Türk mənşəli bir Norveç vətəndaşı NATO-nun Norveçdə keçirilən təlimi zamanı sosial şəbəkə hesablarını təqlid edən bir simulyasiyada “RTERDOĞAN” istifadəçi adı ilə saxta hesab açıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, açılan saxta hesabdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı NATO düşməni kimi göstərən paylaşımlar edilib.
Həmin paylaşımlarda saxta hesabın sahibi Türkiyə ilə NATO arasında ikincini zərərə uğradan anlaşmalar əldə edildiyini bəyan edib.
Qalmaqalı təlimlərdə iştirak edən türk əsgərlər aşkarlayıblar. Türk əsgərlər düşməncəsinə yazılmış mesaja cavab olaraq bildiriblər: “Bu, yalan xəbərdir! Türkiyə on illərdir NATO-nun etibarlı və sadiq tərəfdaşıdır. Belə bir anlaşma əldə edilməyib. “RTERDOĞAN” hesabı saxtadır. Lütfən, bu hesabı mümkün olan ən qısa vaxt ərzində bağlayın”.
Açılan saxta “RTERDOĞAN” hesabından paylaşılan sadəcə bu deyil. Bu hesabdan NATO-nu pisləyən başqa bir post da paylaşılıb.