4 Aprel 2015 14:45
3 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”də qonağımız tanınmış aparıcı Könül Arifqızıdır. Ucuz şou, bayağı verilişlərin çoxaldığı bir vaxtda “Bir mahnının tarixçəsi”, “Ötən əsrin nəğmələri” kimi səviyyəli, tədqiqata söykənən verilişlərilə tamaşaçı sevgisi qazanan bu xanımla maraqlı söhbət etdik. Onunla görüşümüz aprelin 1-nə təsadüf etdiyindən elə söhbətə gülüş günü ilə başladıq. O, mahnıların tarixini araşdırarkən rastlaşdığı çətinliklərdən söz açdı, televiziyadakı çatışmazlıqlardan danışdı. Sadə və səmimi Könül xanım uşaqlığının keçdiyi Ağdamdakı xatirələrini də xatırladı.

Nərmin Muradova: Könül xanım, sizə ən maraqlı 1 aprel zarafatını kim edib?
- Elə bir şey heç vaxt olmayıb.

N.Muradova: Siz də aldatmamısınız?
- Mən də aldatmamışam.

Dilqəm Əhməd: Ümumiyyətlə, sizi aldatmaq çətindir?
- Məncə, hə. Bəlkə də, asandır. Heç rastlaşmamışam. Ola bilsin, yoxlayıblar, alınmayıb.

N.Muradova: Belə günlərə münasibətiniz necədir?
- Çox adidir. Belə günlərin olub-olmamasının mənim üçün fərqi yoxdur. Həmin gün gəlir və hər şey çox sürətlə keçir. Xüsusi hazırlaşmıram. Hər şey o qədər adiləşib ki... Bilmirəm niyə elədir.

N.Muradova: Niyə? Məsələn, Novruz bayramını necə keçirdiniz?
- Bu il Novruzu əla keçirdim. Uşaqlıqdan sonra ilk dəfə idi ki, tonqal ətrafında yallı getdik, oynadıq, şənləndik.

N.Muradova: Səhv etmirəmsə, uşaqlığınız, deyəsən, Ağdamda keçib.
- Yox, uşaqlığım Sumqayıtda keçib. Valideynlərim qarabağlıdır. Hər yay nənəmgilə gedirdik. Bacım, qardaşımla, xalam uşaqlarıyla yayda anamgilin evində qalırdıq. Uşaqlığım çox gözəl keçib. Rayonla bağlı gözəl xatirələrim var.

“Atamgil İslam Rzayevlə çəpər qonşusu olublar”

N.Muradova: Hazırda kəndiniz işğal altındadır?
- Hə, nənəmgil Ağdam şəhərinin özündə yaşayırdı. Atamgilin kəndi - Füzulinin Sərdarlı kəndi ermənilərin işğalı altındadır. Onu da deyim ki, atamgil İslam Rzayevlə çəpər qonşusu olublar, onlar həm də qohumdurlar. Uşaqlıqda çox olduğum Şuşaya da artıq gedə bilmirəm.

D.Əhməd: O dönəmin ab-havası kimi nələr yadınızda qalıb? Şuşa, Ağdamda hansı uşaqlıq əyləncələriniz vardı?
-Rayonda evlər çəpərli idi. Çəpərlər taxta, yaxud daşla hörülü deyil, dəmir “setka”lardan ibarət idi. Ona görə qonşu qonşunu rahatlıqla görə bilirdi. Qonşunun uşaqları bizə baxıb deyirdilər ki, şəhərdən gəliblər. Biz onlara əyləncəli gəlirdik, onlar da bizə...

Aqil Lətifov: O günlərin yerini indi nə verir?
- Onun yerini nə verə bilər ki?! Qarabağın torpağının, havasının ətrini heç yerdə duya bilmirəm. Nənəmgilin həyətində dərib yediyim meyvənin tamı heç yerdə yoxdur. Bəzən deyirlər ki, uşaqlıqda yaşadıqların hafizəndə elə qalır ki, sən onun təkrarını istəyirsən, amma ala bilmirsən. Ona görə də düşünürsən ki, o, təkrarsızdır. Bəlkə də, o fikirdə haqq var. Amma mən öz təəssüratlarıma daha çox haqq qazandırıram, həqiqətən, o təəssüratlar, o hissiyyatlar, o emosiyaları yaradan heç nə yoxdur.

