilər? Dedilər ki, Azərbaycan tələbələrinin də buralara səfərini təşkil edin. Onlar bu problemlərdən xəbərsizdirlər, bizi məlumatlandırmırlar. Onlar kitab yazdılar. Bir fransız “Hərbin tablosu” adlı yazı yazmışdı. Fransıza milyardlar xərcləsəydin, o yazını yazmazdı. Amma o faciəni, başımıza gələn müsibətləri gözü ilə gördü. Özüm ədalətli adamam, işimdə, fəaliyyətimdə əyri yollar olmayıb. Ona görə də haqqı nahaqqa dəyişmərəm. O yerdə ki söhbət milli mənafeyimdən, millətimdən, xalqımdan, elimdən gedir, o məsələ artıq mənim üçün şərəf məsələsidir. İstərdim ki, bu şeyləri dəyişik salmayaq. Kimlərinsə adını çəkmək istəmirəm, amma xatırlatmaq istərdim, bu yaxınlarda Batumidə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının təşkilatçılığı ilə forumda hadisələr baş verdi. 5-6 nəfər konfrans zalında oturub açıqlamalar verirdi, o dəyərləri başının üstündə bayraq tuturlar ki, bunlar içəridə oturmasaydılar Azərbaycan bədbəxt olacaqdı, ölkəni xilas ediblər. Əksinə, Azərbaycanla bağlı böhtançı bəyanat hazırlayan, sərgi düzənləyən adamların dəstək verənləri idilər. Mən anlayıram, insan yüz acını bir şirinin xatirinə yeyir. Dəyərlərdən danışmaq rahatdır. Ömründə bir adamın qolundan tutub dəstək olmayan insanların dəyərlərdən danışmasını qəbul etmirəm.

S.Həmid: Fəaliyyətinizi kifayət qədər yaxından izləyirəm. Bilirəm ki, rəhbərlik etdiyiniz QHT ciddi işlərə imza atır. Bəs necə oldu ki, Azərbaycandan BAMF BMT-də bu cür yüksək status aldı?
- Bizim təşkilatımız 1992-ci ildən fəaliyyət göstərir. 1990-cı illərin ortalarında Azərbaycanda bir çox donorlar fəaliyyət göstərməyə, qaçqınlar, media ilə bağlı layihələr həyata keçirməyə başladılar. Biz ölkə içində fəaliyyət göstərən donorlara müraciət elədik. Hər dəfə də donorlar bizim layihələrimizi götürüb kənara qoydular. Donorların çevrəsində dəyərlərdən daha çox danışan adamlar idi. Donorlar öz ətrafında müəyyən şura yaradırdılar. Şura ildə 1 dəfə dəyişirdi. Dəyişdikcə onları qardaşı əvəzləyirdi. Əmisi oğlunu, partiya yoldaşlarını gətirirdilər. Biz oraya düşə bilmirdik, təklif etdiyimiz layihələr dəstək almırdı. Hətta bir dəfə beynəlxalq jurnalistika mərkəzi adlı layihəmiz Britaniyanın Vestmister Fondundan tam təsdiq almışdı, vəsaitin köçürülməsi prosesi olmalı idi. Dəyərlərdən danışan insanların verdiyi mesajdan sonra layihə dəstək almadı. Ondan sonra biz donor axtarışını Azərbaycandan kənarda aparmağa başladıq. Beynəlxalq donorları yavaş-yavaş öyrənməyə başladıq. Bizim fəaliyyətimiz, əslində, BMT qurumları ilə könüllük əsasında qaçqınlara, köçkünlərə olan yardımların paylaşması idi. Beynəlxalq qurumlarla təmaslara keçdik. Bu gün də donorlarımızın böyük əksəriyyəti beynəlxalq donorlardır. BMT agentlikləri, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası ilə əməkdaşlıq edirik. Biz ilk dəfə 2005-ci ildə BMT-yə müraciət etdik. 2 il yazışmalarımız oldu. Sonuncu dəfə xanım Hənifə Mezoi bizim xüsusi məşvərətçi status almağımızla bağlı mənə təbrik məktubu yazdı. Bizə məktublar yazırdı, görürdün ki, hər dəfə ya nöqtə, ya vergül yerində deyil. Deyirdi ki, “sorry, bunu düzəldin”, mən də yazırdım ki, “sorry düzəltdim, lütfən bir də baxın”. Bu minvalla bizim yazışmalarımız 2 il davam elədi. Sonda Hənifə Mezoidən bir məktub gəldi: “Cənab Mirzəyev, siz bu prosesdə kifayət qədər dözüm göstərdiniz, biz sizi təbrik edirik”.

R.Xəlil: Sizin layihələriniz bir-birindən fərqlənir. Həm media, həm qaçqınlar, həm də minalardan təmizlənmə ilə bağlı layihələr həyata keçirirsiniz. Bu işləri necə çatdırırsınız?
- Biz 4 istiqamətdə fəaliyyət göstəririk. Bu istiqamətlərin hamısı əslində müharibənin törətdiyi faciələrin aradan qaldırılmasına yönəlib. Əməkdaşlarımızın sayı təxminən 150-200 arasındadır. Hər şeyi insanlar, işçilər həll edir. Yetər ki, onları düzgün yönləndirəsən. Təşkilatımızı yaradanda missiyamız jurnalistlərin, xalq diplomatlarının münaqişə bölgələrinə, konflikt olan yerlərə səfərlərini təşkil etmək və həmin yerlərdən obyektiv informasiya yaymaqdan ibarət idi. Prioritetimiz də Qarabağ idi. O dövrdə, fövqəladə vəziyyətdə Qarabağa yüzdən çox jurnalist səfərini reallaşdırmışam. Qaçqınlardan biri dərman, yarasını bağlamağa tənzif, digəri çadır istəyirdi, bir başqası fövqəladə durumdan sonra torpağı əkib-becərmək niyyətində idi, torpaqdakı minanın təmizlənməsi ilə bağlı bizə müraciət edirdi. Biz məsələni donorlar qarşısında qaldırmışıq və bu məsələlər reallaşıb. Minalarla bağlı ilk layihəmiz minaların mənfi təsirinin tədqiqi olub. Bu prosesdə insanlarla dialoq aparmaq üçün jurnalist keyfiyyətləri lazım idi. O işə rəhbərlik edən insanlardan biri də rəhmətlik Hüseyn Əfəndi idi. Minalı hekayələr də yazmışdı. İnsan nəyisə istəyirsə, canı-könüldən istəməlidir. Mənim fəaliyyətimdə başlıca məsələ o istək olub.

S.Həmid: Gördüyünüz bu işləri Azərbaycanın yürütdüyü haqq işinə bir vətənpərvər, Azərbaycan vətəndaşı və qarabağlı kimi töhfə olduğunu söyləmək olar?
- Bunu mənim deməyim bir az doğru olmaz. Hər halda o istiqamətdə çabalarımız olub. Əslində, mən gözəl şair idim, qəzetdə çalışırdım, ailəmlə, uşaqlarımla məşğul idim. Tale elə gətirdi ki, yurddan-yuvadan didərgin düşdük. 85 yaşında atam fəaliyyətsizlikdən, kəndi-kəsəyi itirmək ağrısından çətin bir durumdadır, xəstəhaldır. O, kəndimizdə yaşasaydı, yüz yaşı aşan babamdan heç də geri qalmazdı.

“Yazdığım misraların nöqtəsi qoyulmayıb”

Q.Yaquboğlu: Siz Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz və şair kimi tanınırdınız. Sonrakı yaradıcılığınız necə oldu? Bədii yaradıcılığınızla bağlı kitabınız çıxdı?
- Yenə də dəyərlər ifadəsi ortalığa çıxır. Dəyərlər dəyişdi. 1980-ci illərdə insanın bir misrası, şeiri çap olunanda bütün ölkə bilirdi. Səni barmaqla göstərirdilər, sən onun dadı, ləzzəti ilə illərlə yaşayırdın. O dövr çətin idi, buna baxmayaraq, dövri mətbuatda çap olunurduq. Ədəbiyyat İnstitutunu qurtarandan sonra Bakıya qayıtdım, “Ədəbiyyat və incəsənət” qəzetində elm, publisistika, mətbuat şöbəsinə rəhbərlik etdim. Heç pis də işləmədim. Qəfildən dəyərlər, prioritetlər dəyişdi. Sizə deyim ki, yazdığım misraların nöqtəsi qoyulmayıb. Gündəlik də bununla məşğul olmuram. Amma qeydlərim var və işləyəcəyim günü də gözləyirəm. Kitabı nəşr eləmədim. Çünki aramızda, çevrəmizdə 5-10 şeirin yerini dəyişib 2 günə çap edib, qoltuğuna vurub ora-bura gedən insanları gördüm. Bir az şaşırdım, bu mühitdən diksindim. Heç vaxt şeirlərimlə, yazılarımla qürrələnməmişəm. Amma öz yerimi bilirəm. Vətəndaş olaraq da, ata kimi də, şair kimi də yerimi bilirəm. Adamlar var ki, bunu dilə gətirmir. Elələri də var, nə ailədə, nə cəmiyyətdə yeri-yurdu bəllidir, haralardasa öz yerini müəyyənləşdirməyə çalışır.

Q.Yaquboğlu: 1989-90-cı illər idi. “Ədəbiyyat” qəzetinin redaksiyasında bir söz demişdiniz: “Kibriti bir qəpiyə satan dövlətin dağılması asan olmayacaq”. Asan oldumu?
- Necə düşünürsünüz, o sistem dağılıb-qurtarıbmı? Mənə elə gəlir ki, o sistem dağılıb-qurtarmayıb. Dağılsaydı, biz bütöv olardıq. Qarabağ kimi problemimiz olmazdı. Bundan sonra nə olacaq, bilmirəm. Təcrübəm, müşahidələrim onu deməyə əsas verir ki, bəlkə də, biz fərqində deyilik, Azərbaycanın qismətinə Qarabağ kimi böyük faciə nəsib olub. Bununla yanaşı, Azərbaycanın regionda vacib bir ölkə olduğu açıq-aydın görünməkdədir. Əslində, o dövrdə Rusiyanın danışmanları Azərbaycanı resursları tükənmiş, heç kəsə lazım olmayan məmləkət kimi düşünürdülər və deyirdilər ki, qoy getsinlər, onsuz da qayıdıb üstümüzə gələcəklər. Şükürlər olsun ki, aralaşdıq və onlara da qayıtmaq ərizəmizi yazmadıq, xahişimizi eləmədik. Bu gün də etmirik. Ölkəmizdə müstəqil siyasət həyata keçirilməkdədir. Azərbaycanın həyata keçirilən siyasətindən kifayət qədər razıyam. Bu gün o dağılma prosesinin növbəti mərhələsi yaxınlaşmaqdadır. Heç də arzulamazdım ki, dağılma fəsadlar törətsin. Çox istərdim ki, bu məsələyə praqmatik yanaşma olsun.

D.Əhməd: Bayaq qeyd elədiniz ki, o dövrdə ədəbiyyatdan diksindiniz və müəyyən qədər kənara çəkildiniz. İndiki ədəbi durumu necə dəyərləndirirsiniz? Kimləri oxuyursunuz? Nəsillərarası mübarizə barədə fikirləriniz necədir?
- Həmişə gənclərin tərəfindən olmuşam. Gəncliyin içərisində bir az da dağıdıcılıq olur. Bu, ailədə şıltaq övlad kimi şeydir. Diksinməyi ədəbiyyatdan uzaqlaşmaq mənasında demirəm. Azərbaycan ədəbiyyatı necə axarla inkişaf edirdisə, bu gün o şəkildə öz inkişafındadır. Daha çox poeziyaya bağlı birisiyəm. Orta məktəbdə oxuyanda artıq kitab mağazalarından alıb topladığım kitabların sayı mini keçmişdi. Hər gün 1-2 kitab alıb oxuyurdum. Əlifbanın dəyişməsi, nəşrlərin az olması sonradan araya girdi və adamların çoxu mütaliədən bir az kənar qaldı. İndi gənclər hansısa şeir, roman yazdığını deyir, amma baxırsan ki, romandan anlayışı yoxdur. Bu adam bilmir ki, roman, povest nədir. Elementar qəliblər var. Yaxşı ədəbi məhsul qəlibə sığmır. Amma sən ən azından ənənəvi qəlibləri bilməlisən. Digər tərəfdən sevindirici hal budur ki, gənclərimiz virtual məkandan istifadə edib yazışırlar, fikir mübadiləsi aparırlar. Biz gəncliyimizdə müəyyən cameədə yığışıb hər gün fikir alış-verişi edirdik. Hər kəsin ürəyində söz olurdu, dərnəklərimiz vardı, orada söhbətlər aparırdıq. Daha çox Sumqayıtda görüşürdük. Rəhmətlik Vaqif İbrahimin təşkil etdiyi ədəbi birlikdə yığışırdıq. Rəhmətlik Şaiq Vəli ilə elə orada tanış olmuşuq.

"Şeirlərimə mahnı yazılmasını lazım bilməmişəm"

N.Ehlamqızı: Niyə hansısa bəstəkarla işbirliyi qurmursunuz? Nədən şeirlərinizin mahnılarda əksini görmürük?
- Adətən, işbirliyini şairlərimiz yaradırlar. Amma tam səmimiyyətlə deyirəm ki, mənə müraciət ediblər. Özüm isə lazım bilməmişəm. 18 yaşımın şeiri var: Dili yansın bu qızların, bir kəlməmi yüz eylədi; Hər kim sevdi söz olmadı, mən sevəndə söz eylədi". Gülarə xanım Azaflı çox cəhd elədi ki, bu şeiri sazda oxusun.

“Jurnalistlərə mənzil verilməsi onların həyatını dəyişdi”

N.Ehlamqızı: Gələn il jurnalistlər üçün nəzərdə tutulmuş növbəti binada mənzillər paylanacaq. Ötən ilki ev bölüşdürülməsində müəyyən narazılıqlar vardı. 2015-ci ildə paylanacaq evlər hansı kriteriyalarda bölüşdürüləcək?
- Keçən il 156 mənzil idi, indi 100 mənzil də artıb. İnsan psixologiyası belədir ki, düşünür ki, mən orada olsaydım, hər şey ədalətli olardı. Bölgü bir adamın iradəsinə bağlı olan məsələ deyil. Əlbəttə, cənab Prezident çox sağ olsun. Binanın tikilməsi, mənzillərin verilməsi bir çox jurnalistlərimizin həyatını dəyişdi. Arzu edək ki, yeni binanın mənzilləri də istifadəyə verilsin. Təxminən 14-15-ci mərtəbə tikilib. Yəqin, gələn ilin ikinci yarısında hazır olar. Burada kiminsə razı, yaxud narazı qalmasına təbii baxıram. Bu məsələlərə təmkinlə yanaşmalıyıq. Bəla burasındadır ki, jurnalistikada 5-3 kəlmə söz deməyən adam da, 1 ildir jurnalistikaya gələnlər də ev iddiasındadırlar. Mətbuat Şurası KİVDF ilə birgə məsələlərin redaksiyalarda müzakirəsinə üstünlük verdi. O adamlar narazılıq etdi ki, onlar redaksiyanın təqdim etdiyi siyahıya düşməmişdilər. Gəlin, bunun adını narazılıq yox, umu-küsü qoyaq.

D.Əhməd: Bu, sonuncu binadır? Yoxsa gələcəkdə yenə olacaq?
- Şükranlıq edək və Tanrımıza dua edək ki, sonuncu olmasın.

D.Əhməd: Futbolla aranız necədir? “Qarabağ” klubunun “İnter”lə oyunundakı hakim haqsızlığını necə qarşıladınız?
- Bu, 25 illik haqsızlığın davamıdır. Cənab Prezidentə təşəkkür edirəm, onun “Qarabağ” klubunu qəbul etməsi çox gözəl jest idi. O görüş həm də qələbənin ən yüksək səviyyədə qəbul olunması idi. Hakimin həmin qolu hesaba alıb-almamasının heç bir əhəmiyyəti yoxdur.

“Nelson Mandelanın 6 il həbsdə olduğu yerləri gəzdim”

S.Həmid: Dünyanın ən müxtəlif ölkələrində səfərlərdə olursunuz. Bu yaxınlarda Qətərdə idiniz. Hansı səfəriniz Sizi təəccübləndirib və o səfər barədə çevrənizə də danışırsınız?
- İl ərzində səfərlərim həddindən artıq çox olur. Bəzən yoruluram. Məsələn, sonuncu səfərim Qətərə olmuşdu. Orada gündüzlər faktiki olaraq çölə çıxmaq olmur. Sanki orada insanlar iqlimi dəyişməklə məşğuldurlar. Ətraf səhradır, insanlar su boruları ilə ağac əkir, yaşıllıqlar salıb onları sulayır. Baxırsan ki, göllər yaradılır. Hiss edirsən ki, insanlar iqlimi dəyişməyə cəhd edirlər. Bu, həm də iqtisadi imkanlarla bağlıdır. Bu yaxınlarda Keyptaunda oldum. Afrika deyəndə adamda fərqli əhval-ruhiyyə yaranır. Gördüm ki, o şəhər dünyanın ən səliqə-sahmanlı şəhəridir. Nelson Mandelanın 6 il həbsdə olduğu yerləri gəzdim. İnsan nə qədər uzaq gedirsə, görür ki, sivilizasiyanı yaradanlar elə insanlardır. Təbiəti, insanları, koloriti ilə Azərbaycan bənzərsiz məmləkətdir. 1 həftədən çox uzaqdan qalanda paytaxt üçün darıxıram. Oğlum 6 ildir Amerikadadır, hərdən mənə sual verirlər ki, oğlun qayıdacaqmı Bakıya. Cavab verirəm ki, mütləq gələcək. Təsadüfdən o da bu gün Bakıya gəlir (gülür).

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər