ABŞ Prezidenti Donald Tramp baş prokuror Uilyam Barrın “Rusiya təhqiqatının” nəticələri haqqında mətbuat konfransından sonra “Taxt oyunları” serialı stilində kollaj dərc edib.
Teleqraf.com xəbər verir ki, Prezident rəsmi “Twitter” səhifəsində populyar serial üslubunda şəkil yerləşdirib: O, arxası tamaşaçılara tərəf duman buludları qarşısında dayanıb. Şəklin üstündə “Taxt oyunları” üçün xarakterik şriftlərlə yazılıb: “Oyun qurtardı”. Yuxarıda əlavə olunub: “Nifrətçilər və sol radikal demokratlar üçün. Heç bir sövdələşmə. Ədalət məhkəməsinə heç bir əngəlləmə”.
ABŞ-ın baş prokuroru Uilyam Barr bir qədər əvvəl mətbuat konfransında 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı Donald Tramp və ya hər hansı digər amerikalı ilə Rusiyanın hakimiyyət orqanları arasında sövdələşmə olmadığını təsdiqləyib. O, “Rusiyanın ABŞ-da seçki prosesinə müdaxilə cəhdlərinin təbiətini aşkara çıxardığı üçün” xüsusi prokuror Robert Müllerə təşəkkürünü bildirib.
“Xüsusi prokurorun təhqiqatının əsas məqsədi Tramp kampaniyasının və ya onunla əlaqəsi olan hər hansı digər şəxsin 2016-cı ildə keçirilən seçkilərə müdaxilə üçün Rusiya dövləti ilə əlbirliyini və ya öz fəaliyyətlərini koordinasiya etməsini araşdırmaq olub. Xüsusi prokuror Tramp kampaniyası üzvlərinin və Rusiyanın bu istiqamətdə cəhdlərinin aşkarlanmadığını bildirib”, - deyə ABŞ-ın baş prokuroru mətbuat konfransında vurğulayıb.
Müllerin məruzəsinin yaxın saatlarda dərc olunacağı gözlənilir.