N.Muradova: Onda neçə yaşınız vardı?
- 9-10 yaşım vardı. Orta məktəbin aşağı siniflərində oxuyurduq. Mən Şuşanı da yaxşı xatırlayıram. Xalamgil Bakıda yaşayırdılar, amma yayda Şuşaya gedirdilər. Mən də onlara gedirdim. Şuşanın ensiz küçələri, məscidə gedən yol, Cıdır düzü, Vaqifin məqbərəsi yadımdadır. Hərdən mənə elə gəlir ki, Xarı bülbülü də uşaqlıqda görmüşəm. Çox gözəl şeylər idi. Yaxşı ki, o günlər həyatımda olub, yaşamışam.

Naibə Qurbanova: Xarı bülbülü canlı görməmisiniz?
- Mənə elə gəlir ki, uşaqlıqda görmüşəm. Bakıda yetişir ki?

N.Qurbanova: Hə, istəsəniz, tapıb gətirərdilər.
- Doğrudan? Düzü, heç kəsə bu barədə deməmişəm, kiminsə bunu mənim üçün tapıb gətirmək marağı da olmayıb.

“Mənim üçün ən komfortlu yer evimizdir”

N.Muradova: Bakıda ən çox sevdiyiniz yer haradır, dincəlmək üçün haraya gedirsiniz?
- Evimiz. Mənim üçün ən komfortlu yer evimizdir. Hara da getsəm, daxili harmoniyanı, rahatlığı ancaq evimdə tapıram. Əlbəttə, əyləncəli yerlərə gedirik: kinoya, boulinqə, hansısa mədəni tədbirlərə... Amma düzünü deyim ki, tədbirlərə getməyə çox marağım olmur. Ancaq çox təkid edəndə durub gedirəm (gülür).

A.Lətifov: Axırıncı dəfə hansı kinoya baxmısınız?
- Axırıncı dəfə baxdığım film Uill Smitin baş rolda oynadığı “Fokus” filmidir.

A.Lətifov: Bəs yerli filmlərdən?
- İlkingil məni “Ay brilliant” filminə dəvət etmişdilər, gedib ona baxdım.

N.Muradova: Televiziyada elə layihələr həyata keçirdiniz ki, o cür layihələr indiyədək olmamışdı. “Bir mahnının tarixçəsi” layihəsini mahnılar bitdi deyə dayandırdınız, yoxsa bunun başqa səbəbi var?
- Yox, mahnılar bitmədi. Heç reytinq də məni maraqlandırmırdı. Çünki bildiyimə görə, İctimai kanal kütləvi kanal olmadığı üçün reytinq cədvəli də yoxdur. Verilişin də müəyyən auditoriyası vardı. O auditoriya məni görəndə soruşur ki, o veriliş niyə dayandı, niyə davam etmirsən? Başa düşürəm ki, verilişə maraq var idi. Sadəcə, mən elə bildim ki, o verilişdə tükəndim. Onun yeni, daha əyləncəli formasını etmək istədim. Bu da “Ötən əsrin nəğmələri” verilişi oldu. Bu proqram daxilində həm mahnıların qısa tarixçəsi gedir, həm də onlar səhnədən ifaçılar tərəfindən səslənir.

N.Muradova: Amma mahnılar “Bir mahnının tarixçəsi” layihəsindəki kimi araşdırılmır...
- Yox, o dərəcədə dərinliyə varılmır. Bir mahnının tarixçəsinə 35-40 dəqiqə həsr edirsənsə, orada daha çox araşdırma aparmalısan, çox insanlarla görüşməlisən, maraqlı faktlar ortalığa qoymalısan ki, bu müddət tamaşaçı üçün maraqsız olmasın. Burada isə 5 dəqiqə süjetdə tarixçə, arxasınca mahnı ifa edilir. Və ardınca növbəti mahnılar gəlir. “Ötən əsrin nəğmələri” verilişi “Bir mahnının tarixçəsi” proqramının bazasına çox söykənir. Orada səslənən Azərbaycan mahnılarının əksəriyyətini demək, olar ki, işləmişəm. Burda isə məlumatların qısa və kompakt formasını süjetdə verirəm.

