Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.
Bu barədə məlumatı “Belta” yayıb.
Hazırda Müstəqillik Sarayında Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilir.
Mərasimə bir neçə yüz insan dəvət olunub. Onların arasında yüksək vəzifəli məmurlar, parlament üzvləri, dövlət orqanlarının təmsilçiləri, ictimai təşkilatların, KİV-lərin rəhbərləri, idman, mədəniyyət və elm adamları var.
Belarus Respublikası Konstitusiyasına müvafiq olaraq, prezident aşağıdakı məzmunda and içdikdən sonra vəzifəsinin icrasına başlayır: “Belarus Respublikası prezidentinin vəzifəsini qəbul edərək, Belarus Respublikası xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağıma və hörmət edəcəyimə, Belarus Respublikası Konstitusiyasına riayət və onu müdafiə edəcəyimə və mənə həvalə olunan yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə and içirəm”.
Xatırladaq ki, A.Lukaşenko 1994-cü ildən hakimiyyətdədi. Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub.
Prezident seçkisinin nəticələrinə etiraz olaraq ölkənin bir sıra bölgələrində kütləvi aksiyalar keçirilib. Aksiyalar hələ də davam edir. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.
A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına müraciət edərək xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub./Report/