24 Oktyabr 2020 22:17
10 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-Türkiyə-Rusiya triosu Azərbaycandan ötrü çox mühüm qərar üçün ilk dəfə deyil ki, bir araya gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.

O, Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı geosiyasi vəziyyətə diqqət çəkib:

“Sentyabrın 27-dən başlanan əks-hücum və sülhə məcburetmə əməliyyatı nəticəsində baza prinsipləri kimi vasitəçilər formatı da artıq arxivə qovuşur. Son diplomatik gedişlərin trayektoriyası bunun əyani göstəricisidir: ABŞ-Rusiya-ABŞ.

Həm sentyabrın 27-dək, həm də bundan sonra belə bir görüntü yaranırdı ki, ABŞ üçün Dağlıq Qarabağ münaqişəsi önəm kəsb etmir. Lakin sülhə məcburetmə əməliyyatları nəticəsində yaranmış yeni reallıqlar ABŞ-ın müdaxiləsini vacib etdi. Görünən budur ki, ABŞ Qafqazda Rusiyanı başlı-başına buraxmaq niyyətində deyil. Sözsüz ki, Rusiya öz maraqlarını təmin etmək üçün bacardığını edəcək və edir. Bu isə ABŞ-ı biganə qoya bilməzdi.

Sözsüz ki, bu diplomatik kombinasiyanın qurulmasında və gələcəkdə qəbul ediləcək qərarda Türkiyənin mövqeyi və rəyi nəzərə alınacaq. Türkiyə NATO üzvü kimi ABŞ-ın müttəfiqidir. Eyni zamanda, Rusiya ilə son illər bir çox sahələrdə iqtisadi maraqları üst-üstə düşür. Bundan başqa Türkiyə və Rusiya Suriyada situasiyanı nəzarətdə saxlamaq üçün müəyyən anlaşmalara imza atıblar”.

Asəf Quliyev qeyd edib ki, Qarabağ cəbhəsində yaranmış durum vasitəçilik üçün yeni beynəlxalq format ortaya çıxardı: ABŞ-Türkiyə-Rusiya. Bu vasitəçilik formatının Azərbaycana nə verəcəyi hələ tam aydın deyil: "Amma Türkiyənin bu formatda olmasını artıq diplomatik uğurun yarısı hesab etmək olar. Bütün bunlara son günlər Ermənistan baş nazirinin Rusiya sülhməramlılarına qucaq açdığını, Dağlıq Qarabağın erməni icmasının lideri Araik Arutyunyanın Rusiya prezidentinə müraciətini də əlavə etsək, bir çox suallara cavab tapmış olarıq.

Onu da qeyd edim ki, ABŞ-Türkiyə-Rusiya triosu Azərbaycandan ötrü çox mühüm qərar üçün ilk dəfə deyil ki, bir araya gəlir.

Cəbhədəki durumun detallarını açmaq düz olmazdı. Amma bir kəlmə deyim ki, diplomatik duruma uyğundur. Üstünlüyümüz var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər