2 Dekabr 2019 11:51
3 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının rəhbər şəxsləri ilə restoranda çəkilən fotoları sosial mediada müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, İmamoğlunun Ümraniyədəki lüks restoranda şam yeməyində masanın üzərində spirtli içkilərin olması diqqət çəkib.

Sosial platformalarda İmamoğlunun şam etdiyi masada qarşısında şərab qədəhi olması tənqid olunub. Görüntülərdə bələdiyyə sədrinin yanında əyləşən CHP-nin İstanbul təşkilat rəhbəri Canan Kaftancıoğlunun isə rakı içdiyi bəlli olub.

Masada İzmir bələdiyyəsinin sədri də əyləşib.

Tvitter istifadəçiləri “Sizə inandıq, səs verdik, verən əllərimiz qırılsın. Sözlərinizlə, əməlləriniz üst-üstə düşmür”, “Əkrəm İmamoğlu, şərab neçə illikdir? Seçkilərə qədər məscidi, mədrəsəni gəz, seçkidən sonra qırmızı şərabla qaz ye. Seçkiyə yaxın yenə məscidə qaçarsan”, “İmamoğlu seçimdən qabaq Quran oxuyub, yoxsul vətəndaşları ziyarət etdikdən sonra lüks məkanlarda qaz və şərabla görüntülənirsə, burada səmiyyətsizlik var, yaraşmadı...” tipli şərhlər yazıblar.

Tədbirin təşkilatçılarından olan jurnalist Dəniz Zeyrək isə qazın Qarsdan kənddən gətirildiyini, İmamoğlu ilə Kaftancıoğlunun sadəcə su içdiyini bildirib: “Bir qrup qarslı-ərdahanlılar şam yeməyi təşkil etdik. Hər il qaz mövsümünün açılışında edirik. Ötən illərdə cənab Binalı Yıldırım və Əhməd Arslanın da iştirakı ilə Ankarada belə tədbir keçirmişdik”.


Müəllif: Nərgiz