30 Aprel 2020 15:03
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kreml hələ də, Ermənistandakı hakimiyyət dəyişikliyini həzm edə bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Xristian-Demokrat Partiyasının lideri Levon Şirinyan deyib.

Şirinyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın işğal edilmiş bölgələrinin azad edilməsi ilə bağlı son çağırışı və əvvəllər Ermənistan hakimiyyəti əleyhinə səsləndirdiyi fikirlərə münasibəti belə olub:

“Ermənistandakı hakimiyyət dəyişikliyini həzm edə bilmirlər. Çünki həmişə Rusiyada deyirlər ki, baxın, onlar üçün nə etmişik. Amma fakt budur ki, Ermənistan xalqı dəyişikliyə getdi və ruslar bunu qəbul etmirlər. Seçimlərimizlə barışmalı və bizimlə ortaq olmalı, vassal münasibətləri qurmamalıdırlar. Vassallıq Serj Sərkisyanın öz gücünü itirməsi ilə öldü. Rusiya artıq Ermənistanın onun vassalı olmadığı faktı ilə barışmalıdır. Ermənistan son 300 ildə ilk dəfə bərabər münasibətlər üçün ərizə təqdim etdi və bu onlar üçün qeyri-adi haldır”.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov son açıqlamasında Ermənistandan işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasının vacibliyindən danışıb. Rus nazirin bu açıqlaması Ermənistanda rəsmi səviyyədə narazılıqla qarşılanıb.

Bundan əvvəl isə Sergey Lavrov Nikol Paşinyan hökumətindən həbsdə olan sabiq prezident Robert Köçəryanı azad etməyə çağırmışdı. Rəsmi İrəvan onun bu tələbini Ermənistanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirərək, qəbul etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər