“Fransada Prezident Emmanuel Makronun İslamı və müsəlmanları hədəf alan siyasəti ölkədəki ifrat sağçı siyasətçilərə güc və cəsarət verib. Makronun İslam dininə qarşı hücumlarına paralel olaraq ifrat sağçı siyasi baxışı ilə tanınan fransız siyasətçi Qullam Peltyerin “radikallaşmış” olduğu iddia edilən müsəlmanların “inzibati həbs düşərgələri”nə toplanmasını təklif edən bir qanun layihəsini Fransa Milli Məclisinə təqdim etdiyi ortaya çıxıb”.
Teleqraf.com “Yeni Şafaka”a istinadən xəbər verir ki, qalmaqallı qanun layihəsi Fransa Milli Məclisinin saytında da yayımlanıb.
Qanun layihəsinin müəllifi Peltyer, irqçi Milli Cəbhə Partiyasının keçmiş üzvüdür, hazırda keçmiş Fransa Prezidenti Nikola Sarkozi tərəfindən qurulan Respublika Partiyasının vitse-prezidentidir. Makronun Sarkozi ilə də tez-tez görüşdüyü məlumdur. İrqçi Peltyer yaxın günlərdə Makrona müsəlmanlara daha sərt təpki verməyə çağırıb.
Nasist dövrünü xatırladan faşist qanun layihəsində, “radikallaşdığı” iddia edilən və təhlükəsizlik orqanları tərəfindən təqib edilən şəxslərin “inzibati həbs düşərgələri”ndə saxlanılması nəzərdə tutulur. Qalmaqallı qanun layihəsində Fransa kəşfiyyatının məhdud mənbələri ilə siyahıda olan şəxsləri gündəlik olaraq izləməsinin qeyri-mümkün olduğu bildirilib. İnsan haqları müdafiəçiləri sözügedən qanun layihəsinə kəskin reaksiya veriblər və bunun Fransanın imicinə zərər vuracağını deyiblər.
Noyabr ayında Parlamentə təqdim olunan qalmaqallı qanun layihəsinin statusu ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, Makron hökumətinin İslam və müsəlmanlara qarşı sərtləşmə siyasəti ilə bağlı narahatlıqların qlobal miqyasda artdığı bir dövrdə təqdim edilməsi diqqət çəkib. Fransa Prezidenti Makron son aylarda “Fransız İslamı” təklifi ilə ölkəsindəki müsəlman qurumlarını və strukturlarını hədəf alan bir strategiya tətbiq edir.
Makron oktyabr ayında “Çarli Hebdo” jurnalının “söz azadlığı” adı altında Məhəmməd Peyğəmbəri hədəf alan təxribatçı karikaturalarını müdafiə edib və bunların dövlət strukturlarının binalarından asılmasına etiraz etməyib. Makron ölkədəki İslam qurumlarının “respublika dəyərlərinə” təhdid etdiyinin bildirildiyini bir sənədə də imza atıb.
Makron hökumətində ifrat sağçıların nümayəndəsi kimi ad çıxaran daxili işlər naziri Cerald Darmanin də əksər vaxt İslam əleyhinə fikirləri ilə tanınır. Darmanin keçən həftə ölkədəki 76 məscidə qarşı əməliyyatların aparılacağını və bəzilərinin bağlanacağını açıqlayıb. Darmanin supermarketlərdə “halal qida” şöbələrini də hədəf alıb və qadağan edilməli olduğunu bildirib.