Suriyanın şimalında PKK-nın nəzarətindəki Heseke bölgəsində ABŞ-ın “Sərhəd Qüvvəsi” kimi təlim keçdiyi YPG-nin silahlı təlim görüntüləri üzə çıxıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, yanvarın 20-də çəkilən video-çarxda təlimi bitirən 500 terrorçunun amerikalı əsgərlərin qarşısında bir sırada dayandığı görünür. Görüntülər “Amerikanın səsi” vebsaytının kürd dilində olan bölməsində yayımlanıb.
Türkiyənin ünvanına nifrət dolu sözlər ünvanlayan terrorçular ABŞ-ı mədh ediblər. Kameraya danışan YPG-li terrorçu İzzət Omar Amerikanın dəstəyindən məmnun olduqlarını dilə gətirərək amerikalı komandirin onlara təlim keçdiyini söyləyib. O, Amerikanın dəstəyinin davam etməsini istədiklərini bildirib. Başqa bir terrorçu isə Türkiyə tərəfindən hücum olarsa, sona qədər döyüşməyə davam edəcəklərini deyib. Terrorçuların düşərgəsində olan amerikalı zabitlər, eləcə də YPG-yə təlim keçən hərbçilər müxbirin suallarını cavablamaqdan imtina ediblər.
Xatırladaq ki, ABŞ dövlət katibi Reks Tillerson Birləşmiş Ştatların “Suriya Sərhəd Qüvvəsi”nin yaradılması barədə niyyətinin olmadığını vurğulamışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG-li terrorçulardan ibarət “Suriya Sərhəd Qüvvəsi”nin yaradılması barədə xəbərə “Terror ordusunu doğulmadan beşikdəcə boğmaq bizim vəzifəmizdir”, - deyə sərt reaksiya vermişdi.