ABŞ Prezidento Co Bayden sabiq dövlət başçısı Donald Trampın son günlərdə “xarici terror təşkilatları” sırasına daxil etdiyi Husiləri siyahıdan çıxarmağa hazırlaşdığı bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika mətbuatında məlumat yayılıb.
Dövlət Departamentinin adı açıqlanmayan yüksək vəzifəli rəsmisi Bayden administrasiyasının sözügedən qərar barədə Konqresi məlumatlandırdığını deyib. Onun iddiasına görə, Ağ Ev qısa müddətdə Yəməndəki qiyamçı husiləri rəsmi olaraq “xarici terror təşkilatları” siyahısından çıxaracaq.
Yeni rəhbərliyin Husilərə baxışında dəyişiklik olmadığını vurğulayan mənbə bu addımın Yəməndəki humanitar böhranın daha da pisləşməməsi üçün atılacağını söyləyib.
Qeyd edək ki, keçmiş Tramp administrasiyası yanvarın 20-də Ağ Evi yeni prezidentə təhvil verməzdən bir müddət əvvəl İran tərəfindən dəstəklənən və hakimiyyəti devirməyə çalışan Husiləri terror təşkilatları siyahısına əlavə etmişdi.