7 Fevral 2015 12:16
3 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”in qonağı mahir zərb alətləri ifaçısı “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinovdur. Natiq Şirinov ritm sənətinin incəliklərinə toxundu, Azərbaycanda keçirilən “Eurovision” müsabiqəsinin açılışındakı möhtəşəm ifadan danışdı. Hamımızın “Eurovision” səhnəsində həqiqi qaval daşı sandığımız “daş”ın hazırlanma prosesindən bəhs etdi, öyrətdiyi ardıcıllarının perspektivindən söz açdı.

Nərgiz Ehlamqızı: Natiq bəy, Sizə telefon açanda məlum oldu ki, hər gün məşqdə olursunuz. Belə sıx qrafikli məşqlə İlk Avropa Olimpiya Oyunlarının açılış mərasiminə hazırlaşırsınız?
- Mən səfərə gedəndə soruşurlar: hara gedirsən? Deyirəm, ayağımı təyyarəyə qoymamış deyə bilmirəm ünvan haradır. Olimpiya Oyunları da elə bir şeydir ki, səs-soraq yayılır. Qismət Allahındır. Təbii, neçə vaxtdır təkliflər var. 3 aydır gəlib baxıb gediblər.

Aqil Lətifov: Nəyə baxırlar?
- Necə nağara vurmağımıza (gülür).

A.Lətifov: Sizi işinizin peşəkarı kimi bütün ölkə tanıyır. Bəlkə başqa musiqi istəyirlər?
- Ümumiyyətlə, professionallar iş görəndə fikirləşmirlər ki, mən bu ifaçını hansısa səhnədə görmüşəm. Hər bir detalı müzakirə edirlər. Ola bilər ki, onların dediyi məndə olmaz, yaxud hansısa fikri öyrənirlər. Professionallar hər incəliyə toxunurlar. Ona görə də onların gəlməyi normaldır. Hamısı xaricilərdir.

“Müsabiqəyə 16 gün qalmış bildim ki, açılışı etməliyəm”

N.Ehlamqızı: “Eurovision”un açılışındakı çıxışınıza görə bəlkə elə düşünürük ki, məhz Olimpiya Oyunlarının açılışı da Sizə etibar ediləcək?
- İnanın “Eurovision” ərəfəsində də vəziyyət belə idi. Mənə gəlib deyirdilər ki, açılışı edəcəksən? Deyirdim vallah bilmirəm, mənə heç nə deməyiblər. Mən o müsabiqəyə 16 gün qalmış bildim ki, açılışı etməliyəm. 16 günə musiqi yazdım. Çox əziyyətli işdir. Hər bir işin öz zəhməti var, təkəbbürlük kimi çıxmasın, ritm bəstələmək, studiyaya girib səsi yazmaq zülmdür. Allah bizə izn verdi, 1999-cu ildən beynimizin məhsulu ilə ritm bəstəkarlığının təməlini qoyduq. Bu yaxınlarda bir kompozisiya yazdım, 4 aya bitirdim. Soruşurlar o qədər müddətə nə edirsən? Deyirəm danışaram, deyərsən işini böyüdür, bir az da danışaram, fikirləşərsən mənəm-mənəmlik edir, yenə danışsam, deyərsən, düşünür məndən yaxşısı yoxdur. Ən gözəli nədir? Gəl, özün gör.

“Milli ritmi bilməyən musiqiçini azərbaycanlı saymıram”

Bəxtiyar Məmmədli: “Eurovision”un açılışında qrupunuzun ifası ilə yanaşı rəqslər də vardı. Kompozisiyanı da özünüz qurursunuz, yoxsa artıq bu işə başqa bir şəxs müdaxilə edir?
- Hər işin öz peşəkarı var. Mən öz işimə müdaxiləni sevmirəm, ritmi quranda, hətta nağaralar düzüləndə də ikinci insanı yaxına buraxmıram. Düzdür, rejissor deyiləm, musiqinin çox sahə və qolları var ki, ritmi bildiyim peşəkarlıqla onu bilmirəm, amma özüm edirəm. Məndə də bu, alınır. Ritm qrupu olaraq kompozisiyada hərəkətlər mənə məxsus olur. Amma “Eurovision”dakı rəqsi Nailə Məmmədzadə qurdu. Mən Nailə xanımla çox rahat çalışıram. Çünki o, həm baleti, həm milli rəqsi bilir, həm də dünya rəqsindən anlayışı var. Mənim ritmim də həmin vəziyyətdir. Milli ritmi bilməyən musiqiçini azərbaycanlı saymıram. Nailə xanıma Allah can sağlığı versin, hansı elementi istədiyimi deyirəmsə, onu tez zamanda yerinə yetirir. Rihanna Bakıya gələndə onun konsertində də ümumi ideya və fikir mənlik idi, amma orada rəqsin qurulmasında Nailə xanımın böyük zəhməti vardı. Bütövlükdə hərəkətə elə də meyil etmirəm. Düzü, mən oturaq, əllərlə şou və sənət göstərmək istəyirəm. Amma hərəkət də lazımdır.

“Keçi dərisindən olan nağara gözəl səslənir”

B.Məmmədli: Nağaranın balıq dərisindən hazırlandığını deyirlər. Milli ritmlər üçün nağaranın dərisi nədən olanda gözəl və ürəyəyatımlı səs verir?
- Nağaranın dərisi balıqdan ola bilər, amma balıq dərisindən daha çox dəflər olur. Nağaranı qoyun və keçi dərisindən edirlər. Amma keçi dərisindən olan nağara gözəl səslənir. Amma dərini də seçməlisən. Dəridə piy olmamalı, düzgün aşılanmalı, duza qoyulmalıdır, qaranlıqda qalmaq prinsipi var. Proses uzundur. Nağara plastikdən olur. İlk dəfə nağaraya plastikdən dəri çəkən Əmircanda yaşayan Fərhad müəllim oldu. O, bu gün də nağaralarımı düzəldir. Plastik tez boşalmır, cırılıb nəm götürmür. Ümumiyyətlə, dəri ilə çalğıları çox sevirəm. Hər dərinin öz gözəlliyi var. Taxtada da milli ritmləri vura bilərəm. Hansı nağara ifaçısını dindirsən, uşaqlığında ya qazana, ya stola vurub. Nağaranın dərisi, taxtası, ipləri öz yerində, vacib olan ritmin peşəkar insan tərəfindən çalınması, onun qəlbi və əlləridir. Çünki nağara məni yaşada bilməz, mən nağaranı yaşadıram. Çünki nağaranın ruhu, canı yoxdur. 1998-99-cu ildə nağara ifasına başladım. Allah Çingiz Mehdiyevə rəhmət eləsin. İlk qaval daşını Qobustanda çalmışdı. SSRİ laureatı idi, 2 qızıl medal almışdı, oğlu ritm ifaçısı idi. Mən nağaranı ona baxıb sevmişdim. Amma müəllimim Azər Əliyev olub. Çingiz Mehdiyev rəhmətə gedəndən sonra nağara yoxa çıxdı. Hamı dolçavari, adı bəlli olmayan bir yad aləti ifa etməyə başladı. Yenilik gözəl şeydir, amma onun bir kökü olmalıdır. Sintezator da ortaya çıxdı, o alət səs effekti və fon aləti kimi gözəl alətdir, mən də ondan istifadə edirəm, amma onun süni ritmlərindən istifadə etməyə başlayanda, qayıtdılar ki, bunu muzeyə qoyun, o nədir çalırsınız. Qoşa nağaranı muzeyə aparın. Söhbət 1991-99-cu ilədək gedən proseslərdən gedir. Onda içim yanırdı. Çünki nağara həm də mənim çörək ağacımdır. Məndə prinsip yarandı ki, çalışacağam, nağara yenidən qayıtsın. 2001-ci ildə Natiq Ritm qrupunun təməlini qoyandan sonra hamı keçdi nağaraya. Bu, məni çox sevindirdi. Göydə Allah, yerdə xalqımın sevgisi və mənim zəhmətimlə nağara təzədən qayıtdı. Bu gün nağarasız toy aparmırlar. Yenə də o məsələyə qayıdıram, söhbət nağaradan yox, ifadan gedir. Azərbaycanda ritm anlamı, ümumiyyətlə, yoxdur. “Natiq” ritm qrupu var, sadəcə olaraq, sevilir. Mən həmişə deyirəm, ritmi saya bilməyən insan sadəcə, dinləyər, qulaq asıb zövq alar. Amma onu dərk edə bilməz. Ritmi saya bilən insan isə peşəkarın belə səhvini dərhal tuta bilər. Muğamda necə xaric ifa var, nağarada da o cür olur, peşəkar o ifanı dərhal başa düşür.

N.Ehlamqızı: Bir neçə il öncə əlinizdən əməliyyat olunmuşdunuz, fasiləsiz ifadan yarandı narahatlığınız?
- Elə indi də problem qalıb. Əlimdə çatlar var. Qorumağa çalışıram. Amma səhnədə qoruya bilmirəm. Çünki millətimi təmsil edirəm. Toylarda fasilə verə-verə ifa edirəm. Əsas bayraqdır. Toy da əsasdır, pul alırıq, amma insanlar məni başa düşər. Çox heyf səhnəmiz toylardadır. Toy kütləsi böyükdür. Orada sənət olsa da, sənətkarlıq olmur. Mən də 10-15 dəqiqə ərzində çalışıram insanlara sənət göstərim. Konserti ildə 1 dəfə verə bilərsən. Mənim bəxtim gətirib ki, xaricdə tez-tez gedib konsert verirəm. Elə olub ki, xaricdə 1500 avro qonorar ödənilən konsertə getmişəm, burda isə 25 min qonorar verilən 5 toydan imtina etmişəm. Amma o konsertdən elə bilmişəm ki, mənə 3 milyon manat pul veriblər. Evdə də hərdən deyirlər, sən neyləyirsən, o boyda puldan imtina edirsən? Deyirəm, bir gün mən öləndə deyəcəksiniz ki, bu kişi düz edirdi. Şükür Allaha, şərait var, ev var, maşın var. Övladlar var, oxutmalısan. Yuxudan duran kimi hər şey pulla başlayır. Gözünü açdın, suyu açdın sayğac yazmağa başlayır, şəkər tozu qurtardı, almalısan. Çox heyf ki, həyat pul üzərində qurulub. Ona görə deyiblər ki, şeytan dünyaya pul gələndə sevindi. Çox vaxt sənəti istədiyimiz kimi apara bilmirik, maddiyyat qoymur. Mən yeşik düzəldən Natiq olmuşam, nağara çalmaq, bu sənəti yaşatmaq üçün karxanada daş daşımışam. Çünki toya aparan yox idi. Həyat elə gətirib ki, şükür Allaha, özümə görə çörək pulum, şəraitim var. Çalışıram pulu görüb özümü itirməyim, bundan istifadə edim. 5 min manatlıq toya çox baxmayım, xaricdə 500 manatlıq konsertdə millətimin nağarasını erməninin əlində görəndə heyfslənməyim. Deyinən insanları heç sevmirəm. Deyinirlər ki, kömək eləmirlər, gül kimi sənət var, papaq altında yatan oğlanlar var. Ən acığım gələn şeydir bu. Vuruşub çalışmalısan. Əlimə gəlincə, nəsə bu problem tək məndə yaranır. Bu gün də yenə kəsilib.

D.Əhməd: Xüsusi əlcəklərdən istifadə etmirsiniz?
- Onu çox adam deyir, əlcək taxıb nağara vura bilərsən, amma o effekti ala bilməzsən. Bir yana baxanda yaşım 39-dur, 9-10 yaşından toylara getmişəm. Bu ətdir də, neçə ildir dözüb.

“Toyda üç gün, üç gecə dayanmadan çaldım, ürəyim getdi”

D.Əhməd: Konsert azı 1 saat çəkir, dayanmadan ifa edirsiniz, bəs əlin ümumi yorğunluğu necə olur?
- Toyda 6 saat çalanda deyirlər ki, nağaraçalanın evi yıxıldı. Bu, həqiqətdir. İndi “Qobustan” adlı rəqs qrupu çıxıb, hamı da baxıb zövq alır. Mən toyları sevirəm, oynayana da iradım yoxdur, amma hər şeyin qədəri var. Bunu ürəkbulandırıcı səviyyəyə gətirmək lazım deyil. 10 nəfər çıxır rəqs etməyə, nağaraçı da bir nəfərdir. İnsaf da yaxşı şeydir. Nağaraçalanın evini yıxırlar. Yadıma gəlir, Naxçıvanda çox tanınmış bir insanın toyunda üç gün, üç gecə dayanmadan çaldım, axırıncı gün səhər saat 8.00-da ürəyim getdi. Əllərim şişmişdi. Yaxşı ki, toyun dördüncü günü Ağadadaş Ağayev gəldi. Toy 7 gün çəkdi.

N.Ehlamqızı: O toy nə zaman olub ki?
- 1994-cü ildə. Əslim Göyçə mahalındadır. Mən oranı 1 dəfə gördüm, toya getdim, ondan sonra getmək istəmirdim. Deyərlər, adam da əsli olan yerə getməzmi? Məni aparıb əmim oğlunun toyunda 7 gün, 7 gecə necə nağara vurdurdularsa, dedim daha bura gəlməyəcəyəm. İndi o toylar da, nağaraçalanlar da yoxdur. İllərlə təcrübəmdə gördüm ki, 6 saat toy çalmaq səhnədə 5 dəqiqə ritm vurmaqdan asandır.

A.Lətifov: Təəssüf ki, biz peşəkar ifanı, ritmin səhv və ya düz olduğunu müəyyən edə bilmirik...
- Mənim ən böyük istəyim odur ki, xalqım ritmləri azca da olsa, muğam qədər bilsin. Bu gün hamı bir-birini tərifləyir, hamıya da yaxşı deyilir. Amma Hindistanda xalq bütün ritmləri əli ilə sayır. İnsanlar ritmi düzgün ölçüdə çalıb-çalmadığına diqqət edir. Bizdə kim nağaranı yuxarı atırsa, fırladırsa, ona deyirlər dəhşətdir. Biz sirk göstərmirik ki.

N.Ehlamqızı: İndi sazı da göyə atmaq dəbdədir...
- Bəli, Mübariz sazı boynunun arxasına qoyub çalır, Allah işini avand eləsin. Mən, ümumiyyətlə, tənqidçi deyiləm, özümü tənqid edən lazımdır. Özüm Aşıq İdrisin nəvəsiyəm. Göyçə mahalında Aşıqlar Birliyinin sədri olub, Aşıq Ələsgərlə də çox yaxın olublar. Babam müharibəyə sazını götürüb könüllü gedib. Qara kağızı gəlib, şəhid olub. Anam tərəf Kəlbəcərdəndir. Dədə Şəmşir nənəmin əmisi oğludur. Biz gözümüzü açıb saz görmüşük. Atam bizi Rəşid Behbudov, Xan Şuşinski musiqiləri ilə böyüdüb. Düzdür, elm adamı idi, kitab yazırdı, şifahı vurma qaydalarına açıqlama yazmışdı. 7 uşaq idik, 6-sını oxutdu, məni oxuda bilmədi. 15 yaşında evdən qovdu, dedi, mənim evimdə nağara çalan ola bilməz. Düzdür, biz musiqiçi nəslindənik, amma dedi ki, sən elm öyrənməlisən. Tale elə gətirdi ki, 2000-ci ildə mənim haqqımda AzTV film çəkdi, atam da haqqımda danışdı, dedi ki, bu sənət davam etməlidir. Mən ağladım. Söylədi ki, 7 uşağımın içində hərəsi bir vəzifə sahibidir, amma Natiqlə fəxr edirəm. Çünki Natiq dediyinin üstündə durdu.

D.Əhməd: Atanız niyə qarşı idi nağara çalmağınıza?
- Adlarını çəkməyəcəyəm, sənəti böyük olub, şəxsiyyəti böyük olmayan insanlar var idi, nəşə, içkiyə qurşandılar. Atam düşünmüşdü ki, balam da bu yola düşəcək. Allah böyükdür, onun qəlbinə, əməllərinə görə ruzimizi verdi. Bu gün sənətdə, həyatda qarşıma çıxanlar atamın əməlləridir. Ömrü boyu ağlına gəlməzdi ki, Allah yolumuzu ibadət əhli edər. İbadət etmək hər insana da qismət olmur. Hər ibadət edənə də düzgün mömin olmaq...

“Qurani-Kərim”in tərcüməsini 5 dəfə oxumuşam"

A.Lətifov: Dinlə musiqi bir-birinə ziddir axı.
- “Qurani-Kərim”in tərcüməsini 5 dəfə oxumuşam. Övladlarımın anası İslam Universitetini bitirib, din üzrə elm alıb. Üç övladım var, oğlum Ümiddən başqa, hamısı 6 yaşından ibadət edir. Biz uşağa məcburi ibadət etdirməmişik. Elə nağara da məcburi olmayıb. Mən düzgün səcdəyə gedirəmsə, Allah övladlarıma bunu hiss etdirəcək. İbadətə başlayanda qarşıma məqsəd qoymuşdum ki, fanatik olmayacam, deyəcəyəm də, güləcəyəm də, nağara da çalacam, futbol da oynayacam. Keçən il Allah nəsib elədi Həcc ziyarətinə getdim. “Mən həciyəm, ağır oturub-durmalıyam” kimi ehkamlar mənlik deyil. Allah bizə buyurmadı ki, ibadət edin, insanlardan ağıllı danışın. Namazın, ibadətin musiqiyə heç bir ziddiyyəti yoxdur. Amma baxır hansı musiqiyə. Mən caz janrının bəzi məqamlarını qəbul etmirəm, musiqi alətinin başına oyun açmağı vəhşilik sayıram. Alim Qasımov oxuyanda ağlayıram, Rəşid Behbudov, Şövkət Ələkbərovanın səsini eşidəndə kövrəlirəm. “Tərəkəmə” çalanda ləzzət alıram. Quranda yazılır ki, başdan çıxaran, coşduran musiqi haramdır. Gözəl şərab içirəm deyəndə elə bilirlər, araq içirsən. Limonad da şərabdır. Bizdə ailədə toy, bayram olanda deyirlər Natiq gəlir arağı yığışdıraq. Deyirəm ki, arağını da, şampanını da qoy. İçən içəcək də. Mən oturan stolda imkan varsa, olmasa gözəl olardı. İçki və donuz əti haramdır. Dostlarım arasında spirtli içki içənlər var, görüşürəm, xətirlərini istəyirəm. Neyləyim onlardan uzaqlaşım? Əgər yaxşı ibadət edirəmsə, onlar bir gün gəlib tərbiyəmə baxıb ibadət edəcəklər. Musiqiçilərin çoxu namaz qılır, musiqi qıraqda qalır, hamı dindən danışır. Deyirəm ay bədbəxtlər, onsuz da inkişaf etmirdiniz, indi də mollalığı gətirib ortalığa qoymusunuz. Nə musiqidə, nə də ibadətində qabağa gedirsən. Bu gün məni namaz qılmağıma görə çağırmamısınız ki. Nağarama görə gəlmişəm. Deməli, neyləməliyəm? Buradan çıxandan sonra yenə gedib nağaramı çalmalıyam.

Naibə Qurbanova: Qobustandakı qaval daşı barədə bir mif yaranıb. Sanki hər adam ona yaxınlaşıb çala bilməz. Qaval daşının sirri nədədir.
- Qaval daşı yer kürəsində Allahın Azərbaycana verdiyi ən böyük nemətdir. Çünki bütün alətlər insan təfəkküründən inkişaf edir. Qopuz idi, üç sim oldu, saz yarandı. Qaval daşını heç kəs düşünüb etmədi. Bizi yaradan Allah yaratdı. Onun da bu günədək heç bir inkişafı yoxdur. Ən gözəl, qəliz ritm sadə ritmdir. Qaval daşında sadə ritmlər vurulur. Siz də gedib onu çala bilərsiniz. Yallı ritmi püxtələşmiş müasir ritmdir. Qədim ritm bilinməyən ritmdir, eramızdan əvvəl danışıq da olmayıb, kimin ağlına nə gəlib çalıb. Qaval daşının bizim üçün ləzzəti, dadı ondadır ki, dünyada analoqu olmayan daşdır. Həmişə deyirdim ki, necə edə bilərik ki, qaval daş ritmlərin ən başında duran olsun. Allah mənə “Eurovision”da imkan yaratdı. Remixlə qaval daşını ifa etdim.

“Eurovision”un səhnəsindəki qaval daşı maket idi"

N.Qurbanova: Qaval daşının səhnəyə gətirildiyi üçün söz-söhbətlər yaranmışdı. Qaval daşının özü idi?
- “Eurovision”da hər bir işin alınmasında Mehriban xanım Əliyevanın böyük zəhməti vardı. O isə qaval daşının özü deyildi, böyük maket idi. Bəhram Bağırzadəyə zəng etdim, dedim, mənə heykəltəraş lazımdır. Soruşdu neyləyirsən? Dedim Qaval daşı düzəltdirmək istəyirəm, amma istəmirəm kimsə bilsin. Dedi neyləyirsən, get Qobustanda çal da (gülür). Deməli, İçərişəhərdə dalanların birində Qaval daşını düzəltdirdim. Böyük heykəltəraşdır. Çox gözəl insandır, onun evində yaşayırdım da, evindən çıxmaq istəmirdim. Dedi ki, nə boyda istəsən düzəldə bilərəm. Dedim 2 metr. Səhnədə Qaval daşının özünü gətirsəydik, maket gözəlliyində görünməzdi. Dedim elə düzəlməlidir ki, səhnədə onun əzəməti görünməlidir, özü də sırf daşa oxşamalıdır. Səhnədə çatladı. Amma daşdan tutmuş, paltarlarımız, nağaralarımızın hamısını Heydər Əliyev Fondunun arxivinə verdik. Belə məsləhət oldu, biz də ləzzətlə verdik. Tariximiz kimi saxlanacaq. Bilirsiniz, Qaval daşının tozu hamını aldatmışdı. O tozu da Allah elədi. Səhnəyə çıxanda gördüm ayağım əsir. Dua oxudum, dedim ya rəbb, mənə kömək elə. 70 min insanı görüb başım hərləndi. Qulağıma da qulaqlıq taxılmışdı, italyanlarla dalaşdım, dedim taxma, hirsləndim nağaranı da atmışdım, dedilər elə şey eləməsin. Dedim alınmır da qulaqlıqla, fonoqramdır, istədiyim kimi tuta bilmirəm. Bircə əl nağaramı canlı ifa edirdim. Qulağıma da qulaqlığı taxıblar ki, ancaq musiqini eşidim. Zalda da hay-küy varmış. Birdən qulaqlığın biri düşdü, camaatın səsini eşidəndə, düşündüm ki, yıxılacam. Elə bildim 70 min adam üstümə gəlib məni döyəcək. Həyəcandan özüm özümlə dalaşırdım. Deyirdim, yekə kişisən, camaat sənə baxır, özünü adam kimi idarə elə. Ruhən özlüyümdə danışdım ki, qeyrətsiz olma, ermənilər baxır. Qavala birinci zərbəni vuranda çatladı. Həyəcandan çatlatdım. Gips olduğundan onun tozu çıxdı. Dedim həyəcanı da Allah verdi, toz çıxmalı idi ki, insanlar buna inansın.

A.Lətifov: Fərqli nağara növü var?
- Saxsı nağara var, eramızdan 40 min il əvvəl olub, onu 2010-cu ildə bərpa etdim. İnsan ruhuna çox yaxındır. Mən Milli Konservatoriyanın rəhbəri Siyavuş Kəriminin yanına getmişdim. Stolunda ensiklopediya vardı. Onu vərəqləyəndə saxsı nağara gördüm, dedim, bunu düzəldəcəyəm. Bir neçə yerdə edirdik, qəlibdən çıxara bilmirdilər. Masallıda Vilayət adında oğlan elədi, peçə qoydu, 15 dənənin içində biri çıxdı. Hamısı partlayırdı. Saxsı nağaradan 4-5-ni düzəltdirib saxlamışam. Oğlana dedim ki, bu, tarixdir, onun çalğısı tamam başqa şeydir. Özü də üstünə Azərbaycan xəritəsini çəkdirmişəm, öz adımı, musiqi terminlərimizi yazdırmışam. Öz nağaralarımın da naxışlarını yandırtmışam. Şükür Allaha, ermənilər hələ ki nağaranı mənimsəyə bilməyiblər. 2011-ci ildə Koreyada 56 dövlət üzrə müsabiqədə 1-ci yeri tutduq. Bu, Azərbaycanın böyük uğuru idi, çünki dünyada elə zərb aləti var ki, nağara onun yanında yer olub ötə bilməz. Nəsə orada alındı. Müsabiqəyə getməzdən əvvəl İmam Hüseyn üçün tədbir keçirmişdik. Mən öz eşqimə 400 nəfərlik tədbir keçirirəm. Balaban, skripka çalan, 10 ritm çalan zikr edirik. Alim Qasımov da gəlir. Beşinci tədbir idi o. Bir şeyə sevinirəm ki, anam həmişə gəlir. Anam heç bir konsertimə elə sevinə-sevinə gəlmir, tək ona gəlir. Anamın səmimi göz yaşını görmək həyatdır. Həmin mərasimə mütləq başını örtənin, namaz qılanın gəlməsi şərt deyil. Hər kəsin geyimi özü üçündür, insanın şərəfi düz olsun. İnsanın daxilini bilmədən onun haqqında danışmaq günahdır. Vəhhabilər arasında dostlarım var, gəlirlər. Oğlum sünni, mən şiə namazı qılıram. Yəhudi, rus xristian dostlarım var. Onların hamısını çağırıram. Yəhudi dostumdan birinin gözü dolmuşdu, dedi ki, İmam Hüseynin kitabını verə bilərsən? Dedi ki, mənə maraqlıdır, İmam Hüseyn kimdir ki, siz bu qədər ona aşiqsiniz. Mən bu cür yaşamağın tərəfdarıyam. Ritmdə də o cür olmalıdır.

D.Əhməd: Ölkədə siyasətin ritmini tutmaq mümkündür?
- Belə götürəndə ən böyük siyasət bizim işimizdir. Hansısa dövlətdə nağara vururamsa, xaricilər yaxınlaşıb musiqimizi öyrənirsə, ən böyük siyasət budur. Musiqi dünya dilidir. İngiliscə bilmirəm, rusca danışsam, gülməkdən ölərsiniz. Biz əllə ritmin ölçüsünü deyirik, mən öz dilimdə sayıram, rus da öz dilində. Necə ki, musiqidə not var, ritmdə də sayı bilməsən, qarşındakı ifaçı ilə təmas qura bilməzsən.

D.Əhməd: Kimisə öyrədirsiniz?
- Yüzə yaxın tələbəm var. Ən çox tələbə məndədir. O gün Siyavuş Kəriminin yanında idim, dedi, Milli Konservatoriyada zərb alətləri ixtisası yoxdur, çox pis oldum. Dedi gəl, dərs de. Dedim axı diplomum yoxdur. Amma qəribəsi odur ki, mən diplomludan ritmdə savadlıyam, bu, necə olur? İndi deyir gəl, Asəf Zeynallı adına kollecdə dərs de, sonra Konservatoriyaya gəl. Deyirəm, inanırsınız ki, vaxt yoxdur. Bu dəqiqə özümlə əlləşirəm, öyrənirəm. Dərs desə, oğlum deyər inşallah. Tələbələrimi özəl öyrədirəm. Müxtəlif siniflər var, 3-cü sinfədək onlara tələbəm dərs deyir, 4-5-ci sinifdə mənim yanıma gəlir.

A.Lətifov: Tələbələrinizdən neçəsi Sizin səviyyəyə gələ bilər?
- Hamısı gələ bilər. Ağılları olsa. Onların içində Ümid özümə oxşayır. Oğlumdur deyə demirəm. Deyirəm, səni Allah qorusun, bircə bəzi musiqiçilər kimi yolunu azmayasan.

N.Ehlamqızı: Oğlunuz Ümid elm dalınca getmək istəyir, yoxsa ritmin ardınca...
- Bu il sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə verəcək. Amerikada oxumaq istəyirdi, dedim darıxma, getsək, bir yerdə gedərik. Bacıların da oxuyur, onları yerbəyer edək, gedərik. Çünki niyyətimdə var, 2-3 il Amerikada yaşayıb öyrənmək istəyirəm.

Bəxtiyar Məmmədli: Özünüz sənədlərinizi verəsiniz bəlkə?
- İnanırsınız, Fərəh xanım da heyfslənir. Sağ olsunlar, məni çox istəyirlər. Zəhmətimizə qiymət verirlər. Bu, hər musiqiçiyə qismət olmur, dövlət başçısı başda olmaqla hər kəs hörmət edir, Allah onları var eləsin.

A.Lətifov: Bu sənət necə yaşayacaq?
- Ən böyük arzum odur ki, Azərbaycanda ritm mərkəzi açılsın. Oğluma da demişəm mən bacarmasam, özəl də olsa, bir ritm mərkəzi aç. Mən müdir olmaq niyyətində deyiləm, sadəcə olaraq, musiqiçilərimizin 99 faizi ritmi dəqiq bilmir. Notu bilirlər, amma ritmi biz inkişaf etdiyimiz səviyyədə etmirlər. Bəzi muğam ifaçılarımız var ki, dəfi vurur, ritmdən çıxır.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: