14 Avqust 2017 19:13
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da millətçi və ultrasağçı qüvvələr Donald Trampın seçkiqabağı kampaniyası zamanı daha çox önə çıxmışdılar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Mehdiyev deyib. ABŞ-ın Virciniya ştatının Şarlottsvill şəhərində yüzlərlə millətçi və ultrasağçının keçirdiyi mitinqdə solçularla baş verən toqquşmalara münasibət bildirən E.Mehdiyev D.Trampın seçkiqabağı dövrdə verdiyi bəyanatların bu cür elementlərin daha çox önə çıxmasına səbəb olduğunu vurğulayıb: “Tramp ilk növbədə Amerika, ilk növbədə Amerika üçün, Amerikanın böyüklüyü kimi məsələləri qabartmışdı. Bu baxımdan ultrasağçı qüvvələr də o zamanlar bu şüarları çox səsləndirirdilər. Həmin qüvvələrdən biri hazırda ABŞ Prezidentinin siyasi və strateji məsələlər üzrə baş müşaviri, əsas strateq Stiven Bennondur”.

E.Mehdiyev qeyd edib ki, iştişaşlarda iştirak edənlər Trampın seçki kampaniyasında rol oynamış şəxslərdir: “İndi onlara qarşı olan qüvvələrin üz-üzə gəlməsi, bunun zorakılığa gətirib çıxarması halı olub. Bu da Amerikada və dünyada geniş müzakirə olunur. Bununla belə Amerika demokratik, azad ölkədir. Orda istər solçu, istərsə də ultrasağçı qüvvələrin ifadə azadlığı var. Yalnız bir şərtlə ki, zorakılıq olmasın. Amerikanın tarixinə baxsaq, bu cür halların hər zaman olduğunu görə bilərik. Onlar iqçilikdən başlamış demokratiyanın bərqərar olmasınadək uzun bir yol keçiblər. İndi də seçki kampaniyası zamanı irqçi şüarlar səsləndirən və qalib olan prezidentin zəfərindən ruhlanan qüvvələr özlərini hegemon kimi aparmaq istəyirlər. Bu, Amerikada hər zaman olub. İndi onların üzə çıxması daha qabarıq görünür”.

Politoloq bildirib ki, baş verən hadisələrin mahiyyətini daha dərindən anlamaq üçün ABŞ tarixini və bugünkü siyasi proseslərin incəliklərini bilmək gərəkdir: “ABŞ-da 1861-ci ildə vətəndaş müharibəsi başlayıb. Müharibənin gedişində ABŞ iki yerə – şimallılara və cənublulara bölünmüşdü. Avraam Linkoln 20 şimal ştatında, Cefferson Devis isə 13 cənub ştatında – Konfederativ Ştatlarda prezident idi. Dörd illik müharibə nəticəsində şimallılar cənublular üzərində qələbə çaldılar, vahid Amerika Birləşmiş Ştatları yaradıldı və quldarlıq ləğv olundu. İndi Virciniyada heykəlinin götürülməsi üstündə ultrasağçıların iştişaşlar saldığı Robert Li də Amerika Konfederativ Ştatlarının ordu generalı, bundan əvvəl isə Şimali Virciniya ordusunun komandanı olub. Robert Linin at üstündə təsvir edildiyi həmin heykəl 1924-cü ildə Şarlottsvill şəhərində ucaldılıb. Ötən ilin fevralın əvvəlində Şarlottsvill şəhər şurası rasizmin simvolu olan heykəlin parkdan götürülməsinə səs verib. Bu məsələdə təşəbbüsçü kimi şəhərin vitse-meri Ues Bellemi çıxış edib. Dərhal sonra etirazlar başlayıb və etirazçılar şəhər rəhbərliyinin qərarını qanunsuz adlandırıb, onları tarixi təhrif etməkdə ittiham ediblər. Yəni, ultrasağçıların heykəlinin götürülməsinə etiraz etdikləri şəxs elə onların özü kimi bir insan olub”.

E.Mehdiyev qeyd edib ki, ultrasağçılar Trampın seçki kampaniyası zamanı aktivlik göstərib və qələbəyə nail olublar: “Onlar hesab edirlər ki, dilləri uzundur, onlar ABŞ-ın ən seçkin, ali irqə mənsub insanlarıdır və daha böyük imtiyazlara malik olmalıdırlar. Yəni, onlar marginal qruplardır”.

Politoloq bu cür halların ABŞ üçün xarakterik olduğunu da vurğulayıb: “Əgər 1865-ci ildə ABŞ-da quldarlıq ləğv olunmuşdusa, üstündən 100 il keçəndən sonra zəncilər hələ də öz hüquqları uğrunda mübarizə aparıdılar. Zəncilərin hüquqları uğrunda görkəmli mübariz Martin Lüter Kinq 1968-ci ildə öldürüldü. 1980-ci illərdə xeyli fəallaşmış Ku-Kluks-Klançılar və ağ millətçilər faktiki nasistlərdir. Ancaq onların bu gün cəmiyyətdə güclü sosial bazaları, təsir gücləri yoxdur”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər