Ukraynakı deputat Andrey Derkaç sabiq prezident Petro Poroşenko ilə Rusiya lideri Vladimir Putin arasında baş verdiyini iddia etdiyi telefon danışığının səs yazısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, telefon danışığı 2015-ci il 30 aprel tarixinə aiddir.
“Bu qeydləri bizə bütün məlumatlara sahib olan araşdırmaçı jurnalistlər təhvil verdilər və bu sənədləri bu gün hüquq-mühafizə orqanlarına təqdim etdik”, - Derkaç bildirib.
Səs yazısında Poroşenko olduğu bildirilən şəxs Putinin səsinə bənzəyən həmsöhbətinə Minskdə Donbas təmas qrupunun iclaslarının hazırlanmasına daha konstruktiv bir yanaşma təklif edir:
“İnanıram ki, Minsk və mən əliboş qalmamalıyıq. Konkret nəticəyə səbəb olan konkret mövqelər olsaydı, bu, arzuolunan olardı”.
Poroşenko Rusiya ilə iqtisadi əməkdaşlıq barədə düşünməyə hazır olduğunu sözlərinə əlavə edir və bildirir ki, oradakı vəziyyət həqiqətən pisdir. Həmçinin Donbasda sülhməramlı qüvvələrin yerləşdirilməsi layihəsinin Qərb tərəfdaşları arasında böyük coşqu yaratmadığını söyləyir.
O, söhbət əsnasında Putini qarşıdan gələn bayram münasibətilə (9 May) təbrik edir.
Putin öz növbəsində Poroşenkodan işlərinin necə getdiyini soruşur.
Zarafatlarından geri qalmayan həmsöhbətlər sonda xoş və isti sözlərlə vidalaşırlar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Derkaçın yayımladığı səs yazısı ilə tanış deyil: “Nədən bəhs etdiyinizi bilmirəm. Əslində bu söhbətlər bağlı qapılar arxasında danışılır, buna görə də orada nə yazdıqlarını bilmirəm”.
Poroşenko bu qeydlərin uydurma olduğunu bildirib.