Təbrizin “Traktor” futbol klubu İranın “Neft” komandasını qəbul edib.
Teleqraf.com xəbər verir ki, “Səhənd” stadionunda baş tutan oyun böyük fərqlə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.
Super liqa yarışlarının 16-cı həftəsində keçirilən oyunun birinci hissəsində heç bir komanda qol vurmayıb. İkinci hissənin 50-ci dəqiqəsində Əşkan Dejaqe, 56-cı dəqiqəsində isə Yukiya Soqita “Traktor”un heyətində fərqlənib.
66-cı dəqiqədə isə “Neft” komandasınun oyunçusunun vurduğu avtoqol matçın ümumi hesabını müəyyən edib. “Traktor” bununla rəqibini 3:0 hesabı ilə məğlub edərək, turnir cədvəlindəki yerini bir qədər də gücləndirib.
Görüşdə 40 minə yaxın “Traktor” tərəfdarı tamaşaçı qismində iştirak edib. Soydaşlarımız oyun boyu “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Azərbaycan qızları, göylərin ulduzları”, “Yaşa Azərbaycan” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, İranda qadınların futbol stadionlarında oyun izləməsi qadağan edilib.