İranda bir milyon ərəbin yaşadığı Huzistan vilayətində hökumət əleyhinə aksiyaların 7-ci günü toqquşmalarla yadda qalıb.
Teleqraf.com Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, etirazçılar İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qərargahına od vurub və binadan qaçan onlarla təhlükəsizlik işçisini linç ediblər. Bundan başqa, toqquşmalar vaxtı Həsən əl-Boqbiş adlı fəal SEPAH-çılar tərəfindən öldürülüb.
Məlumatlara görə, hadisədən sonra İran prezidenti Həsən Ruhani təcili toplantı çağırıb. İranın Ali dini lideri Ayətullah Əli Xamneyi isə hökumətin dərhal bölgədə nəzarəti bərpa etməsinin vacibliyini bildirib.
Olaylardan sonra bölgədə aksiyalara qadağa qoyulub. SEPAH təhlükəsizlik nöqtələrinə yaxınlaşan şəxslərin həbs olunacağını açıqlayıb.
Qeyd edək ki, Huzistan vilayəti strateji əhəmiyyətə və zəngin neft yataqlarına malikdir. Nüvə razılaşmasından sonra əncəbi investorların bu bölgəyə diqqəti artıb. Huzistan vilayəti İranın nüvə fəaliyyətinin mərkəzi olan Buşehrə yaxınlığı ilə də diqqət çəkir.
Ötən ay Əhvaz şəhərində iki neft boru kəməri partladılmışdı. Hücumun məsuliyyətini “Əhvazın azadlığı üçün Ərəb mübarizə hərəkatı” öz üzərinə götürmüşdü.
Toqquşmalar isə Ahvaz kəşfiyyat rəhbərinin İnqilab keşikçiləri tərəfindən öldürülməsindən sonra başlanıb.
Samir