D.Əhməd: Hansı mahnının yaranması Sizə cəlbedici gəlib?
- O qədər mahnı işləmişəm ki, bu barədə heç nə deyə bilmərəm, beynimdə xaosdur. “Bir mahnının tarixçəsi” verilişində 89 Azərbaycan mahnısının tarixini araşdırmışam. “Ötən əsrin nəğmələri” verilişində isə, bəlkə də, 500-ə yaxın mahnının tarixçəsi üzərində işləmişəm. Çünki orada həm öz mahnılarımız, həm də xarici mahnılar var. İşlədiyin prosesdə hər bir mahnının tarixində maraqlı detallar olur, amma sonra unudursan, ona görə ki, növbəti mahnı gəlir.

N.Muradova: Hansısa mahnının araşdırılmasına icazə verməyənlər olub?
- Yox, elə bir şey yadıma gəlmir. Bircə, Mirzə Babayevin oxuduğu “Kimlər gəldi, kimlər getdi” mahnısının yaranması ilə bağlı araşdırmamı yarımçıq qoydum. İctimaiyyətdə belə fikir vardı ki, bu mahnı Soltan Hacıbəyovun əsəridir. Mən mahnını işləmək istəyəndə Mirzə Babayev də artıq həyatda yox idi. Soltan Hacıbəyovun İsmayıl Hacıbəyov adlı oğlu var, o da rəhmətə gedib, onun xanımı pianoçu Ülviyyə Hacıbəyova ilə danışdım. Ondan soruşdum ki, bu nə məsələdir, həqiqətən, əsər Soltan Hacıbəyovun əsəridir? O da konkret heç nə demədi, söylədi ki, mən də belə fikirlər eşitmişəm, amma yəqin ki, onun əsəri deyil. Bilmirəm bu fikirlər haradan qaynaqlanırdı? Onu bilirəm ki, bu məsələnin axırına getmədim. Qadağalar olmayıb. Amma bir şeyi də deyim, “Evimizə gəlin gəlir” mahnısının tarixçəsini işləyirdim, onun da sözləri Mirvarid Dilbazinindir. Ağabacı Rzayevanın qohumları mənə yardım etdilər. Elə yaxşı materiallar, notlar verdilər ki, mahnının musiqi tərəfini tapıb yazdım. Söz tərəfinə gələndə bircə o detalı bilirdim ki, onu Mirvarid Dilbazi öz bacısı oğlunun toyu üçün yazıb. O da Vəfa Quluzadədir. Mirvarid xanımın qızına nə qədər müraciət etdim, nə mənimlə görüşdü, nə də informasiya verdi. Hətta mənimlə kobud danışdı. O verilişi öz bildiyim məlumatlar əsasında hazırladım.

N.Qurbanova: Mirvarid xanımın qızı veriliş efirə gedəndən sonra hansısa narazılıq bildirmədi?
- Heç mən zəng edib demədim ki, baxın. Məncə, bu, onların marağında daha çox olmalı idi. Yardım etmədilər, canları sağ olsun. Vəfa Quluzadənin özünü tapdım, danışdım, soruşdum ki, bu faktı efirə demək istəyirəm, etiraz etmirsiniz ki? Siz siyasətçisiniz, başqa sferanın adamısınız. Dedi, heç bir problem yoxdur, deyə bilərsiniz.

Qurban Yaquboğlu: İTV-nin əvvəlki populyarlığını itirdiyini deyənlər var. Bununla razılaşırsınız?
- Bunu tamaşaçı deyə bilər. Mənim “kanalımız liderdir, superdir” deməyim bir az düz çıxmaz. Amma onu deyim ki, bizim kanalda mədəniyyət yönümlü maarifləndirici verilişlər yenə də var. Digər kanallar daha çox şou, ucuz mövzuların qabardılması ilə reytinq qazanmaq istəyirlər. Amma bizdə bu istək nə yaxşı ki, yoxdur.

N.Qurbanova: Rəhbərlik dəyişəndə bəzi aparıcılar getdi, düzdür, yeni simalar da gəldi. Bəs Sizin üçün rəhbərlikdə kimin olmasının əhəmiyyəti var?
- Necə 2005-ci ildə İTV-yə gəlmişəm, elə də çalışıram. Sözün açığı, mənim üçün rəhbərlikdə kimin olmasının əhəmiyyəti yoxdur. Çünki işimi necə görürəmsə, elə də görürəm.

D.Əhməd: 10 il bir yerdə qalmaq sıxıcı deyil?
- Hə, deyirlər, sən “balota”dasan, passivsən, sənin tayların 50 kanal dəyişib (gülür).

N.Qurbanova: “Bir mahnının tarixçəsi” verilişiniz ATV-dəki “Səni axtarıram” proqramı ilə eyni saatda gedirdi. İki verilişlə bağlı bir Facebook müzakirəsində gördüm ki, Sizin verilişinizə kifayət qədər maraq var. Və sanki verilişinizə yaşlı nəsil daha çox baxır.
- Ola bilər. Çünki retro musiqi daha çox yaşlı nəslin maraq dairəsindədir. Düzü, verilişim futbol topu kimi gah bazar, gah cümə, yaxud şənbə günü efirə verilir. Hər verilişin öz auditoriyası var. Proqramımı sevən tamaşaçı onsuz da paralel olaraq başqa kanallarda hansı verilişin yayımlanmasından asılı olmayaraq, mənim verilişimə baxacaq.

N.Qurbanova: Mənə həmişə aparıcıların geyimləri maraqlı gəlir. Sizə bu barədə yardım edən şəxs var, yoxsa öz ixtiyarınıza buraxılıb?
- Televiziyalarımızda yaralı məsələlərdən biri də budur. Rusiyaya, Türkiyəyə baxırıq onlarda hansısa proqram bitəndə titrlərdə yaradıcı heyətin adı gedir. Diqqət etsəniz, o qədər adamın adı yazılır ki... Bu, şou verilişində də, sənədli verilişdə də belədir. Və bu, o deməkdir ki, orada çox böyük yaradıcı heyət çalışır: qrimyor, geyim üzrə rəssam, redaktorlar, ssenaristlər, tədqiqatçılar, işıqçıları var və s. Hər sahənin öz peşəkarları var. Bizdə o yoxdur. Özüm gedib özüm seçirəm, belə saç yaraşar deyib qrimyorun yanına gəlirəm və sonra da çıxıram efirə. Belə şeylər də adamı tükəndirir. Bir komanda olsun, biz də yeni ideyalar irəli sürək. Baxırsan ki, elə komanda yoxdur...

A.Lətifov: Bəs niyə yoxdur?
- Çünki kadrlar yoxdur. Onları yetişdirən məktəb yoxdur. Çox çətin sualdır.

N.Muradova: Siz özünüz də televiziyaya gələndə jurnalist kimi peşəkarlığınız yox idi. Çünki...
- Mən indi də özümü peşəkar hesab eləmirəm. Hərdən deyirlər, jurnalistsiniz. Deyirəm, mən heç jurnalistika ixtisasını bitirməmişəm. Onun bəndlərini, xırdalıqlarını mənə keçməyiblər. O sahə ilə bağlı sual verəndə ona cavab verməyə bilərəm, çünki mənim ixtisasım deyil. Aparıcı kimi təcrübə qazanırsan. Amma yaxşı olar ki, televiziyaya gəlməmişdən qabaq bunun özülünü keçəsən. Eynən də yanında təməli olan insanlar görəndə daha çox şey əldə edə bilərsən.

N.Qurbanova: “Eurovision” mahnı müsabiqəsində şərhçi kimi çıxışınızı da görmüşük. Təklif kimdən gəlmişdi?
- Bakıdakı tədbirdə Saleh Bağırovla ikimiz şərhçi idik. Bir də uşaq “Eurovision”larında şərhçi olmuşam. Rəhbərlik musiqi departamentinin işçisi olaraq məni məsləhət bilmişdi.

N.Qurbanova: Çətin idi?
- İnformasiyan və musiqidən bir balaca anlayışın olanda asan olur. Şərhçilik məsələsində də qonşu kanallara baxsaq, görürsən ki, onun kimi deyil. Onlar daha məlumatlı, informativ, məzəli, hazırcavabdırlar.

“Yaxşı yəhudi müəllimlərim olub”

N.Qurbanova: Söz ehtiyatı zəngin adam təəssüratı bağışlayırsınız. Efirdə danışığınız zaman rabitəli nitqiniz diqqəti cəlb edir. Mütaliəniz çoxdur, ya başqa səbəblər var?
- Mənə elə gəlir ki, bu orta məktəbdə yaxşı dil və ədəbiyyat müəllimimin olmasının nəticəsidir. Evdə valideynlərimin, mühitin, ünsiyyətin təsirindən dilim qüsursuz və təmiz olub. Mütaliəm ruscadır. Bu, yaralı yerimdir. Azərbaycanca oxuya bilmirəm. Halbuki, Azərbaycan bölməsində təhsil almışam. Amma rus dili müəllimim çox güclü idi, yaxşı yəhudi müəllimlərim olub. İndi ingilis dilində bədii kitab oxumağa başlamışam, istəyirəm o dili də inkişaf etdirim.

D.Əhməd: Adi danışıqda rus sözlərindən istifadə edirsiniz. Bəs efirdə bundan necə xilas olursunuz?
- Onun dərdindən canlı efirdən qaçıram (gülür). Görürsünüz, canlı efirə çıxmıram. Ağzımdan çıxdısa, saxlamaq olmur. Bir dəfə “Səhər” verilişində rusca sözlər demişəm.

N.Muradova: Bədii şuralarla aranız necədir?
- Bədii şuranın olduğu barədə məlumatım yoxdur. Amma olsa, pis olmaz, bəlkə də qüsurlar azalar.

N.Qurbanova: Aparıcılar haqda çoxsaylı tənqidi fikirlər səsləndirirlər. Tənqidlərdən özünüzə pay götürmüsünüz?
- Özümü mükəmməl aparıcı hesab etmirəm. Bəlkə də, bu, ondan irəli gəlir ki, özümü ümumiyyətlə aparıcı saymıram.

A.Lətifov: Bəs kimi daha yaxşı aparıcı hesab edirsiniz?
- Televiziyanın müxtəlif sferalarında: siyasi, şouyönümlü, əyləncəli verilişlər, xəbərlərdə istedadlı insanlar tapmaq olar. Ad çəksəm, kimsə inciyə bilər. Ümumiyyətlə, Azərbaycan xalqı istedadlı xalqdır.

N.Muradova: Qardaşınız Murad Arifi aparıcı kimi qəbul edə bilirsiniz, yoxsa onu bəstəkar sayırsınız?
- Onu aparıcı kimi də, bəstəkar kimi də qəbul edirəm. Muradın mahnılarının ilk dinləyicisi mən, həyat yoldaşı, anam oluruq. Etiraf edirəm ki, onun mahnılarından zövq alıram.

N.Qurbanova: Murad Arif birmənalı qəbul olunmur. Televiziyada çox vaxt kimlərisə tənqid edir. Mahnıları ətrafında müzakirələr getmişdi və hətta plagiatlıqda ittiham olunur...
- Murad müəyyən mövzularla bağlı öz mövqeyi olan insandır. Ondan soruşurlar, o da münasibətini bildirir. Qalmaqaldan uzaqdır. Mahnılara gəlincə, o söhbət müzakirə olundu, bitdi. Murad deyirdi ki, plagiatdırsa, faktları ortalığa çıxarın. Heç kim sübut edə bilmədi...

N.Muradova: Mahnılarımızı araşdıran biri kimi, Sizcə, bizdə çox mahnılar plagiatdır?
- İki Azərbaycan mahnısı deyəcəyəm, özünüz görəcəksiniz ki, bir-birinə necə oxşayır. Hər ikisi klassik Azərbaycan mahnı janrına aiddir. Biri Cahangirovun “Ay qız” mahnısıdır, ikincisi də “Saçlarına gül düzüm” mahnısıdır. İkisi də eyni not düzümü və melodiyadır. İndi duraq deyək ki, Rauf Hacıyev zəif bəstəkardır, Cahangirovdan götürüb, yaxud Cahangirov Hacıyevdən götürüb. 7 not var, ha o tərəf bu tərəfə çevir, nəticədə gəlib not düzümü digərinə bənzəyəcək də.

D.Əhməd: Bu qədər mahnı araşdırmısınız, ürəyinizdən keçib kimsə sizə mahnı bəstələsin?
- Bu, heç ağlıma gəlməyib. Amma maraqlı fikirdir. Murada deyərəm, bacılar haqda bir mahnı bəstələsin (gülür).

N.Muradova: Özünüz bəstələmirsiniz?
- Yox, mən ancaq ifa edirəm. Qonşular da etiraz edirlər ki, “bəsdirin, başımız getdi”. Onları başa düşürəm (gülür).

N.Muradova: Amma deyəsən, pianinonuzu satmışdınız.
- Hə, təzəsini aldım. Mən alətsiz qala bilmirəm, ifa edəndə mənə güclü enerji gəlir.

“Başqa telekanaldan gələn təklifə "yox" dedim"

N.Qurbanova: Başqa telekanallardan fərqli formatda dəvətlər gəlib?
- Olub elə bir şey. Heç formatına varmadım, dəqiqləşdirmədim nə verilişidir. Dedim, “yox” istəmirəm.

N.Qurbanova: Sizi İTV-də saxlayan nədir?
- Daxili komfort, harmoniya, sakitlik. Mənə elə gəlir ki, başqa telekanala getsəm, birdən burulğana düşərəm, çaşaram. Müvazinətimi itirməkdən qorxuram sanki.

D.Əhməd: 2 - 3 qat artıq maaşlı iş təklif etsələr də, razılaşmazsınız?
- Onda ola bilər (gülür).

N.Muradova: Yeniliklərdən çəkinirsiniz?
- Bəlkə də. Riski sevmirəm.

N.Muradova: Ən azından televiziyaya gəlmək risk idi...
- Mən televiziyaya deyil, radioya gəlmişdim.

“Üçümüzü də İTV-yə Aygün Səmədzadə gətirdi”

N.Qurbanova: Bəs televiziyaya gəlişiniz necə oldu?
- Mən Sumqayıtda Soltan Hacıbəyov adına musiqi texnikumunda müəllimə idim. Aygün Səmədzadə Muradla dostdur, demişdi ki, İTV açılır. Murad dedi ki, gəl gedək özünü radioda sına. Musiqiçisən, musiqili verilişlər hazırlayarsan. Gəldim, hələ kanal efirə çıxmamışdı, hər yanda təmir gedirdi. İsmayıl Ömərov bir gün iclasda məndən soruşdu ki, sən radioda işləmək istəyirsən? Dedim, bəli, söylədi ki, yox, sən televiziyada işləyəcəksən, get Aygün Səmədzadənin yanına, musiqi departamentində çalışarsan. Heç mənim fikrimi alan olmadı, televiziyaya göndərdilər, soruşdular, “Patefon” verilişi var, apararsan. Eləcə efirə getdim. Beləcə, televiziyaya təsadüfdən gəldim.

N.Muradova: “Patefon”un da ömrü çox az oldu...
- Çox az sürdü. Aygün xanım İTV-də az işlədi, o gedəndən sonra proyektlərin hamısı, demək olar ki, bağlandı.

A.Lətifov: Deməli, televiziyada zahiri görünüşə önəm verirlər, istedada, ixtisasa baxmırlar...
- Yaxşı yadıma saldınız, İsmayıl müəllim təhsilimi də soruşmuşdu. Soruşdu, haranı bitirmisən? Dedim musiqi üzrə təhsilim var, söylədi lap yaxşı, televiziyada işləyərsən.

N.Muradova: Leyla Əliyeva da həmin dönəmdə Milli Konservatoriyada oxuyurdu.
- Hə, o da, Hüsniyyə Məhərrəmova da tələbə idi.

N.Qurbanova: Çox qəribədir ki, İTV-nin əsas simalarının üçü də musiqiçidirlər və çox uğurlu kadrlar oldular...
- Hər üçümüzü Aygün Səmədzadə gətirmişdi. Sonrakı illərdə təcrübə yığdıq.

A.Lətifov: Aparıcılığa gələndə kimdən nümunə götürürdünüz?
- Mən aparıcılığa başlayanda məişətdə belə fikirlər var idi ki, köhnə diktorlar sayağı olmaq, onlar kimi danışmaq lazımdır. Biz də elə onları görmüşdük.

A.Lətifov: İTV-nin də tələbi bu idi?
- Təzyiqli tələb deyildi, sadəcə, istək belə idi ki, o xanımları xatırladan, aramla danışan, diksiyası yerində olan aparıcılar olsun. Bildiyiniz kimi, şou İTV-də İsmayıl müəllimin də vaxtında olmayıb, elə Cəmil müəllimin rəhbərliyi altında da belə verilişlər yayımlanmır. Nərgiz Cəlilova, Roza Tağıyeva, Ofeliya Sənaninin dəsti-xəttini götürmək heç də pis deyil. Onların elementar danışığı, səslərinin tembri, fikri səlis çatdırmaq qabiliyyətinə görə onlara bənzəməyə dəyər. Zaman dəyişir, yeni tendensiyalar yaranır, dünya aparıcılarını baxırıq, onlar daha sərbəstdirlər. Mətanət şpaqat açdı, hamı şoka düşdü. Niyə də olmasın? Bu adam şou aparıcısıdır.

N.Qurbanova: Siz o hərəkəti edərdiniz?
- Mən şpaqat açmağı bacarmıram axı (gülür).

N.Qurbanova: Oynamağı ki bacararsınız...
- Əlbəttə, müğənni oxuyub aparıcı kimi oynamışam.

A.Lətifov: Mətanət Əliverdiyeva radiodan gəldiyinə görə sanki televiziyada qəbul olunmadı.
- Mətanət son dövrlərin ən maraqlı və populyar qadın aparıcılarından biridir. Onun televiziya aparıcılıq karyerası 40 yaşından sonra başlasa da, çox uğurlu oldu. Onun aktrisalıq qabiliyyəti də var. Və bu qabiliyyəti məni çəkir. Ona görə çəkildiyi seriala da baxıram.

“Ara-sıra yoqa ilə məşğul oluram”

N.Qurbanova: Görünüşünüzə necə vaxt ayırırsınız? Dieta saxlayırsınız?
- Dietaya çox istəyirəm başlayım, amma alınmır. Arzularım var: velosiped sürmək, üzməyi öyrənmək istəyirəm. Ara-sıra yoqa ilə məşğul oluram, amma sistemləşdirə bilmirəm.

N.Qurbanova: Aparıcılığın şəxsi həyatınıza təsiri necədir?
- Şəxsi həyatımdan bir fraqment deyə bilərəm, bu yaxınlarda yolda qaydanı pozmuşdum, polis baxdı, tanımadı. Dedim, jurnalistlərə hörmət eləmirsiniz? Soruşdu ki, harada işləyirsiniz, dedim İTV-də. Qayıtdı ki, efirdə başqa formadasınız, həyatda başqa cür, yaxşı, gedin.

D.Əhməd: Yaşadığınız ərazidə deputatınız kimdir?
- Bilmirəm.

D.Əhməd: Siyasətlə maraqlanırsınız?
- Açıq etiraf edim ki, siyasətə yaxın deyiləm.

D.Əhməd: Deputatlardan, partiya sədrlərindən kimləri tanıyırsınız?
- Əlbəttə ki, çoxlarını tanıyıram, sadəcə, ola bilər kimisə üzdən tanıyıb, adını dəqiqliklə deyə bilməyim. Məsələn Siyavuş Novruzovu, Fazil Qəzənfəroğlunu, Bahar xanımı, Oqtay Əsədovu və başqalarını tanıyıram.

A.Lətifov: Sizcə, onları tanımamaq aparıcı üçün mənfi hal deyil?
- Ola bilər. Amma mənim apardığım verilişin formatı başqadır. Düşünürəm ki, hər bir kəs Azərbaycanın ictimai-siyasi məsələləri ilə maraqlanmalıdır.

A.Lətifov: Filmə çəkilmək üçün təklif almısınız?
- Bir neçə il əvvəl serial təklifi gəlmişdi, etiraz etdim getmədim. Bəlkə də, yaxşı və ciddi təklif gəlsə, çəkilərəm.

“Ailə quracağım şəxs maraqlı olmalıdır”

N.Qurbanova: Ailə qurmaq barədə düşünmürsünüz? Meyarlarınız nədən ibarətdir? Hər bir gözəl xanım beynində ideal kişi obrazı yaradır və heç vaxt da ona çata bilmir.
- İndi anamla yaşayıram. Düşünürəm ki, hər bir qadın ailə qurmalıdır. Kimisə ideallaşdırıb axtarmaq isə çox pis amildir. Mən ideal axtarışında deyiləm. Fikrimcə, mənim ailə quracağım şəxs maraqlı olmalıdır. İnsan maraqlıdırsa, onunla ünsiyyət 20 ildən sonra da maraqlı olacaq.

Nərgiz EHLAMQIZI

Nərmin MURADOVA

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər