Demokratlar Partiyasından namizədliyini irəli sürən ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Prezident Donald Trampın COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətdən yararlanaraq noyabr seçkisini təxirə sala biləcəyindən narahatlığını ifadə edib.
Teleqraf.com xəbər verir ki, Bayden pandemiyanın Trampa öz siyasi planlarını həyata keçirmək üçün bəhanə ola biləcəyini istisna etməyib.
“Bu sözlərimi yadda saxlayın. Düşünürəm ki, o, (Tramp) seçkini birtəhər təxirə salacaq və seçkinin keçirilməyəcəyini elan edəcək. Düşünür ki, bu ona qalib gəlməyə kömək edəcək yeganə yoldur”, - sabiq vitse-prezident vurğulayıb.
ABŞ qanunvericiliyinə görə, prezident təkbaşına seçkilərin təxirə salınması ilə bağlı qərar verə bilməz, bunun üçün qanunla ABŞ Konqresinin bu qərarın təsdiqinə ehtiyacı var. Eyni zamanda, Amerika liderinin özü aprelin 4-də Ağ Evdə keçirdiyi brifinqdə qeyd etdi ki, seçkilər pandemiyaya baxmayaraq, planlaşdırıldığı kimi, noyabrın 3-də keçiriləcək.